Hirkan Milli Parkında yanğının söndürülməsinə helikopter cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avqust 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
14:14
Bu gün Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.
Oxu.Azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
"Hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır".