Azərbaycanın milli maraqlara söykənən düşünülmüş siyasətinin növbəti uğuru

Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir. Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu yüksəldir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən parlaq Qələbəsindən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Bu gün Prezident İlham Əliyev təkcə ölkəsinin torpaqlarını işğaldan azad edən Müzəffər Ali Baş Komandan deyil, eyni zamanda, regionda sülhün və təhlükəsizliyin qorunması üçün ardıcıl siyasət yürüdən siyasi liderdir. Dövlətimizin başçısı beynəlxalq müstəvidə nümayiş etdirdiyi qətiyyətli mövqe dövlətimizin regionda real güc sahibi olduğunu təsdiq edir. Postmüharibə dövründə Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində yeni format yaranıb. 2021-ci il noyabrın 26-da Soçi görüşündən sonra həmin ilin 14-15 dekabrında təşkil olunan Brüssel səfəri çərçivəsində ilk üçtərəfli görüş, habelə ölkə rəhbərinin 2022-ci il aprelin 6-da Belçikaya səfəri ilə Brüssel sülh gündəliyinin əsası qoyulub. Prezident İlham Əliyevin Brüssel səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri, əldə olunmuş nəticələr ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi milli maraqlara söykənən düşünülmüş siyasətin növbəti uğurudur.

Qeyd edilib ki, görüşlərin nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqlara başlanılması, işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və digər məsələlər ölkəmizin ərazi bütövlüyünün, regionda sülh və əmin-amanlığın tam təmin olunmasına hesablanıb. Cərəyan edən proseslər də onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Brüssel görüşünün digər nəticəsi sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılığın əldə olunması, Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən dəmir yolları və avtomobil yollarının açılması təşəbbüsünün təqdir edilməsi, bu təşəbbüsün bütün iştirakçılar tərəfindən dəstəklənməsidir. Təqdim olunan Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm məqam “Dağlıq Qarabağ” ifadəsinə və keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad yoxdur. Bütün bunlar deməyə əsas verir ki, Avropa İttifaqı 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığa əsaslanır. Eyni zamanda, münaqişə həll olunduğu üçün ATƏT-in Minsk qrupunun lazımsız təsisata çevrildiyini qəbul edir. Beləliklə, şərtləri birmənalı diktə edən tərəf qalib ölkə olan Azərbaycandır. Brüssel görüşünün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Bu baxımdan Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyət kəsb edir.