Şuşa Qlobal Media Forumunda rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri çox ciddi müzakirə olundu.
Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldı.
"Doğma Şuşamızda Qlobal Media Forumu keçirilir. Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu", - deyə o, vurğulayıb.
Ə.İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.
O qeyd edib ki, forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulandı və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirildi.
"Belə bir forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir".
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq./trend