Brüssel görüşü: Azərbaycanın növbəti   diplomatik uğuru

 Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra davamlı və ardıcıl siyasət həyata keçirərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normalaşması  sahəsində bir çox mühüm nəticələr əldə etmişdir. Və bu proses davam etməkdədir. Ermənistandan fərqli olaraq Azərbaycan  bu istiqamətdə məqsədyönlü, sistemli, spzü ilə əməli eyni olan  davranış sərgiləyir. Biz bunu sayca 6-cı dəfə keçirilən Brüssel görüşü zamanı da müşahidə etdik. Cari ilin iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarını təhlil edərkən  bir daha ölkəmizin diplomatik uğurlarının şahidi oluruq. İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan bütün  danışıqlar boyu və əldə olunmuş razılıqlara beynəlxalq hüquq norma və prinsiplər çərçivəsində əməl edir. Ölkə başçısının  diplomatik məharəti, həyata keçirdiyi xarici siyasət dövlətimizin mövqeyini  daha da gücləndirir. Və bu  sülh və təhlükəsizliyin təmin olunması prosesinə də öz müsbət təsirini göstərir. Elə Brüssel görüşünün yekunlarına dair  Aİ sədrinin açıqlaması da bizim fikrimizin əyani sübutudur. 

Həmin açıqlamada bir neçə vacib məsələyə diqqət yetirək: Birincisi, Tərəflər növbəti dəfə qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət etdiklərini bəyan ediblər.  Ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tanınması görüşün yekunlarına dair verilən açıqlamanın ilk müddəalarındandır. Bununla da bir daha təqsdiq olunur ki, Qarabağ Azərabycanındır.

Həmçinin, sərhədlərin delmitasiyası 1991-ci ildə imzalanmış Almata Bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək. Artıq bu sahədə işlər başlanılıb. Bununla da,  bir daha təsdiq olundu ki, Azərbaycan öz suveren sərhədlərində qurduğu Laçın buraxılış məntəqəsinin fəaliyyəti beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyü prinsipinə tam uyğundur. Üçüncüsü, gürüş zamanı kommunikasiyaların bərpası və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi müzakirə olunub. Bu da çox mühüm məsələdir ki, hətta Avropa İttifaqı dəmiryolu əlaqəsinin bərpası üçün maliyyə yardımına hazırdır. Deməli, Ermənistanın gətirdiyi bəhanələrdən bir olan maliyyə vəsaitinin çatmazlığı məsələsi aradan qalxır. Və biz ümid edirik ki, yaxın zamanlarda Azərbaycan əsas ərazisi ilə Naxçıvan yenidən quru nəqliyyat vasitəsi ilə birləşə bilər. Artıq dəfələrlə prezident İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi bölgə ölkələri, dövlətləri üçün yeni imkanlar yaradır. Bu Ermənistan üçün də yeni imkanlar deməkdir. Ermənistan dalan ölkədir, müstəqil iqtisadi siyasəti yoxdur. O, revanşistlərə, erməni diasporasına, müxtəlif qüvvələrə arxayın olmamalı, yaranmış reallığı düzgün qiymətləndirib,  doğru qərarlar qəbul etməlidir. 

Əlbəttə ki, bu görüşdə bir çox məsələlər var idi ki, ilk dəfə  səsləndi və Aİ sədrinin verdiyi bəyanatda xüsusi olaraq qeyd edildi. Belə ki, ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsi ilə humanitar təminatınatın həyata keçirilə bilməsi qeyd olundu. İlk dəfə olaraq Avropa İttifaqı “Laçın yolu” terminindən istifadə edildi. Bütün bunlar  göstərir ki, Aİ birmənalı şəkildə Qarabağı Azərbaycan bir hissəsi kimi tanıyır və ölkənin digər bölgələri ilə kommunikasiyanın yaradılmasında maraqlıdır. Eyni zamanda, Laçın vasitəsi ilə Ermənistan ilə Qarabağda yaşayan ermənilərin əlaqələri xüsusi statusu olan nəqliyyat ilə deyil, suveren hüquqlar çərçivəsində sadəcə yol ilə qurulacaqdır.

İlk dəfə olaraq qərbi azərbaycanlıların öz ata-baba yurdlarına layiqli şəkildə qayıdışının təmin edilməsi məsələsinin müzakirəsini xüsusi vurğulamaq lazımdır. Bu fakt özlüyündə onu göstərir ki, qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasının təmin edilməsi məsələsinin də müzakirəsi aparılmışdır. Artıq Ermənistan və  dünya ictimaiyyəti də görür ki,  Azərbaycan bu problemi də diqqətdə saxlayır və xalqımızın bir hissəsinin öz tarixi torpaqlarında yaşamaq hüququnu həmişə müdafiə edəcəkdir. Brüssel görüşü əvvəlkilərdən fərqli edən mühüm məqamlardan biri də Avropa İttifaqının sədri Şarl Mişelin verdiyi açıqlamada “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” terminindən istifadə edilməsidir. Yəni, “muxtar vilayət”  keçmişdə qalıb və Aİ bunu qəbul edir.  Açıqlamada bir daha itkin düşmüş insanların taleyi qeyd olunur.    Göründüyü kimi, bəyanatda  bir dəfə də olsun  “Qarabağ münaqişəsi”, və ya   “münaqişə” sözləri işlədilməmişdir. Bu, əlbəttə ki, Azərbaycnın növbəti diplomatik uğurudur.

Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova