Azərbaycanda Frankofoniya günləri çərçivəsində beynəlxalq konfrans keçirilib - FOTO

Azərbaycanda Frankofoniya günləri çərçivəsində 22 aprel 2022-ci il tarixində Bakı şəhərində “Fransız dili əsas beynəlxalq dillər sırasında çoxkartlı mədəni pasportdur” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfrans Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyası/AFMA/APFAZ, University Foundation Courses/UFC, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə birgə təşkil edilmişdir.

Konfransı giriş sözü ilə Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyasının prezidenti Gülbəniz xanım Camalova açaraq iştirakçılara uğurlar arzuladı. Daha sonra Azərbaycandakı Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü çıxış etdi. O, qeyd etdi ki, Fransanın Azərbaycandakı səfirliyinın, Fransız İnstitutunun (APFAZ) və University Foundation Courses-in birgə səyləri nəticəsində fransız dili və mədəniyyətlərarası qarşılıqlı əlaqə mövzusunda beynəlxalq konfrans təşkil edilib. Gün ərzində 50-dən çox professor konfransın işinə qoşulub. Çıxışının sonunda cənab Ünlü vurğuladı ki, bu konfransla Azərbaycanda Frankofoniya -2022 günlərininə yekun vurulur .

Sonra University Foundation Courses-in rəhbəri Reyhan xanım Hüseynova çıxış etdi. O, qeyd etdi ki, bu gün Frankofoniya dinindən, millətindən və vətəndaşlığından asılı olmayaraq bütün dünyada insanları birləşdirən xüsusi bir fenomendir. Müasir dünyada beynəlxalq birliyin üzləşdiyi böhran və çağırışların öhdəsindən gəlmək üçün insanların humanist və mədəni dəyərlər ətrafında birləşməsinə ehtiyac var və məhz dil insanları dünya ətrafında bir araya gətirməyə imkan verən universal vasitədir.

Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov konfrans iştirakçıları qarşısında çıxış etdi. Cənab Həsənov qeyd etdi ki, 2021-2022-ci tədris ilində Azərbaycanda 300-dən çox təhsil müəssisəsində fransız dili tədris olunur. Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 120-dən çox gənc Fransada təhsil almaq hüququ qazanıb. UFAZ-ın uğurlu fəaliyyəti və məzunlarının dünyanın nüfuzlu universitetlərinə növbəti təhsil səviyyəsi üzrə qəbul almasını, 2019-23 Dövlət Proqramı çərçivəsində 10-a yaxın doktorantın təhsil almasını xüsusi vurğuladı. Çıxışının sonunda cənab Həsənov Azərbaycanda fransız dilinin tədrisində Fransanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyasının, University Foundation Courses və Azərbaycan Fransız İnstitutunun Azərbaycanda fransız dilinin tədrisi, eyni zamanda Fransa təhsil imkanlarının təbliği baxımından xüsusi rol oynadığını qeyd etdi.

Konfransda Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Azərbaycanın sabiq baş naziri, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov, Beynəlxalq Fransız Dili Müəllimləri Federasiyasının prezidenti Sintia Eid, Mərkəzi və Şərqi Avropa Komissiyasının (CECO) Prezidenti Jaklin Oven, Fransanın Azərbaycandakı səfirliyinin Mədəni əlaqələr və əməkdaşlıq üzrə müşaviri Jerom Kel, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin prezidenti Elmira Fərəcullayeva, o cümlədən Azərbaycan, Fransa, Rumıniya, Belarusiya, İran və Mərakeşin ali və orta təhsil müəssisələrinin müəllim və professorları iştirak etdilər.

Qeyd edək ki, “frankofoniya” sözü 19-cu əsrdə fransız coğrafiyaşünası Onezim Reclus tərəfindən yaradılıb. XX əsrin altmışıncı illərində Afrika dövlətlərinin rəhbərləri frankofoniya sözünü bir dildə - fransızca danışan dövlətlərin birliyini ifadə etmək üçün istifadə etməyə başladılar. Bu gün ana dili və ya xarici dil olmasından asılı olmayaraq fransızca danışan hər kəsə frankofon deyilir.