Azərbaycanın iqtisadi gücünün nümayişi

Üç il öncə 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan Ordusunun apardığı döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edildi. Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Torpaqların azad olunmasından sonra gördüklərimiz həm sevinc, həm də kədər hissləri doğurdu. Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. İşğal müddətində Füzuli şəhərini, rayonun kəndləri dağıdılıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədilib.

Azad olunmuş torpaqlara səfəri zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev əminliklə qeyd edirdi ki, Füzuli şəhərində həyat yenidən bərpa olunacaq, infrastruktur qurulacaq, həyat öz axarı ilə davam edəcək: “Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik”.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəbər verirdi. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

Cari ilin 17 oktyabr tarixində Ölkə başçısı cənab İlham Əliyevin “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etmişdir: “İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır”.

Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir.

Ölkə başçısı Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qəbul olunmuş Böyük Qayıdış Proqramının uğurla icra edildiyini diqqətə çatdıraraq bildirmişdir: “Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”.

Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.

Beləliklə, qısa bir zamanda Füzuli şəhərində reallaşan infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha nümayiş etdirir.

 

Axundov Asif Əbülfəz oğlu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı