Bakı-Daşkənd: Əbədi dostluqdan Türk dünyasının yeni geosiyasi gücünə

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mərhələ olmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi əlaqələrin daha aydın konturlarını ortaya qoydu”.

Bunu Ölkə.az-açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O qeyd edib ki, bu səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında” Müqavilənin imzalanmasıdır: “Sənəd ilk baxışda iki dövlət arasındakı münasibətlərin hüquqi bazasını möhkəmləndirən mühüm diplomatik akt təsiri bağışlasa da, əslində onun siyasi mahiyyəti daha genişdir. Çünki Azərbaycan və Özbəkistanın münasibətlərində söhbət artıq yalnız ikitərəfli əməkdaşlıqdan getmir. Bakı ilə Daşkənd arasında formalaşan strateji tərəfdaşlıq Türk dünyasının siyasi, iqtisadi və nəqliyyat baxımından daha sıx inteqrasiyasına xidmət edən mühüm platformaya çevrilir”.

Deputat “Əbədi dostluq” sənədini iki ölkə arasında siyasi etimadın hüquqi təminatı adlandırıb.

“Müqavilənin ən mühüm xüsusiyyətlərindən biri iki ölkənin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləməsini təsbit etməsidir. Bu müddəa sadəcə diplomatik ifadə deyil. Azərbaycan və Özbəkistan kimi regional çəkisi artan iki dövlətin bir-birinin təhlükəsizliyinə və ərazi bütövlüyünə açıq siyasi dəstək verməsi qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını göstərir.

Digər mühüm məqam isə tərəflərin qarşı tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək blok və ittifaqlarda iştirak etməməsi, öz ərazilərinin üçüncü dövlətlər tərəfindən digər tərəfə qarşı istifadə olunmasına imkan verməməsi barədə öhdəlik götürməsidir. Beləliklə, müqavilə yalnız dostluq münasibətlərini bəyan etmir, həm də bu münasibətlərin strateji təhlükəsizlik komponentini gücləndirir”, - o vurğualyıb.

Bakı-Daşkənd tandeminin Türk dünyasının siyasi çəkisinin artmasındakı roluna toxunan M.Məmmədli əlavə edib ki, burada söhbət təkcə Bakı ilə Daşkəndin münasibətlərindən getmir: “Azərbaycan və Özbəkistanın fəallaşan əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın daha praktik xarakter almasına da ciddi impuls verir.

Türk dünyasının gələcəyi yalnız ortaq tarix və mədəniyyət üzərində qurulan mənəvi birliklə məhdudlaşmır. Bu birlik getdikcə siyasi həmrəyliyə, iqtisadi əməkdaşlığa, vahid nəqliyyat bağlantılarına, enerji təhlükəsizliyinə və investisiya münasibətlərinə çevrilir”.

Deputatin fikrincə, iki ölkə arasınd aəlaəqlərin yüksək səviyyə qalxması nəticə etibarı ilə Türk dünyasının yeni dünya düzənində yeni güc mərkəzinin formalaşmasına da öz müstəsna töhfəsini verəcək:

“Dünyada geosiyasi rəqabətin kəskinləşdiyi bir vaxtda dövlətlərin öz aralarında daha sıx əməkdaşlıq platformaları yaratması təsadüfi deyil. Azərbaycan və Özbəkistanın münasibətlərinin yeni mərhələsi də bu qlobal prosesdən kənarda deyil.

Bakı və Daşkəndin qarşılıqlı siyasi dəstəyi, iqtisadi potensialı, nəqliyyat imkanları və Türk dünyasının inteqrasiyasına verdiyi töhfə onları yalnız ikitərəfli münasibətlər baxımından deyil, daha geniş regional sistem daxilində mühüm aktorlara çevirir.

Burada əsas məsələ hansısa ölkəyə və ya güc mərkəzinə qarşı ittifaq yaratmaq deyil. Əksinə, məqsəd müstəqil dövlətlərin öz maraqları əsasında daha güclü əməkdaşlıq platforması formalaşdırmasıdır.

“Əbədi dostluq haqqında” Müqavilənin tarixi əhəmiyyəti məhz burada ortaya çıxır. Bu sənəd Azərbaycan-Özbəkistan münasibətlərini gələcək nəsillər üçün daha möhkəm hüquqi-siyasi çərçivəyə salmaqla yanaşı, Türk dünyasında qarşılıqlı etimadın və strateji əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Türk Dövlətləri Təşkilatının gələcək potensialına nəzər saldıqda Azərbaycan və Özbəkistan kimi dövlətlərin koordinasiyasının xüsusi əhəmiyyət daşıdığı aydın görünür. Çünki siyasi iradə iqtisadi imkanlarla, iqtisadi imkanlar isə nəqliyyat və logistika infrastrukturu ilə birləşdikdə inteqrasiya artıq yalnız siyasi bəyanat olaraq qalmır, bu real gücə çevrilir. Azərbaycan və Özbəkistanın qarşılıqlı əlaqələri məhz bu istiqamətdə inkişaf edir”.