Azərbaycanın əlverişli coğrafi mövqeyi Azərbaycan-Kamboca əlaqələrində strateji körpü rolunu oynayır

"Azərbaycanın ikitərəfli əməkdaşlıqda əldə etdiyi uğurlar davamlılığı ilə diqqətdədir. Qarşılıqlı səfərlərin dinamikliyi, beynəlxalq tədbirlər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsinə yaranan imkanlar əlaqələrin dövrün çağırışlarına uyğun şəkildə inkişaf etməsini şərtləndirən əsas amillərdəndir. Hər bir ölkənin malik olduğu imkanlar qarşıya qoyulan hədəflərin zamanında reallığa çevrilməsini təmin edir.  Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana etdiyi ilk rəsmi səfər iki ölkə arasında 1994-cü ildən bəri mövcud olan diplomatik münasibətləri ən yüksək səviyyəyə çatdırdı. Prezident İlham Əliyevin səfər çərçivəsində Kambocanın Baş naziri ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, mətbuata bəyanatları, imzalanan sənədlər Bakı ilə Pnompen arasında etibarlı siyasi tərəfdaşlığın və qarşılıqlı etimadın təqdimatı oldu. Cənab İlham Əliyevin vurğuladığı kimi, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin səfərdən faydalanmalıyıq. Dostluğumuzu nümayiş etdirən səfər ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. Dövlətimizin başçısı İlham Əliyev bu fikri də xüsusi qeyd etdi ki, biz yaxşı dost və tərəfdaşıq.

Keçirilən görüşlərdə tərəflər ayrı-ayrı sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlara, prioritet istiqamətlərə xüsusi diqqət yönəltdilər. Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq xüsusi qeyd edildi. Hər iki ölkə  bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr və fəal əməkdaşlıq mövcuddur. Bununla yanaşı, ikitərəfli müstəvidə təmasların intensivləşdirilməsi barədə razılıq əldə edildi. Yaxın günlərdə Bakıda keçiriləcək  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünə diqqəti yönəldən cənab İlham Əliyev Azərbaycanın bu tədbirə ilk dəfədir ev sahibliyi etdiyini bildirdi. Sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətinin aydın təzahürü hesab edirik. Bu önəmli beynəlxalq tədbirin regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcəyinə əminik. Bütün ölkələrin buna ehtiyacı var”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın Avropa ilə Asiyanın qovuşmasında yerləşən strateji coğrafi mövqeyi ona həm regional, həm də qlobal miqyasda mühüm iqtisadi, logistik və geosiyasi üstünlüklər qazandırır: “Ölkəmiz bu imkanlardan səmərəli istifadə edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağına çevrilib. Cənab İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatlarında da bu məqamı xüsusi vurğuladı ki, Asiya və Avropa arasında yerləşən Azərbaycan bağlantıların təmin edilməsində öz rolunu oynayır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və geniş tranzit imkanları Azərbaycan-Kamboca münasibətlərinin, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın inkişafında strateji körpü rolunu oynayır. İki ölkə coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsə də, Azərbaycanın qlobal logistik qovşaq kimi imkanları bu məsafəni iqtisadi cəhətdən səmərəli tərəfdaşlığa çevirməyə imkan verir. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil”.

Malik Həsənov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin və Kamboca Krallığının Baş naziri Hun Manetin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin gələcək inkişafının təqdimatında əhəmiyyətli rol oynadı: “Cənab İlham Əliyev öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimizin Kambocada da maraq doğurduğunu bildirdi. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Bu əminlik ifadə edildi ki,  bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər. Parlamentlərarası əlaqələrin uğurlu inkişafı əsaslı şəkildə qeyd edildi. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu təsdiqləyir. Cənab İlham Əliyev bu reallığı xüsusi qeyd etdi ki, hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir”.

Millət vəkili səfərin əhəmiyyətini təsdiqləyən mühüm məqamlardan biri kimi  sənədlərin imzalanmasını  qeyd edib: “İki ölkə arasında iqtisadi və təhsil sahəsində əlaqələrin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən üç sənəd imzalandı. Bunlar “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”dir”.

Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, səfər Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə iqtisadi-siyasi əlaqələrini inkişaf etdirmək strategiyasının uğurlu tərkib hissəsidir. Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini bildirən Kambocanın Baş naziri mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.