Bakıda leykemiya ilə mübarizədə erkən diaqnostikanın əhəmiyyəti müzakirə olunub

Bakıda leykemiya ilə bağlı ictimai məlumatlılığın artırılması, erkən diaqnostikanın, vaxtında müalicənin əhəmiyyəti və xəstəliklə mübarizə aparan şəxslərə, onların ailələrinə mənəvi dəstəyə həsr edilmiş konfrans keçirilib.

"Report" xəbər verir ki, "EMEDIA GROUP" media təşkilatının təşkilatçılığı ilə keçirilən tədbir 4 Sentyabr – Ümumdünya Leykemiya (Qan Xərçəngi) ilə Mübarizə Gününə həsr edilib.

"EMEDIA GROUP"un sədri Elşən Əliyev "Güclü ümid - sağlam gələcək" layihəsi haqqında məlumat verərək bildirib ki, məqsəd cəmiyyətdə leykemiya ilə bağlı maarifləndirməni gücləndirmək, erkən diaqnostikanın əhəmiyyətini diqqətə çatdırmaq, xəstəliklə mübarizə aparan insanlara və onların ailələrinə mənəvi dəstək göstərməkdir.

"Leykemiya ilə Mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova qeyd edib ki, müasir tibbin imkanları, vaxtında diaqnostika, düzgün müalicə, eləcə də xəstələrə göstərilən sosial və mənəvi dəstək leykemiya ilə mübarizədə mühüm rol oynayır:

"Bu baxımdan cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsanlar xəstəlik haqqında düzgün məlumatlandırılmalı, yanlış təsəvvürlər və qorxular aradan qaldırılmalı, xəstələrə və onların ailələrinə qarşı anlayış və dəstək göstərilməlidir".

Milli Məclisin deputatı Müşfiq Məmmədli xatırladıb ki, 2026-cı ilin dövlət büdcəsində onkologiya üzrə dövlət proqramlarına 118 milyon manat vəsait ayrılıb:

"Sümük iliyi transplantasiyası üçün ayrıca 5 milyon manata qədər məqsədli vəsait ayrılıb. Təxminən 10 il əvvəl səhiyyə büdcəsi 748-800 milyon manat civarında idisə, hazırda 4 milyard manata yaxınlaşır. Buna baxmayaraq, dövlət proqramları çərçivəsində əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının daha geniş şəkildə təmin edilməsi istiqamətində işlərin davam etdirilməsinə ehtiyac var. Artıq qan, qanəvəzedicilər və qan komponentləri ilə bağlı məsələlər, eləcə də onkoloji xəstəliklər üzrə müəyyən diaqnostik xidmətlər artıq İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil edilib. Digər addımlar da mərhələli şəkildə atılmalıdır".

Milli Məclisin deputatı Günay Ağamalı isə söyləyib ki, leykemiya ilə mübarizədə tibbi müdaxilə ilə yanaşı, psixoloji amillərə də xüsusi diqqət yetirilməlidir:

"Valideynlərin bu məsələyə həssaslıqla yanaşması, eyni zamanda onların özlərinə də lazımi dəstəyin göstərilməsi olduqca vacibdir. Bəzən insan problemlərlə mübarizədə tükənir və hər şeyi yarımçıq qoymaq istəyir. Lakin uşaqların sağlamlıqlarına qovuşmasında və bu mübarizəni davam etdirməsində valideynlərin, xüsusilə anaların rolunu önə çəkmək və onların əməyini qiymətləndirmək çox vacibdir".

Tədbirdə həmçinin "EMEDIA GROUP"un layihə rəhbəri olduğu "Güclü ümid - sağlam gələcək" sosial videoçarxı təqdim olunub.

Bildirilib ki, real həyat hadisələrindən ilhamlanan videoçarx leykemiya ilə mübarizədə ümidin, iradənin və həyata inamın gücünü əks etdirir.

Videoçarxda leykemiyaya qalib gəlmiş şəxsin obrazını aktrisa Ayşən Abdürəhmənova, onun uşaqlıq dövrünü isə hazırda leykemiya ilə mübarizə aparan balaca Ahu canlandırıb.

Tədbirdə leykemiyadan əziyyət çəkən uşaqların valideynləri iştirak edib, onların üzləşdiyi çətinliklər, ailə dəstəyinin əhəmiyyəti və uşaqların mənəvi-psixoloji dəstəyə ehtiyacı müzakirə olunub.