Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti quş qripinin ölkədə yayılma riskinin qarşısını almaq üçün quşçuluqla məşğul olan şəxslərə xəbərdarlıq edib
Azərbaycanın
Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova mayın 7-də "Türkiyə
Respublikasındakı vəziyyətlə və respublika ərazisinə xarici ölkələrdən
köçəri quşların miqrasiyası ilə əlaqədar olaraq keçə biləcək yüksək
patogenli quş qripi xəstəliyinə qarşı qabaqlayıcı profilaktiki
baytarlıq-sanitariya tədbirlərinin görülməsi” məqsədi iləsərəncam
imzalayıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin
mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda bildirilir
ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) rəsmi məlumatına
əsasən, Türkiyədə ev quşları arasında yüksək patogenli quş qripi
xəstəliyi (H5N1) qeydə alınıb.
Hal-hazırda
Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə
respublikanın bir sıra bölgələrində, xüsusən köçəri və vəhşi quşların
miqrasiya marşrutları üzrə məskunlaşdıqları su hövzələrində, Milli
parklarda, Dövlət qoruqlarında, ovçuluq təsərrüfatlarında və ev quşları
arasında monitorinqlərin aparıldığı xatırladılır.
Bütün
bunları nəzərə alaraq rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə,
eləcə də quşçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə
çatdırılır ki, məsələnin vacibliyini nəzərə alaraq, bu sahədə nəzarəti
gücləndirsinlər, baş verə biləcək quş qripi və digər quş xəstəliklərinin
yayılma riskinin qarşısını almaq üçün lazımı tədbirlər həyata
keçirsinlər.
Sərəncamda quşların tam qapalı
şəraitdə saxlanması, onların köçəri və sinontrop quşlarla (sərçə,
göyərçin, qarğa, qağayı və s.) təmasda olmasına yol verməsinlər,
həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında monitorinqlərin
aparılması, əhali arasında quş qripi xəstəliyinin profilaktikası məqsədi
ilə sanitariya-maarifi işinin təşkili, quşların yetişdirilməsinə,
daşınmasına, satışına və kəsiminə dövlət baytarlıq nəzarətinin
gücləndirilməsi, ölkə daxilində diri quşların daşınması
baytarlıq-sanitariya tələblərinə uyğun qapalı şəraitdə, xüsusi
uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçirilməsi, quşların
daşınmasına və müəyyən edilmiş yerlərdə satışına müvafiq baytarlıq
şəhadətnamələri və arayışları olduğu təqdirdə icazənin verilməsinə,
baytarlıq-sanitariya tələblərinə cavab verməyən, habelə Dövlət Baytarlıq
Xidməti tərəfindən müəyyən edilməmiş yerlərdə diri quşların saxlanması,
kəsilməsi və satılmasının qadağan edilməsi və digər vacib məsələlərin
həyata keçirilməsi tapşırılır.
Həmçinin sərəncamda
baytarlıq-sanitariya tələblərinə cavab verməyən, habelə Dövlət
Baytarlıq Xidməti tərəfindən müəyyən edilməmiş yerlərdə diri quşların
saxlanması, kəsilməsi və satılmasının qadağan edildiyi bildirilir. Eləcə
də ərazidə çöl və ev quşları arasında kütləvi ölüm halları müşahidə
olunarsa, dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumatın
verilməsi, patoloji materialların Respublika Baytarlıq Laboratoriyasına
göndərilməsi və cəsədlərin təlimata uyğun zərərsizləşdirilməsinin təmin
edilməsi, «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanunundan irəli
gələn tələblərin icrasında yol verilən qanun pozuntularına görə cavabdeh
şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə
cəlb edilməsi Sərəncamda öz əksini tapıb.