Avropa Birliyinin (AB) "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin
liderləri təşkilatın mayın 21-22-də Riqada keçiriləcək sammitində
iştirak edəcəklərini təsdiqləyiblər. Musavat.com-un məlumatına görə, bu
barədə vesti.az "Leta” agentliyinə istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, aprelin sonunda Latviyanın Xarici İşlər
Nazirliyinin dövlət katibi Andrey Pildeqoviç Azərbaycanın, Ermənistanın,
Ukraynanın, Belarusun, Gürcüstanın və Moldovanın diplomatik
missiyalarının başçılarına sammitdə iştirak üçün rəsmi dəvətnamələr
göndərib.
"Artıq məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan
prezidenti Serj Sərkisyan, Moldova prezidenti Nikolay Timofti, Ukrayna
prezidenti Pyotr Poroşenko, Gürcüstanın baş naziri İrakli Qaribaşvili
tədbirdə iştirak edəcək. Təkcə Belarus prezidenti Aleksandr Likaşenkonun
sammitə qatılıb-qatılmayacağı bilinmir. Ola bilsin onu baş nazir Andrey
Kobyakov əvəz eləsin” – xəbərdə qeyd edilir.