Sentyabrın 12 -də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevin ailəsini ziyarət etdi. Layihənin məqsədi milli qəhrəmanlarımızın döyüş yollarını gənc nəsillərə təbliğ etməkdi. Torpağı, milləti uğrunda canını qəhrəmancasına fəda edən belə oğullarımızdan biri də Milli Qəhrəman, polkovnik – leytenant Murad Mirzəyevdi.
1976 – cı ilin martın 31 – də Sabirabad rayonunun MuğanGəncəli kəndində anadan olan Murad Mirzəyev ilk hərbi təhsilini anasının dəstəyi və istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə alır. Ailədə hərbiçi olmamasına baxmayaraq, Murad Mirzəyevdə hərbiyə qarşı qəribə, qeyri – adi bir sevgi, istək olub. Daha sonra bu istək daha da artır və gələcəyin polkovnik – leytenantı 1991 – 1994 – cü illərdə Türkiyədə Mustafa Kamal Atatürkün təhsil aldığı Kara Harp Hərbi məktəbinə daxil olur. Burada tələbələr arasında seçilərək "Onur başqanı” rütbəsini alır. Sonra Türkiyədə motoatıcılıq üzrə komandir vəzifəsində çalışır.
Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva çətinliklə də olsa torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidimizin döyüş yolundan danışdı. Fizzə xanım bildirdi ki, Murad bəyin ilk hərbi işi Gəncə şəhərində olub. Bir müddət Gəncədə fəaliyyət göstərən Milli Qəhrəmanımız daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa qərar verir. Dəfələrlə Türkiyə, Amerika, Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edən Murad Mirzəyev hər zaman ən ağır əməliyyatlarda sona qədər iştirak edib, rəhbəri olduğu heyətin təhlükəsizliyi üçün hər zaman irəlidə addımlayıb.
Fizzə xanım 20 il zabit kimi fəaliyyət göstərmiş Murad Mirzəyevi öndə gedən komandir adlandırır. "Murad heç vaxt əmr verib, kənara çəkilməyib, əmrin icrasında birbaşa özü də iştirak edib. Bunu tək mən demirəm. Bu yaxınlarda onun zabitlərindən birinin yazısını oxudum. O da qeyd edir ki, Murad Mirzəyev hər zaman verdiyi əmrlərdə, təşkil olunan əməliyyatlarda öndə gedib. Biz hər zaman onun arxasında irəliləmişik.
Murad hərtərəfli zabit idi. Həm xarici görünüşlü, həm də təhsilli, savadlı idi. Öz peşəsini o qədər sevirdi ki, hər zaman öz üzərində işləyirdi. O bu yolda heç zaman büdrəməyib, həmişə qarşısına qoyduğu məqsədlərə nail olurdu. Bu sahədə heç zaman yorulmadı. Əksinə əldə etdiyi hər uğurda qarşısına daha böyük məqsədlər qoyurdu. Murad öz gücünün sayəsində bütün uğurlara nail oldu. Polkovnik – leytenant zirvəsinə kimi ucaldı… Ən böyük arzusu general olmaq idi. Və bu sahədə də irəliləyiridi, qiyabi təhsil alırdı. Dəfələrlə xarici ölkələrdə kecirilən təlimlərdə iştirak edib”.
Fizzə xanım onu da qeyd elədi ki, Murad Xüsusi Təyinatlılar üçün ən ağır təlim olan "Rencer” təlimində iştirak edən yeganə azərbaycanlı olub. Daha sonra Bakı şəhərində Xüsusi Təyinatlılarda çalışmağa başlayıb. Sonuncu çalışdığı vəzifə Hərbi Hissə Qərargahının rəisi olub. Xüsusi təyinatlılar ancaq əməliyyatlarda iştirak edirdi. Murad bütün o yerləri ovcunun içi kimi tanıyırdı. Hətta ermənilər onun ələ keçirilməsi üçün əllərindən gələni edirdilər. Murad ən çox xəritə çəkmək üzrə yeganə mütəxəssis olub. Bir ayda necə dəfə döyüş bölgəsinə gedib – gəlirdi. Onların işləri gizlin idi. Evdə iş haqqında danışmağı heç vaxt sevməzdi” – deyə Fizzə xanım qeyd edir.
Çox zaman cəmiyyətimizdə hərbiçilər sərt, kobud biri kimi təqdim olunur. Fizzə xanım bildirdi ki, Murad bəy xaraktercə çox sakit, səbirli, mülayim bir insan idi. Həyatımda nə zamansa Muradsız bir günümü təsəvvür edə bilmirdim.
Amma o həmişə məni hazırlayırdı. "Sən güclüsən, sən hər şeyin öhdəsindən gələcəksən” – deyirdi. Mənə o qədər güc verirdi, hər şeyin yaxşı olacağına o qədər inandırırdı ki… İndi onsuz bizə çox çətindi…”