Noyabrın 20-də Göyçay, Bərdə, Lerik, Şəki, Neftçala və Salyan rayonlarının daha 15 kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Sabahinfo.az-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, Göyçay rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 373 abonenti olan Alxasava və Qaraman kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 46029 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Bərdə rayonunun Qaradəmirçi-1 və Qaradəmirçi-2 kəndlərinin də qaz təchizatı bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 683 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 25 kilometrdən artıq qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Şəki rayonunun Sarıca və Baltalı kəndləri də uzun sürən fasilədən sonra yenidən qazlaşdırılmışdır. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 673 abonentlik kəndlərin qazlaşdırılması zamanı 31427 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə edilib, abonentlərin hər biri sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub.
Salyanın Xalac kəndinin də qaz təchizatı bərpa edilmişdir. Vurğulanmışdır ki, 625 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48753 metr uzunluğunda qaz xətləri çəkilmiş, 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Noyabrın 20-si Lerik və Neftçala camaatı üçün daha əlamətdar olmuşdur. Belə ki, bu iki rayonun ümumilikdə 8 kəndində ilk dəfə mavi alov şölələnib.
Lerik rayonunda bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilmişdir ki, ümumilikdə 238 abonenti olan Hıramo, Yuxarı Bilnə, Livədirqə, Nüsomurya və Qədimküçə kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20558 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Neftçala rayonunda keçirilmiş tədbirdə isə vurğulanıb ki, rayonun ümumilikdə 615 abonenti olan Boyad, Ballıcalı və İkinci Qaralı kəndlərinin ilk dəfə qazlaşdırılması zamanı 39110 metrlik müxtəlif diametrli qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.