Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı perspektivləri

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici də daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.

Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirilə bilər. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər. Artıq sıralarında Avropa dövlətlərinin də olduğu bir sıra ölkələrin şirkətlərinin bu prosesə qoşulduqları məlumdur.

Azərbaycan, Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.

Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqlarını azad edib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.

Azərbaycanın yaxın tərəfdaşı olan Avropa İttifaqı ilə münasibətlərdən danışarkən ilk əvvəl iqtisadi sahədəki əlaqələrə nəzər yetirmək lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı da iqtisadi sahədə əməkdaşlığa dair məsələlər əsas müzakirə mövzusu idi. Enerji təhlükəsizliyi, nəqliyyat, ticarət kimi məsələlər hazırda ikitərəfli gündəlikdə duran əsas iqtisadi mövzulardır.
Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi təxminən 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, İttifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir.

Azərbaycanın regiondakı tranzit mövqeyi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəmizi Aİ üçün cəlbedici edən faktorlardır. Belə ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. İndiyə qədər Azərbaycan həm Aİ tərəfindən, həm də qurumun digər təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində müxtəlif sahələr, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı, regional inkişaf, iqtisadi, siyasi və institusional islahatlar üzrə çoxsaylı layihələr həyata keçirilib və proses davam edir. Eyni zamanda, yuxarıda qeyd ediliyi kimi, Azərbaycan-Avropa İttifaqı arasında ticarət əlaqələri daim inkişaf edir və Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Əminə Ağazadə
Milli Məclisin deputatı