Son günlərdə ən çox müzakirə olunan mövzu
deputat Günay Ağamalının uşaq pulu ilə bağlı dediyi sözlər olub. Deputatin
fikirləri birmənalı qarşılanmasa bir sıra nüanslara nəzər salmaq yaxşı olar.
Ümumilikdə onu qeyd edək ki, Azərbaycanda uşaq pulu ilə bağlı həyata keçirilən
siyasət var. Bu sosial siyasət nəticəsində bir sıra ailələr uşaq pulundan
yararlanır. Ancaq bunun ümumi və kütləvi şəkildə verilməsi təbii ki, indiki
məqamda mümkünsüz görünür. Ən azından ona gprü ki, uzun illərdir müzakirə
olunan məsələ barəsində müsbət qərar qəbul olunmur.
Deputatın çıxışında tənbəllik yaradacaq fikri
əslində imkanlı ailələrə veriləcək müavinətlərlə bağlıdır ki, imkanlı ailə uşaq
pulu alarsa onun imkanları daha genişlənəcək. Bu baxımdan uşaq pulu veriləcəksə
əgər bunu imkansız ailələrə vermək lazımdır. Əslində deputat uşaq pulunun verilməməsinin tərəfdarı olmadığı görünür. Çünki, ən azından uzun illər uşaqlarla fəaliyyət göstərən birisi kimi o bunu daha dərindən hiss edir.
Kasıb onsuz da kasıbdır. Dövlətdən gələcək hər
hansı məbləğ onsuzda onun heç bir tələbatını ödəyə bilmək iqtidarında deyil. Mövzunun
həssaslığını nəzərə alıb dünya ölkələrində uşaq pulu ilə bağlı vəziyyətlə bağlı
aparılmış araşdırmanı diqqətinizə çatdırmaq istərdik. Birləşmiş Ərəb
Əmirliklərində yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər
müavinət ayrılır. Həmçinin körpənin adına bankda hesab açılır və 18 yaşında ona
100 min dollar pul verilir.
Küveytdə yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində
hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur.
Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10
min dollar arası birdəfəlik vəsait təqdim edilir.
Rusiyada bir uşağa ayda 300 dollar vəsait ödənilir.
Türkiyədə isə 6 yaşdan yuxarı uşaqlar üçün müavinət 38,62; 6
yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir. Gürcüstanda uşaqpulu
valideynlərin gəlirlərinə əsasən hesablanır. Əgər hər iki valideynin toplam
aylıq gəliri 1000 dollardırsa, bir uşaq üçün ayda 125 dollar ödənilir.
Amerikada 17 yaşadək hər uşaq üçün müavinət ildə 2000 ABŞ
dolları təşkil edir. 6 yaşınadək uşaqlar üçün bu məbləğ 3600 ABŞ dolları təşkil
edir.
Sonda onu qeyd edim ki, uşaq pulu dövlət tərəfindən uşaqlı
ailələrə verilən sosial yardım növüdür. Bu maddi dəstək, uşaqların sağlam və
normal şəraitdə böyüməsini təmin etmək, onların sosial rifahını yaxşılaşdırmaq
məqsədi daşıyır. Uşaq pulu həm ailənin maddi yükünü azaltmağa, həm də uşaqların
ehtiyaclarını qarşılamağa kömək edir. Adətən, uşaq pulu aylıq olaraq müəyyən
məbləğdə ödənilir və vəsaitin məbləği, ödəniş qaydası ölkənin sosial
siyasətindən və qanunvericiliyindən asılı olaraq dəyişə bilər.
Uşaq pulunun tətbiqi bir çox ölkələrdə 20-ci əsrin
əvvəllərində sosial müdafiə tədbiri kimi formalaşmağa başlamışdır. Azərbaycanda
da uşaq pulu sosial təminat sisteminin mühüm elementlərindən biridir və bu
yardımın verilməsi dövlət tərəfindən qəbul olunmuş qanunvericilik aktları ilə
tənzimlənir. Uşaq pulunun hüquqi əsasları Azərbaycan Respublikasının
Konstitusiyası, Əmək Məcəlləsi, “Sosial müavinətlər haqqında” qanun və digər
normativ hüquqi aktlarla müəyyən edilir. Bu sənədlərdə uşaqların və ailələrin sosial
müdafiəsi, onların hüquqlarının qorunması və maddi təminatının gücləndirilməsi
əsas prinsiplər kimi göstərilir.
Uşaq Puluna Kimlər Haqq Qazana Bilər?
Uşaq puluna əsasən, Azərbaycan Respublikasının vətəndaşı
olan və azyaşlı uşağı olan ailələr müraciət edə bilərlər. Yardımdan faydalanmaq
üçün ailənin gəlir səviyyəsi, uşağın yaşı, ailənin tərkibi kimi bir sıra
meyarlar nəzərə alınır. Sosial müdafiə orqanları tərəfindən müəyyən edilmiş
tələblərə uyğun gələn valideynlər və ya qanuni qəyyumlar bu dəstəkdən yararlana
bilərlər. Uşaq pulunun verilməsi üçün müraciət edən şəxslər müvafiq sənədləri
təqdim etməli və qanunla müəyyən olunmuş prosedurları yerinə yetirməlidirlər.
Bu meyarlar və şərtlər qanunvericiliyə uyğun olaraq zaman-zaman dəyişdirilə və
yenilənə bilər.
Ədil Ədilzadə