Hər sözün öz yeri, öz məqamı var,
daş deyil dayana söz sözün üstə.
Min ildi bir-birdən muğayatdılar,
söz gözün üstədi, göz sözün üstə.
Qardaş hüzurunda qardaş əyilir,
əmrə müntəzirdi, yavaş əyilir.
Bir əlin altında yüz baş əyilir,
bir söz başbiləndi yüz sözün üstə.
Pay ummur dünyanın altun tacından,
düşünmür balası ölər acından.
Kəsin kötük qalsın söz ağacından,
doğrayın Elşəni düz sözün üstə.
******
Qorxma
əcəlin çatmasından,
onsuz da yollar kəsədi.
Fələyin əl çantasından
düşür adamın cəsədi
yol qırağına.
Və çıxır mürdəşirin qabağına
Süpürgəçinin tapdığı xırda pul kim
İKİLƏŞMƏ
və bir gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
sən gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.
və baxıb görərsən bu elə sənsən,
göz sənin gözündü, qaş sənin qaşın.
kostyum, qalstuk, köynək səninki,
əyin sənin əynin, baş sənin başın.
və baxıb görərsən əl də sənindir,
ayaq da sənindir, başmaq da sənin.
hardasa dayanıb yol gözləmək də,
harasa tələsib qaçmaq da sənin.
və bir də görərsən dil səninkidir,
dilin danışdığı söz sənin deyil.
o ağız, o burun, o qulaq sənin
amma ikiləşən üz sənin deyil.
əlini salarsan cibinə bəh-bəh
əl sənin əlindi, cib sənin deyil.
bu gələn avtobus gözlədiyindi,
o minib getdiyin cip sənin deyil.
və bir də baxarsan səndən geridə,
yollarda piyada bir adam qalıb.
yoxdur bənzəriniz bir-birinizə,
yollara göz dikib dəmadəm, qalıb.
********
Ölsəm biləcəksən
o qədər də məşhur deyiləm,
amma qəzetlərdən bir-ikisi yazacaq.
beş-altı sayt da yazacaq.
biri şair deyəcək,
biri müəllim deyəcək...
vallah nə isə yazacaqlar
və sənə hardansa çatacaq ölümüm.
sən ölsən necə bilim?
AY ARI, GÖR HARDA
ŞİRƏ GƏZİRSƏN
Açıq pəncərəmdən uçub bu səhər,
Evimi sən nahaq yerə gəzirsən.
Mənim dilim acı, sözlərim zəhər,
Ay arı, gör harda şirə gəzirsən?
Divarı bəlkə də ahım qurudub,
Çiçək şəkilləri oboyda solub.
Sağ olmuş taleyim elə yarıdıb,
Pöhrə arzularım o boyda solub.
Axı ağzınacan pətəyin baldı,
Qaldırıb səsini nə istəyirsən?
Dərə bilmədiyim bir çiçək oldu
Çəkdin şirəsini, nə istəyirsən?
Ta yolum yoxuşdu, məndən geridə
Şirin xəyalların dərəsi qalıb.
Haçansa bir şirin şeir yazmışam,
Dişində onunmu şirəsi qalıb.
Sancmağa gəlmisən? Elə sancaram,
Zəhər borc alarsan, ay arı məndən.
Gedib pətəyini acılayarsan,
Dostum, aralı gəz, aralı məndən.