Azərbaycan ərazisində erməni dövləti yaranandan sonra Cənubi Qafqazda millətlərarası münasibətlər gərginləşməyə başladı. Bu gərginlik təkcə siyasi müstəvidə yaşanılmırdı, həm də qarşılıqlı toqquşmalar da yaradırdı. Səbəb ermənilərin ərazilərini genişlədirmək niyyəti idi. Ermənistan deyilən ərazinin böyük bir hissəsi Zəngəzur adlanırdı, Azərbaycanın tarixi torpaqları idi. Qorqud Dədə demişkən, azərbaycanlılar bu torpaqları əkib-becərirdi də, qoruyurdu da. Gəlmələr onların yaratdığı, yaşatdığı mentaliteti mənimsəyə-mənimsəyə yerli əhaliyə – aborigenlərin yaşamına alışırdı. Dili də öyrənirdilər, mədəniyyəti də mənimsəyirdilər, incəsənəti də, folkloru da. Bu mənimsəmənin sonrası milli səviyyədə plagiatlıq oldu. “Ayağına yer eləyənlər” Zəngəzurda məskunlaşdılar.
Ermənilər Qarabağı Ermənistana birləşdirmək niyyətinə düşəndə DTK-nın fəal iştirakı və təşkilatçılığı ilə Sumqayıt hadisələrini törətdilər. Bu, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların qovulması, qətlə yetirilməsi üçün bəhanə oldu. Əslində, Sumqayıt hadisəsi məhz bu niyyətlə törədilmişdi. Qışda, soyuqda-sazaqda minlərlə azərbaycanlı doğma yudrundan qovuldu, neçəsi yolda-izdə ömrünü itirdi.
Prezident cənab İlham Əliyev bu məskunlaşmanın tarixini, necə məskunlaşmasını, Azərbaycandan hansı yollarla ayrılmasını xatırladır. 2006-cı il avqust ayının 14-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsindəki nitqində dedi: “Tarixi baxımdan da Qarabağ həmişə Azərbaycan torpağı olubdur, bizim torpağımızdır. Yəqin onu da yaxşı bilirsiniz ki, İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır”. Bu nitq də, bu nitqin mahiyyəti də bir gerçəkliyin işığı idi: Azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqdır!
İkinci Qarabağ müharibəsi ərəfəsində təşkilatlanan Qərbi Azərbaycan icması tarixi və milli amilləri əsasında qayıdışın ideoloji mahiyyətini, şərtlərini, dünyəvi proseslər fonunda zəruriliyini tarixi, tarixi-milli müstəvidə təqdim edib. Bu tezislər Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun mübarizəaparma tezisləridir. Qərbi Azərbaycan İcmasının fəaliyyəti dünyəvi proseslərlə səsləşir, Azərbaycanın dövlətçilik tarixinin, millli-mənəvi dəyərlər sistemini formalaşdırmış tarixi proseslərin beynəlxalq müstəvidə uğurlu dialoq niyyəti azərbaycanlıların erməni millətçiliyinin siyasi sıxıntıları ilə pozulmuş hüquqlarının bərpasına yönəldilib və bu niyyəti bəşəri dövlətlər də, dünyəvi dövlətlər də dəstəkləyir.
Tarixi Zəfərdən sonra üçtərəfli Bəyanatla müəyyənləşdirilmiş tələbləri ilə gerçəkləşməli olan Zəngəzur dəhlizinin açılmasında da haqlıdır, Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayııdışı tələbində də. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətləndirərək demişdi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Prezidenti İlham Əliyevin qətiyyətlə dediyi kəlamlar zamanın tarixə xəbərdarlığıdır: “Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır”.
Qərbi Azərbaycanlılar İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin, 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının davamı kimi tarixi ərazilərimizə qayıdacaqlar.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı.