Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan və dağılmaqdan xilas edərək müasir Azərbaycan dövlətini yaratdıqdan sonra müstəqil Azərbaycanın hüquqi suverenliyinin təmin olunması, düzgün müstəqil xarici siyasət strategiyasının seçilməsi Heydər Əliyev siyasətinin başlıca məqsədlərindən biri idi. Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində beynəlxalq mühitə uğurla inteqrasiya olunmuş, nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş və hər zaman üzv olduğu bütün beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığa böyük önəm vermişdir. Cənab İlham Əliyevin hakimiyyəti dövründə də ölkəmiz bərabərhüquqlu əməkdaşlıq edən, ərazi bütövlüyümüzü və suverenliyimizi tanıyan bütün təşkilatlarla qarşılıqlı münasibətlərimizi inkişaf etdirmişdir.
2001-ci ildə üzv olduğumuz beynəlxalq təşkilatlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır. Üzv olduğumuz andan etibarən Azərbaycan təşkilatın ən etibarlı tərəfdaşı olmuş, daim faydalı əməkdaşlıq mühitinin formalaşmasına çalışmış və qaldırılan bütün məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləmişdir. Lakin təəssüf ki, ölkəmiz tərəfindən hər zaman rəhbər tutulan ədalətli mövqe bizim özümüzə qarşı heç vaxt tətbiq edilməmişdir. Uzun illər ərzində Təşkilat Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməmiş, yalnız kağız üzərində qalan bəyanatlar və qərarlar verməklə kifayətlənmişdir. İşğalçı dövlət olan Ermənistanın səs hüququ əlindən alınmamış, ona qarşı heç bir sanksiya tətbiq edilməmişdir.
Özünü daim insan hüquqlarının fəal müdafiəçisi kimi göstərən Təşkilat 30 il müddətində erməni işğalçıları tərəfindən torpaqlarından didərgin salınan, qətlə yetirilən, əmlakı talan edilən və məcburi köçkün həyatı yaşamağa məhkum edilən azərbaycanlıların hüquqlarının müdafiəsi üçün heç bir əməli tədbir görməmişdir.
Avropa Şurası Parlament Assambleyasının, onun Faransa, Almaniya kimi əsas üzv dövlətlərinin ikiüzlü siyasəti və ikili standartları özünü Azərbaycanın Vətən Müharibəsində qələbə çalaraq ərazi bütövlüyünü geri qazanması və xüsusən, Qarabağda aparılan anti-terror əməliyyatları nəticəsində suverenliyini tam bərpa etməsindən sonra daha qabarıq və aydın formada göstərməyə başlamışdır.
AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etmiş, həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etmiş və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdir. Maraqlıdır, 1 milyondan çox azərbaycanlı məcburi köçkünün hüquqlarını müdafiə etmək üçün 30 il müddətində heç bir tədbir görməyən Təşkilatı Qarabağın erməni əhalisinin, həm də sayları azərbaycanlı məcburi köçkünlərlə müqayisə edilə bilməyəcək qədər az olan və heç bir məcburiyyətə, talana, şiddətə məruz qalmadan öz şəxsi seçimləri ilə Azərbaycanda qalmaq və ya tərk etmək qərarını müstəqil şəkildə verə bilmək imkanına malik olan erməni əhalisinin “humanitar vəziyyəti” niyə belə narahat edir? Əslində Avropa Şurası Parlament Assambleyasının son dövrlərdəki ölkəmizə qarşı qərəzli davranışlarından sonra cavab, daha doğrusu cavablar hər kəsə yaxşı bəllidir: islamofob və türkəfob təfəkkür, ikili standartlar siyasəti, Avropanı narahat edən Qələbəmiz və əslində elə Almaniya və Fransa kimi ölkələrin əlində oyuncağa çevrilmiş Təşkilatın özünün artıq heç bir hüquqi və beynəlxalq çəkisinin qalmaması. Heç bir şübhə yoxdur ki, AŞPA-nın bu qərəzli davranışı Fransanın ölkəmizə qarşı qaralama kampaniyasının davamıdır və Qərbdəki antiazərbaycan qüvvələr artıq bu Təşkilatdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlamışlar. Hələ 2023-cü il aprel ayında Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərbdəki antiazərbaycan qüvvələr, o cümlədən AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb etmişdir. Bu o deməkdir ki, Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat daşınmasının qarşısının alınması onları ciddi narahat edirdi. Lakin Azərbaycanın haqlı mövqeyinə və güclü iradəsinə təsir edə bilməyəcəklərini anlayan AŞPA rəhbərliyinin bu dəfə də başqa vasitələrə əl atması, AŞPA-nın qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələrini təsdiq etməməsi artıq bizi təəccübləndirmir. Eləcə də Qarabağın erməni əhalisinin guya zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasının Azərbaycanın Təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirilməsi ilə bağlı çıxışlar da artıq bizi təəccübləndirmir, çünki bütün bunlar ölkəmizə qarşı qabaqcadan planlaşdırılmış qərəzli mövqenin tərkib hissəsləri kimi bir-bir qarşımıza çıxır. Əslində 30 il müddətində işğala məruz qalmış ölkə kimi pozulmuş hüquqlarının bərpası üçün Azərbaycanla heç bir səmərəli əməkdaşlıq qura bilməyən bir Təşkilatın indi bizi əməkdaşlıqdan yayınmaqla ittiham etməyə heç bir haqqı və hüququ yoxdur.
Hesab edirəm ki, Azərbaycanın müstəqil siyasət yeritməsini, ərazi bütövlüyümüzün, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilməyən bir Təşkilatla əməkdaşlığın dayandırılması hazırda ölkəmiz tərəfindən verilmiş ən doğru qərardır. Belə bir Təşkilat ki, qərarlarının əslində insan hüquqları ilə heç bir əlaqəsi qalmamışdır. Ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla özü bərpa edən ölkəmizin artıq AŞPA, ATƏT-in Minsk Qrupu kimi səmərəsiz cəhdlər edən qurumlara ümumiyyətlə, ehtiyacı yoxdur. Müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürən və yeni sülh prosesinin başlanmasının müəllifi olan tərəf Azərbaycandır. Odur ki, heç kimin şübhəsi olmasın ki, ərazi bütövlüyünü, suverenliyini bərpa edən, heç bir beynəlxalq təşkilatın həll edə bilmədiyi 30 il davam edən hərbi münaqişəyə son qoyan ölkəmiz regionda davamlı və uzunmüddətli sülhün əldə olunmasına da qadirdir və tezliklə buna nail olacaqdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov