Böyük sevgilər əhatəsində

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim


Maraq arzunun, arzu niyyətin başlanğıcıdı; dünyanın dərki də maraqla başlayır, düşüncələrin nizamı da. Maraq "niyə?"lərin, "necə?"lərin fəlsəfəsidi. Ötərgi maraqlar bu fəlsəfənin qüdrətinə dönə bilmir. "Niyə?"lər, "necə?"lər həm də təbiətdə (dünyada) təbiət vasitəsilə öyrənmə meylidi. Meyl də maraqdı. Öyrənənlər dünyanı bu tezislərdən xəbərsiz öyrənirlər. Hansı yaşdan? - ağacların yarpağını titrədən mehi, çiçəklərin ləçəklərində alışan şehi, yaz yağışından sonra göy üzünə sərilən qövsi-qüzehi görəndən, səsi səsdən, sözü sözdən, odu oddan, közü közdən seçəndən. Bunlar yaşamın (ömürün) ilkin şərtlərindəndir...

Dilşad Şahsuvar qızının ilk "niyə?"ləri marağın, sonrakı "niyə?"ləri öyrənmə meylinin, öyrənmə meyli niyyətin başlanğıcıydı. Onda bu "niyə?"lərə marağın ötərgi təzahürü deyənlər də vardı. Onda "niyə?"lərin cavablarının elmdə olduğunu on beş yaşlı Dilşad da dərk etmişdi, o da bilmisdi ki, bütün gerçəkliklərin açarı elmdədi. Bu dərk onun dəqiq elmlərə - riyaziyyata, fizikaya bağlamışdı. Dilşad o illəri belə xatırlayır: "Dərslərimin hamısını əla oxuyurdum, amma dəqiq elmlərə həvəsim daha cox idi. Şəkil cəkmək isə hobbim idi. Vaxt-bivaxt səkil çəkirdim. Zəngilan şəhər 1 saylı orta məktəbində oxuyanda istedadlı sair olan sevimli dil-ədəbiyyat müəllimimiz Məhərrəm Mahi bizə dərs deyirdi, partaların arasında gəzəndə gorürdü ki, şəkil çəkirəm. Deyirdi ki, Sahsuvarın qızı, sənin çörəyin var. Düzü, başa düşmürdüm nə deməkdi bu. Rəsmə həvəs məndə ata tərəfdən genimizdə idi. O kəlmələrin mənasını ali təhsil alanda bildim...".

8-ci sinifdə oxuyanda "Kommunist" qəzetində bir elan görür. Biz az çəkingənliklə arzusunu atasına deyir. Atası fikrini bəyənir, qızına dəstək olur. 1967-ci ildə sinif yoldaşlarından Toqət Ağayevanı, Dilruba Məhərrəmovanı, Zoya Hüseynovanı, Musa Səttarovu, Yavər Məcidovu, Yadulla Səfərovu, Nazim Kərimovu və Elman Niftalıyevi də həvəsləndirib. Onlar müsabiqə yolu ilə Bakıda 1 saylı fizika-riyaziyyat və kimya-biologiya təmayüllü orta məktəbinə qəbul olublar...

Orta məktəbi bitirəndə Dilşada rus dilindən "yaxşı" yazıblar (o illərdə Dilşadla oxuyanlar qətiyyətlə deyirdi ki , "əla" almalıykən "yaxşı" yazılıb Dilşada). Qızıl medal bir bala görə gümüş olub. Dilşad yaxşı bilirdi ki, qiymət biliyin meyarı deyil. Bunu bilirdi, onu da bilirdi ki, təəssüf-təəssüf yaşayana könül sıxıntısından savayı heç nə vermir; Dilşad təssüflənən yoldaşlarına səmimiyyətlə, heç kimi qınamadan, "Oldu-keçdi" - demişdi. Riyaziyyat müəllimi ona "Mənim böyük ürəkli şagirdim!", - demişdi onda.

Dilşad hardan biləydi ki, bu, onun həyatda üzləşəcəyi haqsızlıqların başlanğıcıdı, həyatının müxtəlif dönəmlərində müxtəlif səviyyəli haqsızlıqlar çıxacaq qarşısına, ömür yolunda bəzən aşılması-keçilməsi çətin olan daşa, daşlığa dönəcək bu haqsızlıqlar. Bilmirdi. Bilsəydi də yenə "bir qaraya görə yüz ağı gözdən salmazdı", belə ürək yiyəsi deyildi Dilşad Şahsuvar qızı...

Sənədlərini Ə.Əzimzadə adına rəssamlıq məktəbinə vermək istəyib. Çəkdiyi şəkilləri "Şəhriyar dayı" adlandırdığı atasının yaxın qohumu, şahmat üzrə tanınmış tədqiqatçı və şərhçi Şəhriyar Quliyev ona çatdıranda məqsədini bilib. Xətrini çox istədiyi istedadlı qızın niyyətini bəyənməyib. Dilşad onun təkidi ilə fikrini dəyişib, albomlarını, yəni çəkdiyi şəkilləri o vaxt memarlıq fakultəsinin kafedra mudiri olan Q.Əlizadəyə göstərib. Professor gənc istedadın əsərlərinə (bəli, əsərlərinə!) baxıb, nəzərə çarpdırmadan incə sual-cavab olub aralarında. Nəticə uğurlama: memarlıq fakültəsi!..

Məktəbdə vaxtaşırı bilik yarışları keçirilirdi. Yarışların birində Bakı Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinin dekanı da iştirak edirdi. O, nəvazişlə Dilşad Həsənovaya yaxınlaşıb, "Arzu edirəm ki, sən gələcəkdə mexmatın Fatma Abdullazadəsi olasan", - deyib. Xoş söz həmişə könül xoşluğuna dönür, bəzən niyyətin işığı da olur. Professorun səmimiyyətlə dedikləri məktəbli qızın arzularının yolgöstərəni olub. Onsuz da riyaziyyata sevgi gətirmişdi onu respublika 1 saylı fizika-riyaziyyat və kimya-biologiya təmayüllü orta məktəbə. Bu mükalimələşmədən sonra riyaziyyata sevgisi daha da artmışdı...

1969-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) memarlıq fakültəsinin tələbəsi oldu Dilşad Şahsuvar qızı. Ən yaxşı tələbələrdən biri kimi fakültənin müəllimlərinin rəğbətini qazandı. 1974-cü ildə institutu bitirən Dilşad Şahsuvar qızını təyinatla Azərbaycan Elmlər Akademiyasının memarlıq institutunun kiçik elmi işçisi vəzifəsinə göndəriblər...

Valideyn sevgisimi keçilməzdi, peşəyə sevgimi? Valideyn sözü, təkidimi dönməzdi, dövlətin göndərişimi? Göz açıb ata-anaya sevgiylə yaşamışdı Dilşad, onların hər kəlməsini etirazsız yerinə yetirmişdi. Bunu özünə borc bilmişdi. Ali təhsil alandan sonra da ata sözünün cazibəsindən çıxmağı ata sevgisinə qətiyyən yaraşdırmazdı; rayona qayıtdı.

O ayları Dilşad Şahsuvar qızı belə xatırlayır: "1974-cü ilin dekabr ayınadək evdə işsiz oturdum, çünki memar kimi məndən qabaq işləyəcəyim Zəngilan rayon XDS İcraiyyə komitəsinə memar təyin olunmusdu. Rayon partiya komitəsinə müraciət edəndən sonra "Kənd həyati" qəzetində rəssam-ədəbi işçi kimi işləməyimə köməklik göstərildi.

Həyat çox müdrik müəllimdir. Kadr olaraq insan orta məktəbdə öyrənir, institutda (universitetdə) öyrənir, tədbirlərdə deyilən gözəl fikirlərdən öyrənir. Həm də iş yerində savadlı, təcrübəli, sözün gerçək mənasında, Vətəni sevənlərdən, peşəsini sevənlərdən öyrənir. Öyrədən öyrətdiyini bilməsə də bu öyrənmənin də mahiyyəti tədris prosesidi. Dilşad Şahsuvar qızı ömrünün o illərini həmişə yerə-göyə sığmayan bir sevgiylə xatırlayır: "Çox şanslıyam, mən zamanında düzgünlüyü ilə fəxr ediləsi Zəngilan rayon XDS İK-in sədri Qurban Quliyev, onun müavini Hüseynqulu Hüseynov, İdris Şıxaliyev, Nəsib Mehdiyev, Rəşid Yusifov. ... kimi insanlarla işləmişəm...".

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin Zəngilan rayon şöbəsinin sədri seçilib. İctimai əsaslarla. Bu işi də böyük məsuliyyətlə yerinə yetirib. Baş idarənin bu işin müqabilində də ona əmək haqqı verilməsi təklifini qəbul etməyib. Bu etiraz yeni bir iş yerinin açılmasında vasitə olub; obrazlı şəkildə belə deyilir: ürək yaman şeydi. Etirazına cavab olaraq baş idarə ondan ictimai əsaslarla sədr vəzifəsini icra etməyi yenə aparmasını xahiş edib. Belə insanlar xalq üçün, dövlət üçün, dövlətçilik üçün lazım olan bütün təklifləri vətəndaşlıq borcu bilir...

Rayon mərkəzində, qəsəbədə, kəndlərdə istər sosial, istərsə də kənd təsərrüfatı təyinatlı obyektlərin tikintisinin plana salınması cox çətinliklə başa gəlirdi. İlk illər bir 16 mənzilli yaşayış binasınin plana salınmasından ötəri nə qədər yazışmalar getmişdi. Ona görə də fərdi tikintilər üçün torpaq sahələrinin ayrlması ilə bağlı ciddi təkliflər irəli sürdü. Təklifini güclü, dönməz məntiqlə əsaslandırdı. Nəticə etibarı ilə istər şəhərin özündə, istərsə də Mincivan qəsəbəsində çətinliklə də olsa buna nail olundu.

İşlədiyi müddətdə müxtəlif vaxtlarda şəhərin müxtəlif hissələrindən fərdi tikintilərə torpaq sahəsi ayrılmasının, şəhər camaatının mənzilə olan tələbatını xeyli ödənilməsinin təşəbbüskarı və icraçısı olub. Eləcə də Mincivan qəsəbəsində.

Dilşad Həsənovanın təklifi ilə tələbə yoldaşı Hacıəmi Atakişiyevin rəhbərliyi altında peşəkar qrup tarix- diyarşünaslıq muzeyinin tərtibat işlərini aparıb. Çörək zavodu, Üzüm emalı zavodu, Çaxır zavodu, Çınqıl zavodu, kənd sovetlərinin əksəriyyətində inzibati binalar, tikinti idarələrinin inzibati binaları və s. tikildi. Memar Dilşad Həsənovanın rəhbərliyi ilə!

1985-ci ildə rayonda baş verən zəlzələ nəticəsində XDS İK-in sədri Hürü Mehralıyevanın rəhbərliyi altında rayon mərkəzində, eləcə də Mincivan qəsəbəsi və digər kəndlərdə zəlzələdən təhlükəli hala düşən binaların, rayon partiya və XDS İcraiyyə Komitəsi, prokurorluq və bank üçün inzibati binaların, şəhər mərkəzi xəstəxanasının, yeni məktəbin, 4 uşaq bağçasının, aptekin, yeni mehmanxananın, həkimlər üçün yaşayş evinin, iki hamamın, digər 2 mərtəbəli 16 mənzilli yaşayiş evinin ,400 yerlik qış kino teatrının, 600 yerlik mədəniyyət sarayının, Mincivan qəsəbəsində yeni xəstəxananın, Bartaz stansiyasında, Rəzdərə, Dərəli və Şayıflı kəndlərində məktəb binalarının tikintisi üçün lazım olan layihə sənədlərini hazırlayıb torpaq ayrılması üçün təyin olunan vaxtda layihə təşkilatlarına çatdırıb. Nəticədə, bu binaların tikintisi uğurla həyata keçirilib.

1975-ci ilin martından 1992-cı ilin noyabrınadək Zəngilan rayon XDS İK-də baş memar, Aqrar Sənaye Birliyində tikinti üzrə sədr müavini, Zəngilan rayon XDS İK- də memarlıq-tikinti şöbəsinin müdiri-baş memar, 1993-cü ilin fevralından 2016-cı ilin iyun unadək rayon icra hakimiyyətində memarlıq-tikinti şöbəsinin müdiri-baş memar vəzifəsində çalışıb.

1985-ci ildən SSRİ Memarlar İttifaqının üzvü olub. 1992-ci ildən isə Azərbaycan Respublikası Memarlar İttifaqının üzvüdür. Azərbaycan Respublikası Memarlar İttifaqının Katibliyi tərəfindən "Ustad Memar" peşəkarlıq rütbəsinə layiq görülüb. Dövlət qulluqçusu təqaüdçüsüdür.

1996-cı ildə Azərbaycan Respublikası Uşaq Fondu İdarə Heyətinin üzvü və Zəngilan rayon şobəsinin sədri seçilib. Cətinliklə olsa da mövcud rayonlardan geri qalmamağa çalışırdı. Yetim, aztəminatli, səhid ailələrinin usaqlarının problemləri ilıə yaxından məşğul olurdu. Ölkəmizdə fəaliyyət gosərən" Dar Əl Bir" humanitar təşkilatına sənədlərini təqdim etdiyi 100-dən cox uşaqdan 100 nəfəri ildə iki dəfə həmin təşkilatdan müvafiq yardımlar alırdı. 1998-ci ildən 2014-cü ilədək belə oldu. Elə bir il olmayıb ki, rayonun bu statusdan olan uşaqları daim fondun xətti ilə teatr, sirk tamaşalarında, Yeni il, Novruz şənliklərində iştirak etməsinlər...

Respublika Uşaq Fondunun fəxri fərmanı ilə təltif olunub...

Dilşad Şahsuvar qızı mükəmməl məntiqə malik hazırcavab insandı. Dilşad xanım xatırlayır: Bir dəfə kənd soveti binasının tikintisi üçün tikinti-təmir idarəsinin rəisi Bəhmən Allahverdiyevi də çağırmısdım. Zəngilan rayon XDS İK-in sədri Qurban Quliyevin kabinetindəydik. Yay olduğu üçün pəncərələr acığıydı. İçəri bir arı girmişdi. Uşaqlığımdan arıdan çəkinən olmuşam. Arını görüncə az qala "sarımı udacaqdım". Qorxurdum ki, məni sancar. Q.Quliyev başıasağı nəyəsə baxır, birdən deyirdi ki, bala, dur onu tut at çölə. Mən pəncərənin yanındaydım. Əlimi uzadırdım, geri çəkirdim. Bəhmən dayı məni izləyirmiş. Durdu, kağızla tutub arını atdı bayıra. Quliyev də mənə dedi ki, bir arını tuta bilmirsən, o boyda institut qurtarmısan, bəs necə isləyəcəksən. Mən dedim ki, orda bizə arı tutmağı, tutub bayıra atmağı keçməyiblər. Gülüşdük...

...Bu günlərdə ömrünün 70-ci ilini qeyd edən Dilşad xanım Vətənə, xalqa, dövlətə, dövlətçiliyə, insanlara böyük sevgilərlə yaşayır. Belə yaşadığı üçündür ki, özü böyük sevgilərlə əhatələnib. Böyük sevgilər əhatəsində hərdən "niyə?"lərinə cavab tapa bilmir. Cavabsız "niyələr"di...