Qlobal istiləşmənin yaratdığı fəsadlar ildən-ilə özünü daha çox büruzə verir. Heç bir ölkə, coğrafi məkan, toplum genişlənməkdə olan bu bəlanın mənfi təsirlərindən sığortalanmayıb. Dünyanın fəlakətli iqlim dəyişikliyi ilə üz-üzə qaldığı bir vaxtda Dubayda BMT-nin İqlim Konfransının (COP28) sammitinin keçirilməsi bir sıra problemin həllinə aydınlıq gətirməyə imkan verdi. 197 ölkədən 70 min nümayəndə COP28 iqlim sammiti üçün Dubayda bir araya gəldi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə buraxılmasının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolunun aktuallığı getdikcə artır. İqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişinə bu günədək 195 ölkə qoşulub. “Maraqlıdır ki, başda ABŞ olmaqla, bir sıra inkişaf etmiş ölkələr ya sazişə qoşulmurlar, ya da öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Heç kəsə sirr deyil ki, dünya üzrə ekologiyaya ən böyük zərəri inkişaf etmiş ölkələr vurur. Saysız-hesabsız sənaye müəssisələrinə, xüsusilə də, kimya, hərbi istehsal sənayelərinə malik ölkələr durmadan istehsal gücünü artırır, dünyada yeni münaqişələrə, müharibələrə dəstək verirlər. Daha az inkişaf etmiş ölkələr haqlı olaraq bəyan edirlər ki, istixana qaz emissiyalarına görə zəngin ölkələr məsuliyyət daşıyır və ona görə də, onlar qalıq yanacaqlarından istifadəni azaltmaları üçün daha yoxsul ölkələrə yardım etməlidir. Haqlı tələbdir. Əgər sən zəif inkişaf etmiş ölkələrin ekologiya və ətraf mühiti çirkləndirməsini istəmirsənsə, təbii sərvətlərdən, müxtəlif yollarla əldə etdiyin gəlirlərdən ona yardımlar etməlisən. Axı qonşunun çirkləndirdiyi iqlimin sərhədi yoxdur. Yoxsul ölkələri iqlim dəyişikliyinə adaptasiya etmək üçün onların yardıma ehtiyacları vardır”, - deyə deputat vurğulayıb.
“Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz hər zaman beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun təsdiqidir. Bu, ölkəmizə imkan verir ki, orada təmsil olunan nüfuzlu şirkətlərin təmsilçiləri ilə ölkəmizdəki ekoloji problemləri, təşəbbüsləri, xüsusilə də, Qarabağda yüksək bərpaolunan enerji potensialından istifadəni müzakirə etsin. Həmçinin belə bir mötəbər tədbir Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması üçün gözəl fürsətdir. Bərpaolunan enerji sektorunun inkişafı Azərbaycan Hökumətinin qəbul etdiyi sosial-iqtisadi inkişaf proqramının prioritet istiqamətlərindən biridir. Əlverişli iqlim şəraitinə malik olan ölkəmizdə yaşıl enerjinin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, işğaldan azad edilmiş bütün Qarabağ “yaşıl enerji” zonası olacaq”, - deyən İltizam Yusifov işğaldan azad edilmiş torpaqların, xüsusilə Araz boyu hissəsində zəngin günəş enerjisi potensialının olduğunu diqqətə çatdırıb.
Qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək üçün COP28 sammitində Azərbaycanın fəal iştirak etdiyini deyən deputat bildirib: “Sammit çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon buna sübutdur. Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpaolunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərir. Azərbaycan həm də Qoşulmama Hərəkatının sədri kimi iqlim dəyişikliyinə hər zaman xüsusi diqqət ayırıb. Yaşıl enerji, ekoloji davamlılıq Azərbaycanın inkişaf strategiyasında öncül yer tutur. Rəsmi məlumatlara görə, yaşıl enerjinin aparıcı qüvvəsi kimi bərpaolunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanda elektrik enerjisi istehsalının 24 faizini təşkil edəcək. 2030-cu ildə isə bu 30 faizə qaldırılacaq. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilədək 40 faiz azaltmağı hədəfləyir”.
İltizam Yusifov vurğulayıb ki, Azərbaycanda ən ciddi ekoloji təhdid torpaqlarımızın 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılması, ərazilərin minalanması, meşələrin qırılması, çayların, su anbarlarının çirkləndirilməsi idi. Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağda və Şərqi Zəngəzurda bu gün aparılan ekoloji təmizləmə işləri, yaşıl enerji zonasının əsasının qoyulması ölkəmizin iqlim dəyişikliyinə töhfəsindən xəbər verir. Azərbaycan dayanıqlı inkişafı dəstəkləmək və yaşıl transformasiyaya keçidi asanlaşdırmaq üçün intensiv tədbirlər həyata keçirir. Xüsusilə də minatəmizləmə kampaniyası regionun rifahına və tərəqqisinə əhəmiyyətli təsir göstərəcək.