Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji liderliyini bir daha nümayiş etdirdi

"Azərbaycanın paytaxtında keçirilən 31-ci “Baku Energy Forum” və Bakı Enerji Həftəsi bir daha göstərdi ki, ölkəmiz artıq təkcə enerji resurslarının istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm söz sahibi olan dövlətlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun açılış mərasimində iştirakı və çıxışı bu beynəlxalq platformanın əhəmiyyətini bir daha təsdiqlədi".

Bu sözləri Modern.az-a açıqlamasında deputat Göydəniz Qəhrəmanov bildirib. 

Deputat qeyd edib ki, son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər enerji məsələsini beynəlxalq münasibətlərin əsas gündəlik mövzularından birinə çevirib. Məhz belə bir dövrdə Bakı Enerji Həftəsinin dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini və aparıcı enerji şirkətlərini bir araya gətirməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir.

"Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin ən mühüm xüsusiyyətlərindən biri etibarlılıq prinsipidir. Ölkəmiz uzun illərdir tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə sadiq qalaraq Avropanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji balansında strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji istiqamətində də ciddi addımlar atır".

G. Qəhrəmanovun sözlərinə görə, bərpaolunan enerji potensialı ölkəmizi gələcəyin enerji mərkəzlərindən birinə çevirmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisi layihələrinin genişləndirilməsi Azərbaycanın enerji strategiyasının artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir.

"“Baku Energy Forum”un əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu platforma həm də Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolunu gücləndirir. Bakı artıq müxtəlif qlobal məsələlərin müzakirə olunduğu etibarlı siyasi və iqtisadi platformaya çevrilib. Bu, ölkəmizin balanslaşdırılmış xarici siyasətinin və uğurlu diplomatik fəaliyyətinin nəticəsidir.

Bu gün Azərbaycan enerji sahəsində qazandığı uğurları siyasi sabitlik, güclü dövlət idarəçiliyi və uzaqgörən strateji baxış hesabına əldə edib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan həm ənənəvi enerji bazarında, həm də yaşıl enerji keçidində etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirir" - deputat vurğulayıb.