Xəbər verdiyimiz kimi, gecə saatlarından etibarən ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayonun 8 sakini yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.
Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev bildirib ki, yaralılar hazırda həkim nəzarətindədir.
"Yaralanan bütün mülki şəxslərə ilkin tibbi yardım göstərilib. Onlar tam dərman peraparatları ilə təmin ediliblər. Yaralı sakinlərin vəziyyətləri hazırda qənaətbəxşdir. Onların bir neçəsi yuxarı və aşağı ətraf nahiyələrdən qəlpə yarası alıb”.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov isə bildirib ki, yaralılardan biri, rayonun Çəmənli kənd sakini Hüseynov Əli Müseyyib oğlu Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki hərbi hospitalında, digər yaralı, Əfəndili kənd sakini Məmmədov Elnur Polu oğlu isə Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilib.
Hazırda hər iki yaralının vəziyyəti ağırdır.
Qeyd edək ki, ermənilərin atəş açması nəticəsində ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.
Yaralılar isə bunlardır:
1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;
2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;
3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;
4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;
5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;
6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;
7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;
8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kontuziya).