Ölkəmizdə iqtisadi inkişaf sahəsində keçid dövrü başa çatdıqdan sonra gələcək inkişaf yolunun
əsas hərəkətverici qüvvələri olmaqla elm və təhsil məsələləri Azərbaycan dövlətçiliyinin diqqət
mərkəzindədir. Prezident İlham Əliyevin BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli yubiley
mərasimində qeyd etdiyi kimi, yeni mərhələdə elm və təhsilin prioritetliyi vacibdir: "Qabaqcıl ölkələrin
təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki,
coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir”.
Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri hələ o vaxt
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O nəinki bu iki sahənin əhəmiyyətini xüsusi
vurğulayırdı, həm də onların daxili əlaqəsini, bir-birini tamamlama şərtlərini də özünəməxsus bir fəhmlə hiss
edirdi: "Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək
təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi – bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin
nəticəsidir”. Müəllimə olan xüsusi diqqət və sayğı da buradan irəli gəlirdi. Lakin yüksək səviyyəli müəllim
kadrlarının yetişdirilməsi üçün də ilk öncə pedaqoji ali məktəblərdə tədrisin yüksək səviyyəsi və onu təmin
etmək üçün yüksək elmi hazırlıq tələb olunur. Yəni təhsildən başlanan dövrə elm mərhələsini keçərək yenidən
təhsildə qapanır.
Bu günün təhsili cəmiyyətin sabahına xidmət etdiyindən ictimai tərəqqinin proqnozu verilmədən,
inkişaf strategiyası müəyyənləşdirilmədən, təhsil sahəsində heç bir islahat aparıla bilməz. Başqa sözlə, təhsil
sistemində hər hansı bir islahat aparılması ancaq təhsilin öz daxili məntiqinə əsaslana bilməz və deməli, ancaq
təhsil işçilərinin vəzifəsi ola bilməz.
Bütün ölkə, cəmiyyət miqyasında həyata keçirilən sosial-iqtisadi və ideya-siyasi islahatların elmi-nəzəri
əsasları işlənib hazırlandıqca, təhsilin qarşısında duran əsas vəzifələr və onların yerinə yetirilməsinin yolları da
getdikcə daha çox aydınlaşmış olur. Müstəqil Azərbaycanda dövlət quruculuğunu əzmlə həyata keçirməklə
bərabər, onun ideya-nəzəri əsaslarını da, milli ideologiyamızın prinsiplərini də müəyyən edən Heydər Əliyev,
heç şübhəsiz, təhsil sahəsinin qarşısında duran vəzifələrə də biganə qalmamışdır. Təhsil sisteminin təşkilati
məsələlərini çox gözəl bilən, keçmiş SSRİ-də təhsil islahatına bilavasitə rəhbərlik etmiş olan Heydər Əliyev,
digər tərəfdən, cəmiyyətə və dövlət quruculuğuna bir sistem halında yanaşarkən, burada təhsilin də yerini
müəyyənləşdirməyi heç vaxt unutmurdu: "Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün
insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.
Göründüyü kimi, Heydər Əliyev təhsilə son məqsəd kimi, nəticə kimi deyil, vasitə kimi baxırdı.
Həyatda uğur qazanmağın vasitəsi kimi. Həyatın sahələri çoxdur. Onların hər hansı birində uğur qazanmaq üçün
müvafiq yönümlü ixtisas biliklərinə yiyələnmək tələb olunur. Müxtəlif ixtisas sahələrində kadr hazırlığının
keyfiyyətinin yüksəldilməsi nəticə etibarı ilə iqtisadiyyatın inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə
xidmət edir. Fərəhləndirici haldır ki, "xalqımızın elmi potensialı, təhsil potensialı bütün sahələrdə yüksək
mütəxəssislərlə təmin olunmaq potensialı get-gedə artır. Bu da bizim müstəqillik dövründə əldə etdiyimiz əsas
nailiyyətlərdən biridir” (Heydər Əliyev).
Müasir dövrdə ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi
ilə deyil, həm də insanla cəmiyyət arasındakı münasibətin forması, cəmiyyətdəki demokratiklik və insanların
azadlıq dərəcəsi ilə müəyyən olunur. Əgər iqtisadi dirçəliş, elmi-texniki tərəqqi daha çox rasional düşüncə,
intellektual potensialla şərtlənirsə, insanın sosial və mənəvi yüksəlişi daha çox siyasi mədəniyyət və hüquqi
təfəkkürlə şərtlənir. Bütün bunların inkişafı isə ilk növbədə təhsil sisteminin necə təşkil olunmasından asılıdır.
İnformasiyanın sürətlə artması, biliklərin həcminin insanın aktiv hafizəsi ilə müqayisədə hədsiz
dərəcədə çox olması, cəmiyyətdə hadisələrin tempinin həddindən artıq böyüməsi, lakin insanın zaman
koordinatının buna adaptasiya oluna bilməməsi qarşıya bir sıra problemlər qoyur. Bu problemlərin həlli insanın
və cəmiyyətin inkişafı arasındakı fərqlə bağlıdır. Əsrlər boyu cəmiyyətin inkişafı ilə ayrıca götürülmüş bir
insanın keçdiyi inkişaf arasında bir əlaqə və uyğunluq olmuşdur. Lakin müasir dövrdə cəmiyyət elə yüksək
inkişaf tempi götürmüşdür ki, insan onu haqlamaqda çətinlik çəkir.
Ona görə də, müasir dövrdə qarşıda duran ən böyük problem insanın inkişaf tempini cəmiyyətin inkişaf
tempinə uyğunlaşdırmaqdır. Bu funksiyanı təhsil sistemi yerinə yetirməlidir. Təhsil elə qurulmalıdır ki, ilkin 473
ümumi əsaslardan sonra dar ixtisaslaşma getsin. Çünki müasir informasiya bolluğu şəraitində insanın aktiv
hafizəsi ancaq dar ixtisas sahəsini əhatə edə bilər.
Beləliklə, təhsil bir tərəfdən insanların ümumi rasional dilə malik olmasını, o biri tərəfdən də insanların
müxtəlifləşməsini, fərqli peşə və sahələr üzrə ixtisaslaşmasını təmin etməlidir. Həm də bu proses elə həyata
keçirilməlidir ki, müxtəlif qruplara ayrılmış insanların əldə etdikləri nailiyyətləri əlaqələndirmək və toplamaq
mümkün olsun.
Bəli, müasir dövrdə dünyanın bütün qabaqcıl ölkələri təhsilin bu optimal modelinin axtarışındadır.
Keçid dövründə olan Azərbaycanda da əvvəlki təhsil sistemi, heç şübhəsiz, özünü doğrulda bilməzdi. Yeni
tələblərə, dövrün ab-havasına uyğun olan yeni təhsil sisteminə böyük ehtiyac var idi və ulu öndər bu sahədə
böyük quruculuq işlərinin vacibliyini hiss edirdi. Lakin, əlbəttə, iqtisadiyyatı qaydaya salmadan elm və təhsil
sahəsində fundamental islahatlar aparmaq hələ tez idi.
Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş Heydər Əliyev
müstəqillik şəraitində açılan yeni imkanlardan istifadə etməklə əvvəl qazanılmış nailiyyətləri daha da
möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edirdi: "İndi bizim təhsil sistemimiz müstəqil
Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın
milli mənafelərinin inkişafına yönəldilsin. Güman edirəm ki, bizim alimlər, müəllimlər təhsil sahəsində
ixtisaslaşmış institutlar bu işlərin öhdəsindən gələcəklər”. Biz elm və təhsil işçiləri ulu öndərin bu tövsiyələrini
unutmamışıq və bu sahədə müsbət istiqamətdə bir dönüş yaradılması uğrunda mübarizəni indi də davam
etdiririk.
Müstəqil dövlət quruculuğu şəraitində həmçinin müstəqil təhsil siyasəti yeridilməsinə, sovet təhsil
sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin yeni miqyası, daxil olduğu yeni ictimai-iqtisadi
münasibətlər, habelə milli və regional xüsusiyyətlər əsasında vahid elm və təhsil konsepsiyası hazırlanması
zərurəti qaçılmazdır. Əlbəttə, ötən dövr ərzində Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına qatılması
istiqamətində mühüm işlər görülmüş, təhsil haqqında yeni qanun qəbul edilmişdir.
Yeni imkanlar şəraitində respublikamızın təhsil sistemində artıq müəyyən dəyişikliklər edilmiş, müasir
tipli kolleclər, liseylər açılmış, ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Ali
təhsildə ikipilləli sistemə keçilmiş, qabaqcıl universitetlərdə magistraturalar açılmışdır. Bizcə, bu istiqamətdə
tədbirlərin davam etdirilməsinə və bu işdə xarici ölkələrin təcrübəsindən geniş istifadə olunmasına böyük
ehtiyac vardır.
Heydər Əliyev dünya praktikasını və yerli xüsusiyyətləri nəzərə almaq, bu sahədə hər hansı bir islahatı
hərtərəfli və mütəşəkkil şəkildə həyata keçirmək zərurətini qeyd edərək deyirdi: "Biz təhsil sahəsində
yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyinizi sizdən tələb edirik. Ancaq bu işlər
gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə
almalısınız. Müasir texnikanın, texnologiyanın, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək,
respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə
kadr hazırlamaq lazımdır və bunların əsası orta təhsil illərində qoyulmalıdır”.
Fərəhli haldır ki, Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində ən böyük işlər də məhz
onun adını daşıyan fondun geniş və hərtərəfli fəaliyyəti ilə həyata keçirilir. Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilmiş,
təhsilin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün misilsiz işlər görülmüşdür. Müstəqilliyimiz
möhkəmləndikcə təhsil sahəsində də daha inamlı addımlar üçün şans yaranır. Heydər Əliyev Azərbaycan
müəllimlərinin qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdi: "Biz müstəqil dövlət
olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi
təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın
təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək…”
Heydər Əliyev qazanılmış hər hansı bir nailiyyətlə kifayətlənmirdi. Xüsusən, elm və təhsil sahəsində
görüləcək işlərin çoxunun hələ qabaqda olduğunu da tez-tez vurğulayırdı: "Bu gün biz müstəqil Azərbaycanda
bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması
sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm
də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır.”
Təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklər öyrədilməsi ilə məhdudlaşmır. Uşaqların
cəmiyyətin bir üzvü kimi hazırlanması ictimai biliklərin öyrədilməsi ilə yanaşı, fəal ictimai praktika da tələb
edir. Məktəb təkcə uşağın başını biliklərlə doldurmaq üçün deyil, həm də onu həyata hazırlamaq üçündür. Orta
məktəb uşağı ümumiyyətlə, həyata hazırlayır. Ali məktəb isə onu bir peşəkar kimi müəyyən sahənin mütəxəssisi
olaraq yetişdirir. Bu axırıncı mərhələdə həyata hazırlanmaq gənclərin ali məktəbi bitirdikdən sonra çalışacaqları 474
istehsal və ya xidmət müəssisələrindəki real şəraitə və tələblərə uyğun surətdə əməli vərdişlərin
mənimsənilməsini nəzərdə tutur. Digər tərəfdən, tələbələrin həm də bir vətəndaş kimi yetişməsi, onların siyasi
və hüquqi mədəniyyətlərinin formalaşması üçün ali məktəb bu sahədə sadəcə biliklər verməklə
kifayətlənməyərək, ictimai həyatın fəal iştirakçısı kimi fəaliyyət göstərməlidir.
İstər hər hansı bir ixtisas sahəsində, istərsə də ictimai həyatda fəallıq isə müvafiq elmi biliklərə
əsaslanmalıdır. Heydər Əliyev deyirdi: "Gənclərimizi elmə, mədəniyyətə daha da çox cəlb etmək lazımdır.
Gənclərimizdə elmi-tədqiqat işlərinə həvəs oyatmaq lazımdır. Azərbaycan elminin gələcəyi müasir gəncliyin
elmi tədqiqat işinə necə cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradılmasından asılıdır”.
Üstün elmi tədqiqat istiqamətlərinin düzgün seçilməsi, tələbə, aspirant və gənc alimlərin intellektual
potensialının ölkəmiz üçün gərəkli olan problemlərə yönəldilməsi elm təşkilatçılarının, elmi-tədqiqat institutları
və ali məktəb rəhbərlərinin başlıca vəzifələrindən biridir.
Yaxın keçmişdə kommunist ideologiyası cəmiyyətşünaslıq sahəsindəki tədqiqatları
məhdudulaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə yol verilmədiyindən bütün intellektual potensial əsasən
təbiət elmləri və riyaziyyata yönəldilirdi. Ona görə də cəmiyyətin, iqtisadiyyatın, təsərrüfatın elmi əsaslarla
idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın bir elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə
xas bir hadisə idi. İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılmışdır. Həm də milli
dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha da artırır və intellektin daha çox bu sahəyə
yönəldilməsini tələb edir. Təsadüfi deyil ki, Heydər Əliyev məhz humanitar elmlərə xüsusi diqqət verir və
onların real ictimai həyatdakı rolunu yüksək qiymətləndirirdi: "Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən
çox təsirlisi humanitar elmlərdir”.
Elm planetar, ümumbəşəri hadisədir. Vahid, böyük elm prosesinə daxil ola bilməyən, sanki ancaq özü
üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə daxil olmağın öz şərtləri vardır.
Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır.
Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, yalnız artıq keçilmiş yolların küncbucağında
yer tuta bilərlər, lakin bu, elm hesab edilə bilməz.
Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əyləncəsi
olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən
ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sahələri arasında isə bir
körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata
keçən mürəkkəb ictimai prosesdir. Lakin hətta ən böyük ölkələr üçün də müstəqil elm məkanından danışmaq
mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. Ona görə
də, hər bir ölkə öz elm strategiyasını imkanlarına uyğun olaraq qurmalıdır.
Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük elmi potensiala malikdir. Bu potensialın
yaranmasında Elmlər Akademiyasının böyük rolu olmuşdur. Hazırda Azərbaycan elmin bir sıra sahələrində
bütün dünya miqyasında qabaqcıl mövqe tutur. Bu uğurların səbəblərini araşdırmaq və onları möhkəmləndirmək
lazımdır.
Milli Elmlər Akademiyasının statusunun daha da yüksəldilməsi, nüfuzunun artması, burada əsl elmi
yaradıcılıq atmosferinin təmin edilməsi çox vacibdir. Bu gün ən vacib məsələlərdən biri akademiyaya seçkilərin
müntəzəm və elmi meyarlar əsasında keçirilməsi, onun özəyini təşkil edən həqiqi və müxbir üzvlər sırasına
nisbətən gənc, istedadlı alimlərin seçilməsi, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin
səlahiyyətlərinin artırılmasıdır. Bu gün cəmiyyətdə "akademik” imicinin bərpasına böyük ehtiyac vardır.
Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzərə
alınsa, bir o qədər yaxşıdır.
Lakin elmin inkişafını yalnız Milli Elmlər Akademiyası ilə bağlamaq olmaz. Çünki bu inkişaf həm
təhsil sistemi ilə, xüsusən də ali məktəb, magistratura və doktoranturadakı fəaliyyətlə, həm müasir
texnologiyaya əsaslanan sənayenin inkişafı ilə, həm də digər fəaliyyət sahələrinin nəzəri səviyyədə dərk
olunması təşəbbüsləri ilə sıx surətdə bağlıdır. Bu təşəbbüslər çox müxtəlif təşkilati formalarda həyata keçirilir.
Keçmiş SSRİ-də elmin inkişafı ona görə əsasən Elmlər Akademiyası ilə bağlanırdı ki, onun yeganə fəaliyyət
sahəsi elmi tədqiqat idi. Lakin qarışıq sahələrdə də elmin öz payı var. Heç də belə düşünmək olmaz ki, guya,
MEA-dan başqa heç yerdə, o cümlədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola bilməz. Bu, çox səhv
təsəvvürdür. Çünki elmi mühitsiz təhsil müəssisəsi universitet sayılmamalıdır. Universitetin başqa ali
məktəblərdən əsas fərqlərindən biri də onun nəzdində elmi-tədqiqat institutlarının olması, burada geniş miqyaslı
elmi yaradıcılıq fəaliyyətinin təşkilidir.
İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf perspektivlərini araşdırarkən köhnə
təşkilati formalar, onların müsbət ənənələrinə hörmətlə yanaşmaqla bərabər, yeni, optimal və zamanın 475
tələblərinə daha çox cavab verən təşkilati formalara da biganə qalmamalıyıq. Qanunların məqsədi yaradıcılıq
axtarışlarının, o cümlədən təşkilati forma axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək
istənilən yeni formaya hüquqi imkan verilməsi olmalıdır. Bu baxımdan, biz elm və təhsilin birgə inkişaf
konsepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsipləri ön plana çəkməyə və süni məhdudiyyətləri aradan
götürməyə çalışmalı, bürokratik mexanizmləri sadələşdirməliyik.
Milli Elmlər Akademiyası, heç şübhəsiz, Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xidmətləri
olan, böyük kadr potensialına malik nəhəng bir qurumdur. Ona görə də yarım əsr ərzində toplanılmış təcrübəni
nəzərə almadan, yeni bir qurum yaratmaq sadəlövhlük olardı. Bu səbəbdən Azərbaycanda elmin inkişafı ilə
bağlı islahatlar aparılarkən ilk növbədə Elmlər Akademiyasının təcrübəsi və potensialı nəzərə alınmalıdır. Elm
və təhsilin əlaqələndirilməsi işində də bu çox vacibdir. Təsadüfi deyildir ki, bir çox mütəxəssislər
magistraturanın akademiya ilə birlikdə, onun bazasından və elmi potensialından istifadə etməklə yaradılması
məsələsi qaldırırlar. Bizim fikrimizcə, magistratura ali məktəblərin monopoliyasında qalmamalı və akademiya
sistemində çalışan alimlər təhsil prosesindən kənarlaşdırılmamalıdırlar.
Lakin bununla yanaşı, öz elmi kadr potensialına görə bir sıra sahələrdə akademiyadan geri qalmayan
universitetlərdə də elmin inkişafına şərait yaradılmalıdır. Bu, müxtəlif qurumların paralel tədqiqat aparması və
bir-birini təkrar etməməsi üçün akademiya sistemində olan elmi-tədqiqat institutları ilə universitetlərin
nəzdindəki elmi-tədqiqat mərkəzləri və kafedralar arasında sıx koordinasiya olmalıdır. Respublikamız o qədər
böyük deyil ki, müəyyən bir elm sahəsində olan konkret elmi-tədqiqat mərkəzlərini müasir laboratoriyalarla
təmin edə bilsin. Ona görə də mərkəzləşdirilmiş elmi idarəçilik prinsipi zamanın tələbidir. Lakin bu prinsipin
hansı hallarda birləşmə şəklində, hansı hallarda əlaqələndirmə və birgə fəaliyyət şəklində həyata keçirilməsi
konkret yanaşma tələb edir. Məhz buna görə də əvvəlcə Milli Elmlər Akademiyasının nisbi müstəqil bir qurum
kimi fəaliyyətinin, eyni zamanda, universitet elminin nisbi müstəqil bir proses kimi təşkil olunmasının qanunda
təsbit edilməsindən deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi əsaslarının hazırlanmasından çıxış
edilməlidir.
Təsadüfi deyil ki, Heydər Əliyev BDU-nun yaradılması və inkişaf yolunu səciyyələndirərkən burada
elm və təhsilin vəhdəti məsələsini xüsusi vurğulayırdı: "Universitet həm yüksək təhsil ocağı, həm də
Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur”. Bəli, təkcə
akademiya deyil, universitetlər də elm ocağı olmalıdır. Lakin bu gün biz buna necə nail ola bilərik? Mənə elə
gəlir ki, bu məsələnin düzgün həlli üçün də Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə böyük ehtiyac
vardır.
İctimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin bütün sahələrində böyük
quruculuq işləri gedir. Bir tərəfdən, yeni ictimai-iqtisadi münasibətlərə keçid, digər tərəfdən, milli özünüdərk və
özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməmişdir. Lakin bu
proseslər fərəhli olmaqla bərabər, çətin proseslərdir. Çünki neçə onilliklər ərzində formalaşmış sistemlərin
dağıdılıb yenidən qurulması bəzən böyük maddi itkilər və mənəvi-psixoloji sarsıntılarla müşayiət olunur. Bəzən
də bu proseslər qeyri-peşəkar səviyyədə aparıldığından əlavə çətinliklər və itkilər yaradır. Xüsusilə
müstəqilliyin ilk illərində, dövlətin sükanı naşı əllərdə olduğu vaxtlarda yeniləşmə, yenidənqurma prosesləri
"hələ dağıdaq, sonra qurarıq” mövqeyindən həyata keçirilmiş, neçə onilliklər ərzində böyük zəhmətlər, səylər
nəticəsində qazanılmış qabaqcıl mövqelər əldən verilmiş, yenidən, sıfırdan başlamaq xətti əsas götürülmüşdür.
Özünün məhz quruculuq, yaradıcılıq ənənələri ilə Azərbaycan xalqının qəlbində dərin iz buraxmış
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın sosializm dövründən qalmış iqtisadi və mədəni-mənəvi
sərvətlərinin dağıdılması proseslərinə son qoydu və yeni quruculuq işləri varislik prinsipi əsasında, əvvəlki
mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başlandı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ən böyük milli sərvətlərimizdən biri olan Elmlər Akademiyasının
taleyi də sual altına alınmışdı və məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu tərəddüdlərə və
narahatçılıqlara son qoyuldu və bu barədə Prezidentin qəti fikri bəyan edildi: "Akademiyanın indiyə qədər
topladığı təcrübə bizim üçün əzizdir, onu qorumalı, saxlamalıyıq”.
Elm sahəsində quruculuq işləri, bu sahədə çalışan adamların əməyinin müasir tələblər səviyyəsində
qiymətləndirilməsi, akademiya üzvlərinin orta yaş həddinin aşağı salınması və s. bu kimi yeniliklər AMEA-da
geniş islahatlar aparılması üçün şərtdir. Və bu gün biz qətiyyətlə deyə bilərik ki, yaxın vaxtlarda akademiyada
ciddi quruculuq işləri həyata keçiriləcək və elmin müasir tələblərə uyğun surətdə təşkilatlanması ilə bağlı ciddi
tədbirlər görüləcəkdir.
Milli Elmlər Akademiyasının taleyi ilə bağlı son vaxtlar yayılmış bəzi şayiələri qəti şəkildə təkzib
edərək yada salmaq istəyirik ki, AMEA həmişə bilavasitə Heydər Əliyevin himayəsi altında olmuşdur və bu xətt
indi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Xüsusən, onun dağıdılmasına yönəldilmiş heç bir addım 476
atıla bilməz. Heydər Əliyev ona məxsus uzaqgörənliklə bu sahədə ortaya çıxa biləcək belə söz-söhbətlərin
qarşısını almaq üçün bu məsələ ilə bağlı qəti mövqeyini də qabaqcadan bildirmişdi: "Heç vaxt imkan vermək
olmaz ki, kimsə, o cümlədən, prezident öz əhval-ruhiyyəsi ilə bunu dağıtsın. Ola bilər, başqa prezident bunu
etsin, amma mən heç vaxt edə bilmərəm”. "Müqəddəs elm ocağı”! Bu sözlər də Heydər Əliyevə məxsusdur və
Elmlər Akademiyası haqqında deyilmişdir.
İndiki dövrdə də Azərbaycanda elmin və Milli Elmlər Akademiyasının taleyi ilə bağlı bədbin əhvalruhiyyə
üçün heç bir əsas yoxdur. Lakin bu o demək deyildir ki, hər şey elə əvvəlki kimi qalmalıdır. Biz bu
sahədəki sərvətlərimizi qoruyub saxlamaqla yanaşı, onları inkişaf etdirmək barədə də düşünməliyik. Bu
baxımdan, Azərbaycanda elmin təşkilati strukturunun təkmilləşdirilməsi, müxtəlif tabelikli elm-təhsil, elmitədqiqat
müəssisələrinin və sahə elmlərinin əlaqələrinin optimallaşdırılması ilə bağlı ciddi tədbirlər görülməsinə
böyük ehtiyac vardır.
Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də saxlandığı, lakin ictimai-iqtisadi
bir hadisə kimi öz yerini tapa bilmədiyi bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəziləri köhnə elmin
təşkilati formalarını, bəziləri hətta, bu təşkilatların yerləşdiyi binaları və öz əvvəlki funksiyalarını artıq çoxdan
itirmiş laboratoriyaları, bəziləri üstündə monoqrafiya və ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul
və adları, bəziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları elmin özü ilə qarışıq salırlar.
Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyasda elmlə məşğul olmaq, ola bilsin ki, ancaq bir düşüncə
prosesidir. Baxmayaraq ki, bu düşüncənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayınca o, ən
böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də elm fərdi miqyas daşıya bilməz. O ki
qala, cəmiyyət üçün, xalq üçün. Müəyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı,
intellektual əyləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin
inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət
sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu olduqca böyük, bütün
ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir. Heydər Əliyev deyirdi: "İndi dünya mədəniyyət
dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır”.
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun
istiqamətlərdə inkişaf etdirilir. Bu baxımdan, təbii ki, Azərbaycan inqtisadiyyatının da elm tutumlu sahələri
müəyyənləşdirilməli və tədqiqatlar, əsasən, bu istiqamətlərə yönəldilməlidir. Lakin tətbiqi elmlərlə yanaşı,
fundamental elmlər də vardır və onlar bir qayda olaraq bütün ölkələrdə deyil, yalnız ən qabaqcıl ölkələrdə
inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlədən, fundamental elmlərə praqmatik münasibət hələ
formalaşmadığından çoxları bu sahəyə, sadəcə, milli imici yüksəldən bir amil kimi baxır.
Həm fundamental, həm də tətbiqi elmlər iki müxtəlif parametrlə səciyyələnir. Sözün həqiqi mənasında,
böyük elm – elmi yaradıcılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əldə edilməsi, elmi nəzəriyyələrin
formalaşması prosesi vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəyyənləşir. Lakin elm piramidası həm də
oturacaq müstəvisinin sahəsi ilə, artıq məlum elmi biliklərin və nəzəriyyələrin mənimsənilməsi və yayılma
dərəcəsi ilə ölçülür.
Hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris
proqramlarına daxil edilməsi və yayılması prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə
zənginləşməsi, elmi biliklərin əhali arasında paylanması və ya daha doğrusu, elmi biliklərin adi şüurun
strukturuna daxil olması – bəli, bütün bunlar da göstəricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqəsi yoxdur.
Müasir dövrdə Azərbaycanda elmi potensialdan səmərəli istifadə etmək və onu ictimai tərəqqinin
mühüm hərəkətverici qüvvələrindən birinə çevirmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati
strukturunu yeni tələblərə uyğun surətdə optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün dünya alimlərinin
birgə səyi ilə yaradılan və inkişaf etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir ölkə
elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun olaraq qoşulur. Əsas məsələ
məqsədin düzgün seçilməsidir. Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sahələrindəki nailiyyətləri öz
ölkəmizdə tətbiq etmək imkanlarına malikik? Bizim sənayenin və kənd təsərrüfatının texnoloji inkişaf səviyyəsi
və burada istifadə olunan qurğuların elmi tutum dərəcəsi öyrənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm
sahələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tərəfdən, bizim texnologiyanın elmin hansı inkişaf səviyyəsinə
adekvat olduğu nəzərə alınmalıdır.
Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası, həqiqətən, ən diqqətəlayiq formalardan
biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. Lakin
nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sistem daha çox dərəcədə sosializm cəmiyyəti üçün səciyyəvi idi.
Bəli, sosializmin bu sahədə kapitalizm cəmiyyətinə nisbətən, həqiqətən, üstünlükləri var idi. Lakin iqtisadiyyat
sahəsində dövlət monopoliyasından imtina edilməsi və bazar münasibətlərinə keçilməsi şəraitində elmin 477
mərkəzləşmiş qaydada fəaliyyəti bir sıra çətinliklərlə bağlıdır. Biz bu mahiyyət fərqini nəzərə almadan, guya,
hər şeyi əvvəlki qaydada qala biləcəyi fikri ilə özümüzü aldada bilmərik. Burada əvvəlcə iki müxtəlif ictimaiiqtisadi
sistemin üstün cəhətlərinin inteqrasiyası kimi çox mürəkkəb bir prosesin elmi-metodoloji əsasları işlənib
hazırlanmalıdır.
Bəli, Elmlər Akademiyası saxlanmalıdır. Lakin hansı formada, hansı fəaliyyət istiqamətlərində və hansı
infrastruktura daxil olmaqla? Bunlar irəlicədən müəyyənləşdirilməlidir. Bu gün akademiyanın keçmiş SSRİ
Elmlər Akademiyasından qopub ayrılmış və təşkilati forması yeni miqyasın tələblərinə uyğun gəlməyən hazırkı
vəziyyətini eynilə qoruyub saxlamaqdansa, onu daha mobil, daha çevik və daha məqsədyönlü bir quruma
çevirmək tələb olunur. Əgər biz elmi potensialımızın bazasında, həqiqətən, rentabelli işlək bir elm modeli qura
bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər getməyəcəyinə – "fundamental elm – tətbiqi elm – texnoloji
ideya – mühəndis-konstruktor layihəsi – istehsal” zəncirində hər bir halqaya ayrılan pulun hədər getməyəcəyinə,
sonrakı halqaların hesabına əməli nəticəsi olacağına əmin ola bilər.
Hal-hazırda Azərbaycanda təkcə Elmlər Akademiyası ilə deyil, bütövlükdə, elmin inkişaf strategiyası ilə
bağlı, elmin müasir tələblərə cavab verən təşkilati strukturunun formalaşdırılması ilə bağlı tədqiqatlara böyük
ehtiyac vardır. Həm də bütün bu tədqiqatların əsasında məhz Heydər Əliyev ideyaları dayanmalıdır. Çünki onun
uzaqgörən siyasəti və qeyri-adi intuisiyası bizim bugünkü və bütün gələcək uğurlarımızın da yoluna işıq saçır!
Fəridə Bağırova
Bakı şəhəri, Nizami rayonu 229 saylı tam orta məktəbin direktoru