Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını təmin edən Milli Prioritetlər

Müstəqilliyinin ilk illərində mürəkkəb dövr yaşayan Azərbaycan Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra nizami qaydada inkişaf etməyə başladı. Düşünülmüş siyasət və dövlətçiliyin möhkəmləndirilməsi ölkənin gələcək inkişafının təməlini təşkil etdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirən cənab Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü ölkəsinə çevirdi. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və uğurlu siyasət nəticəsində Azərbaycanın reallaşdırdığı TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi meqa layihələr eyni zamanda ölkəmizi dünyada söz sahibi etdi. Təmin edilən makroiqtisadi sabitlik və iqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları dövlətimizi daha da gücləndirmişdir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi orduquruculuğu isə Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusundan birinə çevirmişdir. 44 günlük Vətən müharibəsi ilə işğalda olan torpaqlarımızın azad edilməsi və əldə edilən parlaq Zəfər ölkədə, regionda, eyni zamanda dünyada yeni reallıqlar yaratdı. Yaranmış yeni reallıqlar səbəbindən Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Artıq Azərbaycan dövlətinin qarşısında yeni hədəf və məqsədlər meydana çıxmış oldu. Məhz bu səbəbdən ölkə başçısı cənab İlham Əliyev 2 fevral 2021-ci ildə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu Sərəncamı eyni zamanda Azərbaycanın 2030-cu ilə qədər olan dövürdə hərtərəfli inkişafı üçün hazırlanmış konseptual sənəd də adlandırmaq olar.

Postkonflikt və postpandemiya dövründə keyfiyyətcə yeni, həmçinin strateji mərhələ olan 2030-cu ilə qədərki müddətdə dərin struktur-institusional islahatları hesabına yüksək artım mərhələlərinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş ərazilərə tarixi qayıdış və əbədi məskunlaşmanın təmin olunması hədəflənir. Ölkə başçısının imzaladığı müvafiq Sərəncama əsasən 2030-cu ilə qədər ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet – dayanıqlı artan rəqabətqabilliyyətli iqtisadiyyat, dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz və “yaşıl artım” ölkəsi reallaşdırılmalıdır. Bir sözlə, Milli Prioritetlərin təmin edilməsi ilə müstəqil Azərbaycan dövləti özünün növbəti inkişaf hərhələsinə çatmış olacaq. Xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatı daha da gücələnəcək nəticədə isə insanların layiqli həyat şəraitinin təmin edilməsi üçün əavə imkanlar yaranacaqdır.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu startegiyalar Azərbaycanın davamlı inkişafına zəmanət verir. Regionun ən güclü dövləti olan Azərbaycan Avropanın enerji təminatçısı olamaqla yanaşı alternativ və bərpaolunan enerji mənbələrindən istifadə etməklə özünün enerji ixracı potensialını da artırır. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “yaşıl enerji” zonası elan edilməsi, həmçinin ölkədə Külək və Günəş Elektrik Stansiyalarının yaradılması bu istiqamətdə görülən mühüm işlərdəndir. Ekoloji təmiz enerji mənbələrindən istifadə isə təbiətə və ətraf mühitə heç bir mənfi təsir etmir. Bu da öz növbəsində ölkə əhalisinin təbii fəalkətlər və ekoloji problemlər riski ilə üzləşməməsi deməkdir. Nəticə etibarı ilə insanlar təmiz ekoloji mühitdə sağlam həyat tərzi yaşamış olurlar.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in həyata keçirilməsi Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını təmin edəcəkdir. Cənab Prezident İlham Əliyevin bu haqda imzaladığı Sərəncam ölkəmizin yaxın illər ərzində inkişafı üçün Yol Xəritəsi də adlandırıla bilər ki, burada hədəf güclü Azərbaycan, məqsəd isə bu yolda mövcud potensialdan və müasir innovasiyalardan uğurla istifadə edə bilməkdir.

Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur