Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər yalnız
keçmişin xatirəsi deyil, həm də gələcəyin başlanğıcı olur. Azərbaycan
üçün 25 oktyabr belə tarixlərdəndir. 2020-ci ilin həmin günündə Qubadlı şəhərinin
işğaldan azad edilməsi ilə doğma yurda qayıdışın qarşısında yeni üfüqlər
açıldı. Bu gün Qubadlıda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri
tarixi qələbənin real nəticələrini nümayiş etdirir. Qubadlının hekayəsi işğal, mübarizə və azadlıqla
yanaşı, dirçəliş, yenidənqurma və gələcəyə inamın hekayəsidir.
Qubadlı
rayonu Azərbaycanın cənub-qərbində yerləşən, təbii gözəllikləri və zəngin təsərrüfat
imkanları ilə seçilən bölgələrdəndir. Rayonun 802 kvadratkilometr ərazisi
dağlıq relyefi, meşələri, çayları və münbit düzənlikləri ilə fərqlənir. Həkəri
və Bərgüşad çayları boyunca yerləşən yaşayış məntəqələri uzun illər bölgənin
sosial-iqtisadi həyatının əsasını təşkil edib. İşğala qədər Qubadlıda kənd təsərrüfatı geniş inkişaf
etmişdi. Taxıl, üzüm, tütün və bostan məhsulları becərilir, heyvandarlıqla məşğul
olunur, təbii sərvətlərdən istifadə edilirdi. Rayonun meşələri və faydalı
qazıntı yataqları onun iqtisadi potensialının mühüm hissəsi idi.
Lakin
1993-cü il avqustun 31-də baş verən işğal bu həyat tərzini alt-üst etdi. Minlərlə
ailə evindən didərgin düşdü, kəndlər və şəhər infrastrukturu dağıdıldı,
iqtisadi fəaliyyət dayandı. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi ev,
sosial və mədəniyyət obyekti, yollar və kommunal təsərrüfat obyektləri ciddi zərər
gördü.
Qubadlı
sakinləri üçün doğma torpaqlardan uzaqda keçən illər təkcə məkan itkisi
deyildi. Bu, ata-baba yurduna, ailə xatirələrinə, doğma küçələrə və uşaqlıq illərinə
həsrət demək idi. Buna baxmayaraq, qayıdış arzusu qorundu və bu arzu nəhayət,
2020-ci ildə gerçəyə çevrilməyə başladı.
2020-ci
il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi
tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində
oktyabrın 25-də Qubadlı şəhəri azad edildi. Noyabrın 9-dək isə rayonun 41 kəndi
də işğaldan qurtarıldı.
Qubadlının
azad edilməsi yalnız hərbi qələbə deyildi. Bu hadisə rayonun gələcək inkişafı,
infrastrukturun bərpası və sakinlərin geri dönüşü üçün imkan yaratdı. Prezident
İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı həyata keçirilən
layihələrlə tanış olması və yeni obyektlərin təməlinin qoyulması bu prosesin
ardıcıl xarakter daşıdığını göstərir. 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan bayrağının
ucaldılması şəhərin həyatında rəmzi və tarixi hadisə oldu. Sonrakı
illərdə isə enerji, nəqliyyat, yaşayış, təhsil və səhiyyə infrastrukturu üzrə
layihələr həyata keçirilməyə başladı.
Qubadlının
yenidən qurulması kompleks yanaşma əsasında aparılır. Məqsəd təkcə dağıdılmış
obyektləri bərpa etmək deyil, həm də şəhəri müasir şəhərsalma prinsiplərinə
uyğun inkişaf etdirmək, dayanıqlı infrastruktur yaratmaq və əhalinin yaşayışı
üçün əlverişli şərait formalaşdırmaqdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
2025-ci il sentyabrın 9-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş
planın təsdiqlənməsi bu istiqamətdə mühüm mərhələdir. Baş plan şəhərin uzunmüddətli
inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Enerji təminatı da quruculuq
prosesinin vacib hissəsidir. 2021-ci il oktyabrın 25-də “Qubadlı”
110/35/10 kV-luq yarımstansiyasının açılışı rayonun elektrik təchizatının gücləndirilməsi
üçün əhəmiyyətli addım oldu. Bununla yanaşı, 76 kilometr uzunluğunda yüksəkgərginlikli
elektrik verilişi xətlərinin çəkilməsi və fiber-optik kabel infrastrukturunun
yaradılması enerji və rabitə imkanlarını genişləndirdi. Bu layihələr gələcəkdə yaşayış məntəqələrinin
inkişafı, istehsal və xidmət sahələrinin fəaliyyəti, eləcə də müasir rəqəmsal
xidmətlərin təşkili üçün mühüm baza yaradır.
Qubadlıda Böyük Qayıdışın ən mühüm istiqamətlərindən
biri yaşayış infrastrukturunun yaradılmasıdır. Şəhərdə ilk yaşayış məhəlləsinin
tikintisi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihəyə əsasən, 3,34
hektar ərazidə 21 yaşayış binasının tikintisi nəzərdə tutulub. Onlardan 14-ü
üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Ümumilikdə 176 mənzilin inşası
planlaşdırılıb. Əsasən iki və üçotaqlı mənzillərdən ibarət olan kompleksin
yaradılması şəhərdə müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Qubadlı
rayonunun kəndlərində də yenidənqurma işləri aparılır. Rayon mərkəzindən 19
kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197
hektardır. Birinci mərhələdə 40 hektar sahədə 190 evin tikintisi nəzərdə
tutulub və ilkin mərhələdə 836 nəfərin məskunlaşdırılması planlaşdırılır. Həkəri və Bərgüşad
çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi
isə 180 hektardır. Burada birinci mərhələdə 159 evin tikintisi və
772 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Gələcəkdə kənddə 630 ailənin,
ümumilikdə 2520 nəfərin yaşaması planlaşdırılır. Bu layihələr doğma yurdların yenidən canlanması, ailələrin öz
torpaqlarına qayıtması və kənd həyatının bərpası baxımından mühüm əhəmiyyət
daşıyır.
İşğaldan
azad edilmiş ərazilərin inkişafında yol-nəqliyyat infrastrukturu xüsusi rol
oynayır. Yeni yollar yaşayış məntəqələrini birləşdirir, xidmətlərə çıxışı
asanlaşdırır, kənd təsərrüfatı və digər iqtisadi sahələrin inkişafına şərait
yaradır. Hazırda
Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Uzunluğu 28,5 kilometr
olan bu yol iki zolaqlı və III texniki dərəcəyə uyğun inşa edilir. Yolun
Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin
ərazisindən keçməsi həmin yaşayış məntəqələrinin nəqliyyat əlaqələrinin
yaxşılaşdırılmasına imkan verəcək. 2023-cü il sentyabrın 5-də yeni Qubadlı-Laçın avtomobil yolunun
layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncamın imzalanması da bölgənin nəqliyyat
imkanlarının genişləndirilməsinə yönəlib. Bu layihələr Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonları arasında əlaqələrin gücləndirilməsi
baxımından əhəmiyyətlidir.
Qubadlının
bərpasının əsas məqsədi burada insanların təhlükəsiz və layiqli həyat şəraitinin
yaradılmasıdır. Yeni yaşayış binaları, yollar, elektrik şəbəkələri və rabitə
infrastrukturu bu məqsədə xidmət edən mühüm vasitələrdir. Bununla yanaşı,
davamlı inkişaf üçün təhsil, səhiyyə, məşğulluq, sosial xidmətlər və iqtisadi fəaliyyət
imkanlarının da genişləndirilməsi vacibdir.
Qubadlı şəhərində məktəb və xəstəxana binalarının tikintisi
ilə bağlı layihələr, kəndlərin yenidən qurulması və yeni infrastrukturun
yaradılması bölgənin gələcəkdə yaşamaq və işləmək üçün əlverişli məkana çevrilməsinə
hesablanıb.
Böyük Qayıdış yalnız fiziki olaraq doğma
torpaqlara dönməkdən ibarət deyil. Bu proses insanların sosial həyatının
bərpasını, iqtisadi imkanların yaranmasını, mədəni irsin qorunmasını və gələcək
nəsillərin öz doğma yurdlarında böyüməsini də əhatə edir.
Qubadlı bu gün keçmişin ağrılarını arxada qoyaraq gələcəyə doğru
irəliləyir. Burada inşa edilən hər bina, salınan hər yol və yenidən qurulan hər
kənd azadlığın yaratdığı imkanların göstəricisidir. Qubadlının gələcəyi onun zəngin
təbiəti, iqtisadi potensialı və sakinlərinin doğma torpağa bağlılığı ilə sıx əlaqəlidir.
Zəfərlə başlayan bu yeni mərhələ quruculuq, inkişaf və qayıdışla davam edir. 25
oktyabr Qubadlı üçün təkcə azadlıq günü deyil, həm də yenidən doğuluşun
başlanğıcıdır. Doğma yurda qayıdış arzusu ilə yaşayan insanların
ümidi bu gün yeni şəhər və kəndlərin təməllərində, müasir infrastruktur layihələrində
və gələcək nəsillər üçün yaradılan imkanlarda öz əksini tapır.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri
Ağayev Nəbi Baba oğlu