Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın "Russkaya slujba novostey” radiosuna müsahibə verib.
Tanınmış
aparıcı Aleksandra Krasnoqorodskayanın suallarına cavab verən P.
Bülbüloğlu Azərbaycandan, böyük müğənni Bülbüldən, öz yaradıcılığından
söz açıb.
Azərbaycan səfiri vurğulayıb
ki, sovet hakimiyyətinin 70 ili ərzində sovet mədəniyyəti yaratmaq
mümkün olmayıb. O deyib: "Hər kəs öz fərdiliyini qoruyub saxlayıb və bu
da düzgündür, çünki insan şəxsiyyət olmalıdır, milli kökləri olmalıdır,
yalnız həqiqi millilik beynəlmiləl ola bilər. Bu məsələ ümumbəşəri
səviyyədə qaldırılanda, başqa insanlar və başqa millətlər üçün maraqlı
olanda ümumi sərvətə çevrilir”.
P. Bülbüloğlu
uşaqlıq illərinin və böyük müğənni Bülbül barədə xatirələrini bölüşərək
deyib: "Bülbül Şuşada, Qarabağda anadan olub. Qarabağ bizim təbii milli
konservatoriyamızdır. Bir çox müğənnilərimiz və şairlərimiz buradan
çıxıb. Ümumiyyətlə, Qarabağ və Şuşa mühiti əsl yaradıcılıq məkanıdır”.
Öz
diplomatik fəaliyyətindən söz açan səfir deyib: "Bəzən zarafatla
deyirəm ki, diplomatlar da, musiqiçilər də nota yazır. Mən xasiyyətcə
çox ictimai adamam. Komsomol gəncliyim olub. Mən həmişə tədbirlərdə
iştirak etmişəm. Görünür, bu da öz təsirini göstərib, çünki bütün bunlar
birdən-birə baş verməyib.
Mən
iki il əsas yaradıcı kollektivlərimizin cəmləşdiyi Azərbaycan Dövlət
Filarmoniyasının bədi rəhbəri və direktoru işləmişəm. Sonra 18 il
mədəniyyət naziri olmuşam. Sonra möhtərəm Prezidentimiz İlham Əliyev
məni Moskvaya səfir təyin etdi. Bilirdi ki, mən Rusiyanı yaxşı
tanıyıram, vaxtilə onu qarış-qarış gəzmişəm və əlbəttə, Rusiyada məni
yaxşı tanıyırlar.
Dinləyicilər birbaşa
efir zamanı sevimli bəstəkar və müğənnilərinə zəng edir, sms-lər
göndəriblər. Rusiya radiosunun aparıcısı dinləyicilərdən gələn sms-ləri
oxuyarkən deyib: "İnsanlar sizə öz məhəbbətlərini izhar edir,
yaradıcılığınıza görə təşəkkür edirlər”.
AZƏRTAC