Azadlıqdan böyük quruculuğa: tarixi yaddaşın bərpası, firavan gələcəyin inşası

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Zəngilanın bugünkü mənzərəsi Azərbaycanın tarixi Qələbəsini quruculuq və tərəqqi ilə tamamladığının bariz nümunəsidir. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən, infrastrukturu dağıdılan bu torpaq indi müasir yaşayış məntəqələri, yenilənən nəqliyyat şəbəkəsi və iqtisadi layihələrlə yenidən canlanır. 20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın yaddaşında azadlığın, doğma yurda bağlılığın və gələcəyə inamın rəmzi kimi xüsusi yer tutur.

1993-cü ildə Ermənistanın işğalı nəticəsində Zəngilan sakinləri doğma yurdlarından didərgin düşdülər. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra 67 gün mühasirədə qalan rayon əhalisi bütün çətinliklərə baxmayaraq, sonadək müqavimət göstərdi. İllərlə davam edən yurd həsrəti zəngilanlıların doğma torpaqlara qayıtmaq arzusunu zəiflədə bilmədi. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbələr bu arzunun gerçəkləşməsinə yol açdı. Oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi ölkəmizin hərb tarixində mühüm səhifəyə çevrildi. Eyni zamanda, rayonun azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət bərpa edildi.

Zəngilanın azadlığı uğrunda qazanılan Qələbə yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bu tarixi uğurun davamı azad edilmiş torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması və gələcək nəsillər üçün firavan yaşayış mühitinin yaradılmasıdır. Bu gün rayonda həyata keçirilən genişmiqyaslı layihələr məhz həmin məqsədə xidmət edir.

Zəngilanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri Böyük Qayıdış Proqramının icrasıdır. Şəhərdə yeni yaşayış komplekslərinin salınması, Ağalı və Məmmədbəyli kəndlərində məskunlaşmanın davam etməsi rayonun əvvəlki həyat ritminə qayıtdığının göstəricisidir. Burada əsas məqsəd sakinləri doğma torpaqlarına qaytarmaqla yanaşı, onların rahat yaşayışı, məşğulluğu və sosial rifahı üçün zəruri şərait yaratmaqdır. Yeni evlərin, sosial obyektlərin və xidmət müəssisələrinin istifadəyə verilməsi qayıdış prosesinin davamlılığını təmin edən əsas amillərdəndir.

Zəngilanın dirçəlişində müasir şəhərsalma prinsipləri və innovativ texnologiyalar xüsusi yer tutur. Ağalı ağıllı kənd layihəsi azad edilmiş ərazilərdə yeni yaşayış modelinin yaradılmasının nümunəsidir. Alternativ enerji imkanlarından istifadə, rəqəmsal kommunikasiya sistemlərinin tətbiqi və müasir sosial xidmətlərin təşkili burada həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib. Resurslardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması isə gələcək nəsillər üçün dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Rayonun iqtisadi gələcəyinin təmin edilməsində nəqliyyat və logistika infrastrukturunun böyük rolu var. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolu ölkədaxili və regional əlaqələrin genişləndirilməsi, yükdaşımaların artırılması və sahibkarlığın inkişafı üçün əlverişli imkanlar yaradır. Zəngilanın strateji coğrafi mövqeyi onun regional nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi üçün mühüm zəmin formalaşdırır. Bu imkanlardan səmərəli istifadə ticarətin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və rayonun iqtisadi fəallığının artmasına təkan verəcəkdir.

Kənd təsərrüfatı da Zəngilanın iqtisadi potensialının reallaşdırılmasında mühüm istiqamətlərdəndir. “Dost Aqropark” layihəsi müasir aqrar istehsalın təşviqi, yerli resurslardan səmərəli istifadə və məşğulluğun genişləndirilməsi baxımından diqqətəlayiq təşəbbüsdür. Eyni zamanda, rayonun zəngin təbiəti və mənzərəli əraziləri turizmin inkişafı üçün əlverişli imkanlar yaradır. Ekoturizm və istirahət xidmətlərinin genişləndirilməsi yerli iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin gəlir imkanlarının artmasına və yeni sahibkarlıq təşəbbüslərinin yaranmasına şərait yaradacaqdır.

Quruculuq prosesində Zəngilanın tarixi-mədəni irsinin qorunması da diqqət mərkəzindədir. Şəhər məscidinin bərpası milli-mənəvi dəyərlərə ehtiramın və tarixi yaddaşın yaşadılmasının ifadəsidir. Müasir yaşayış məkanlarının yaradılması ilə tarixi abidələrin qorunmasının uzlaşdırılması şəhərin özünəməxsus simasının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Zəngilanda həyata keçirilən quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərin bərpasına yönəlmiş dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. İnfrastrukturun yenilənməsi, iqtisadi imkanların genişləndirilməsi və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi rayonun gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu proses həm də sosial həyatın canlanmasını, iqtisadi fəallığın artmasını və yeni inkişaf perspektivlərinin yaranmasını əhatə edir.

20 Oktyabr – Zəngilan şəhəri günü tarixi qələbəmizi xatırlamaqla yanaşı, azad edilmiş torpaqlarda görülən işləri və qarşıda duran hədəfləri dəyərləndirmək üçün də əlamətdar tarixdir. Doğma evinə qayıdan hər bir ailə, istifadəyə verilən hər bir obyekt və yaradılan hər bir iş yeri Zəfərin real nəticələrini möhkəmləndirir.

Abad Zəngilan Azərbaycanın milli iradəsinin, quruculuq əzminin və gələcəyə inamının təcəssümüdür. Rayonun nəqliyyat, kənd təsərrüfatı və turizm imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və əhalinin rifahının yüksəldilməsi onun davamlı inkişafını təmin edəcək. Bu gün Zəngilanda qurulan yeni həyat tarixi Zəfərin davamı olmaqla yanaşı, dövlətimizin sülhə, tərəqqiyə və firavan gələcəyə yönəlmiş siyasətini nümayiş etdirir.