Ölkəmiz beynəlxalq arenada yürütdüyü xarici siyasət kursunda tərəfsizlik, dünyada sülhün və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın bərqərar olmasını hər zaman əsas tutub. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi diqqət çəkir. Ölkəmizin mövcud müstəvidə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər QH-nin beynəlxalq nüfuzunun yüksəlməsi reallığını doğurdu. Təşkilatın üzvlərinin 2019-cu ildə Azərbaycanın sədrliyinin üç il uzadılması ilə bağlı qərarı da bundan qaynaqladı.
Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində QH dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisata çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu oynadı. Bu missiya dünya ictimaiyyətinin bəşəri təhdidlə mübarizədə səfərbərliyini təmin etdi.
Azərbaycan digər təsisatlarla dialoqun qurulması və inkişafı, ümumən əməkdaşlıq coğrafiyasının genişləndirilməsinə yönələn sistemli və ardıcıl fəaliyyətə üstünlük verdi. 2021-ci ildə Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirildi. Prezident İlham Əliyev həmin tədbirdəki çıxışında Hərəkata üzv dövlətlərin təşkilatlanma ideyasını irəli sürməklə diqqət çəkdi. Qurumun parlament və gənclər şəbəkələrinin yaradılması işlərinə başlanıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında daimi katibliyi Bakıda yerləşməklə, Hərəkatın Gənclər Təşkilatı təsis olundu.
Bugünlərdə Bakı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etməklə yenidən dünyanın diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizədir. Hərəkat dekolonizasiya mühitinin məhsulu kimi meydana çıxmış qurumdur. Deməli, qurumun yeni müstəmləkəçilik meyillərinə qarşı barışmaz mövqe tutması şərtdir. Dövlətimizin başçısı da məhz buna görə Fransanı Afrikada, Cənub-Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün müstəsna siyasi dividendləri var. Birincisi, ölkəmiz Hərəkatın timsalında özünün haqq səsini dünyaya bəyan edən, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalanmağı bacardı. İkincisi, QH ölkələrinin Azərbaycanın ədalətli mövqeyinə xüsusi dəstəyi 2020-ci ilin Vətən müharibəsi dövründə özünü göstərdi. Belə ki, savaş günlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısını yeddi QH ölkəsi böyük inamla aldı. Buna bənzər hadisə 2022-ci ildə də yaşandı. Yəni, QH ölkələrinin nümayiş etdirdikləri prinsipiallıq nəticəsində, beynəlxalq hüququn normaları fərqli interpretasiyaya və yozumlara məruz qalmadı, nəticədə Azərbaycanın ədalətli mövqeyi dəstək qazandı. Üçüncüsu torpaqlarımızn işğaldan azad olunmasından sonra ölkəmizin yeni çağırışlarla – dağıntılarla, mina partlayışları ilə, ərazilərin bərpası məsələləri ilə, itkin düşmüş şəxslər problemlərilə üzləşdiyi zaman da Azərbaycan QH-yə üzv dövlətlərin timsalında etibarlı tərəfdaşlar tapdı. Prezident İlham Əliyev Hərəkata üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etdi. Dövlət başçımızın bu təşəbbüsü də geniş dəstək qazandı.