Böyük Qayıdışın Cəbrayıl tarixçəsi

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü elan olunub. Bu Cəbrayıl rayonunun işğaldan azad olunduğu gündür. 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Sayı 52 mindən çox olan Cəbrayıl əhalisi ölkənin müxtəlif bölgələrində yerləşən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdırılmlşdı. Ərazisi cəmi 1050 kv.km-dən ibarət olan Cəbrayıl rayonunun işğalı sadəcə torpaq itkisi deyildi. Qiymətli tikinti materialları xammalına, dəmir filizi və hətta neft ehtiyatlarına malik olan Cəbrayıl rayonu həm də tarixi-mədəni irsimizi təsdiq edən çoxsaylı abidələrlə zəngindir. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, o cümlədən türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri tarixi keçmişimizin nişanələridir. Minillər boyu bu torpaqlarda yaşayıb yaratmış əcdadlarımızın izini silmək üçün erməni işğalçıları bu möhtəşəm abidələri məhv etmiş və ya dağıntılara məruz qoymuşdular. İşğal dövründə Cəbrayıl rayonunun bütün mülki infrastrukturu dağıdılmış və ekspertlərin qənaətinə görə İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurulmuşdur. İşğal dövründə Cəbrayıl ərazisində işğalçılar tərəfindən qurulmuş hərbi istehkamlar rayonu alınmaz qalaya çevirmişdi.

Lakin bu Azərbaycan Ordusunun qarşısını ala bilməzdi. 27 il ərzində işğal altında qalmış Cəbrayıl rayonu 2020-ci ilin 44 günlük Vətən müharibəsinin elə ilk günlərində azad olundu. 2020-ci ilin 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri və rayonun digər 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Azadlığın ilk günlərindən başlayaraq Cəbrayıl rayonunun yenidən qurulması üzrə geniş həcmli layihələr hazırlandı. İlk növbədə rayonun elektrik ennerjisi ilə təminatı və yol infrastrukturunun qurulması üzrə layihələr qısa müddətdə icra edildi. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. 200 hektarlıq ərazini əhatə edən bu layihə çərçivəsində logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılırdı. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb. Cəbrayıl rayonunun tam şəkildə bərpa olunması və “Böyük Qayıdış” Proqramı çərçivəsində bölgəyə qayıdan keçmiş məcburi köçkünlərin əmək fəaliyyəti və layiqli hyat şəraiti ilə təmin olunması üçün dövlət və hökümət qurumlarının fəaliyyəti durmadan davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş Plana əsasən Cəbrayıl sakinləri üçün müasir tipli yaşayış komplrkslərinin tikilməsi məqsədilə ayrılmış 143 ha ərazidə artıq tikinti və abadlıq işləri aparılmaqdadır. Baş Plan Cəbrayıl şəhərini və Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu, Şükürbəyli kəndlərinin yenidən qurulmasını nzərdə tutur.

İşğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda aparılan abadlıq və quruculuq işləri də bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin Cəbrayıla 10 dəfədən artıq səfər etməsi də ölkə başçısının azad olunmuş torpaqlarımızın dirçəldilməsi və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün göstərdiyi davamlı səylərin və yürütdüyü ardıcıl siyasətin göstəricisidir.

Cavanşir Feyziyev

4 oktyabr 2026-cı il