"Aprel döyüşləri” cəmiyyətdə 2016-cı ilin Dağlıq Qarabağ danışıqlarında ciddi irəliləyiş ili olacağı təəssüratını yaratmışdı.
Böyük dövlətlərin məsələyə çevik reaksiyası, Rusiya, ABŞ, Avropa Birliyi, ATƏT və BMT-nin ən üst səviyyədə məsələdən ciddi narahatlıq ifadə etmələri, Azərbaycan və Ermənistan prezidentlərinin qısa müddətdə Vyana (16 may) və Sankt-Peterburq (20 iyun) görüşlərinin təşkil olunması və sanki danışıqlar prosesindəki öz passiv rolu ilə barışmış Minsk qrupunun yeni fəallığı cəmiyyətdə belə ümidlərin yaranmasına əsas vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyan arasında baş tutan görüşlərdən sonra səslənən fikirlər isə 20 ildən artıq davam edən problemin həlli ilə bağlı final xəttinə yaxınlama inamını yaradırdı.
Lakin proseslərin sonrakı inkişafı bunun heç də belə olmadığını göstərdi. Diplomatik mənbələr masa ətrafında müzakirə edilən istənilən həll planında ilk olaraq Azərbaycanın işğal altındakı 7 rayonun azad olunmasının nəzərdə tutulduğunu, Sarkisyan hakimiyyətinin isə bu məsələdə güzəştə getməyə hazır olduğunu xəbər versə də, avqust ayından başlayaraq situasiya dəyişdi.
Bunu sübut etmək üçün erməni mediasına göz atmaq kifayətdir. Gündəlik xəbərlərin bir hissəsi təmas xəttində yeni mühəndis-istehkam işlərinin görülməsi, postların yeni gecəgörmə cihazları, kameralar və adı açıqlanmayan digər texniki avadanlıqlarla təmin olunması, aprel döyüşlərinin ssenarisi əsasında bütün korpuslarda hərbi təlimlərin keçirilməsini ilə bağlıdır.
Bu xəbərləri oxuyarkən yaranan təəssürat rəsmi Yerevanın yeni müharibəyə maksimum tez hazırlaşamağa çalışdığını göstərir.
Belə ki, "aprel döyüşləri” sırasında yalnız Milli Ordunun arsenalında olan "Smerç” reaktiv atəş sistemləri, "Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksi, "TOC-1A” ağır artilleriya sistemləri Yerevandakı paradda da nümayiş olundu. Bu, "aprel döyüşləri”ndən sonra Ermənistanın qısa müddətdə Rusiyadan yeni silahlar aldığını və döyüşlərin ilk vaxtlarında "sülhpərvər” obrazda çıxış edən Sarkisyanın yalnız vaxt qazanmaq üçün çalışdığını göstərir. Bu da azmış kimi Ermənistan Azərbaycan Ordusunun arsenalında hələ ki olmayan "İsgəndər-E” operativ-taktiki raket kompleksini də sərgilədi. Bakıya əzələ nümayiş etdirən Sarkisyan yeni "aprel müharibəsi”nə hazırlığı davam etdirməkdə olduğunu göstərir.
Bir sözlə, Ermənistan ikinci aprel istəyir. Lakin yeni müharibə başlasa, bu dəfə döyüşlər beş günlə kifayətlənməyəcək və Sarkisyanın rejiminin iflasına qədər davam edəcək. 2016-cı ilin aprelində yaşadıqları şoku hələ də unuda bilməyən rəsmi Ermənistanın son aylar siyası gedişi öz cəmiyyətində ruh yüksəkliyi yaratmağa köklənib.