Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən həyata keçirilən “Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin növbəti tədbiri Lerikdə baş tutub. Lerik rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Layihə barədə ətraflı məlumat verən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri və layihə rəhbəri Çingiz Bayramov bildirib ki, Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən ən mühüm siyasi-mənəvi irslərdən biridir və müstəqil Azərbaycanın dövlətinin ideoloji əsasını təşkil edir. O qeyd edib ki, bu ideya xalqımızın milli birliyini, dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Çingiz Bayramov çıxışına davam edərək vurğulayıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycançılıq məfkurəsi müasir dövrün çağrışlarına uyğun olaraq daha da inkişaf etdirilir.
Lerik Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hüseyn Hüseynov tədbir iştirakçılarını salamladıqdan sonra çıxışına davam edərək, rayon gənclərinin və ictimaiyyətinin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği baxımından bu qəbildən olan tədbirlərin rayonda davamlı olaraq keçirilməsinin böyük önəm kəsb etdiyini ifadə edib.
Tədbirdə məruzə ilə çıxış edən Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva qloballaşma şəraitində milli kimliyin qorunmasının vacibliyinə toxunub. O qeyd edib ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül tapan azərbaycançılıq ideologiyası bir əsrdən artıq təkamül yolu keçərək, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rəsmi dövlət siyasətinə və dünya azərbaycanlılarını birləşdirən universal məfkurəyə çevrilib.
Konfransda çıxış edən İctimai Birliyin İdarə Heyətinin üzvü Anar Əsədov, Azərbaycançılığın müasir dövrdə dövlətimizin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır və ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənir. Anar Əsədov qeyd edib ki, Azərbaycançılıq ideologiyası bu gün hər bir vətəndaşı dövlətimizin milli maraqları ətrafında birləşdirən ən güclü mənəvi dayaqlardan biridir. O, gəncləri Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik siyasətinə sadiq qalmağa, milli-mənəvi dəyərləri qorumağa və Azərbaycanın gələcək inkişafına töhfə verməyə çağırıb.
Daha sonra Bakı Dövlət Universitetinin tələbəsi Hüseynli Hüseyn çıxışında azərbaycançılıq məfkurəsinin tarixi köklərinə nəzər salıb. O, Azərbaycan torpaqlarının parçalanması ilə nəticələnən Gülüstan və Türkmənçay müqavilələrindən sonra xalqımızın milli özünüdərk prosesinin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.