Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Karate
(WKF) üzrə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə xanım idmançılar
üçün seminar keçirilib. Seminarda yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil
edən 200-dən çox xanım karateçi iştirak edib. Seminarın açılış mərasimində Azərbaycan
Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Federasiyanın İdarə Heyətinin
üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak
ediblər. Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanda qadın karatesinin
inkişafına dəstək göstərmək, bu idman növünün xanımlar arasında kütləviliyini
artırmaq, müxtəlif yaş qruplarından və idman klublarından olan karateçilər
arasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq mühitini gücləndirmək olub.
Tədbir, eyni zamanda, gənc idmançıların peşəkar təcrübələrinin artırılması,
onların beynəlxalq nailiyyətlər qazanmış idmançılarla birbaşa ünsiyyət
imkanlarının genişləndirilməsi və gələcək idman uğurlarına həvəsləndirilməsi
baxımından əhəmiyyət daşıyıb. Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə
keçirilən seminar müxtəlif yaş kateqoriyalarından olan xanım karateçilərin bir
araya gəlməsinə, idman təcrübəsinin bölüşdürülməsinə və karate dəyərlərinin təbliğinə
şərait yaradıb. Seminar çərçivəsində xanımların idmanda fəal iştirakının təşviqi,
sağlam həyat tərzinin formalaşdırılması, nizam-intizam, qarşılıqlı hörmət və
komanda ruhunun gücləndirilməsi kimi məsələlərə xüsusi önəm verilib. Azərbaycan
Karate Federasiyası tərəfindən qadın karatesinin inkişafı, istedadlı
idmançıların üzə çıxarılması, yeni nəslin idmana cəlb olunması və karatenin ölkə
üzrə kütləviliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin
davam etdirilməsi nəzərdə tutulur. 200-dən çox xanım idmançının iştirak etdiyi
seminar ölkəmizdə qadın karatesinə artan marağın, idmançılar arasında birlik və
həmrəyliyin gücləndirilməsinin, eləcə də karatenin kütləvi idman növü kimi
inkişafının təşviqi baxımından əlamətdar tədbirlərdən biri olub.