“SSRİ-nin qələbəsini saxtalaşdırmağa çalışırlar” – Rauf Qurbanov

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi  altında mayın 9-da Azərbaycan kommunistləri İkinci dünya  müharibəsindəalman faşizmi üzərində qələbənin 70-ci il dönümü münasibətilə Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə tədbir keçirib.  

Tədbirdə çıxış edən Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov  Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə sovet xalqının və Kommunist partiyasının mühüm rolundan danışıb.  O, keçmiş SSRİ-də yaşayan müxtəlif millətlərin beynəlmiləl birliyindən, qələbənin əldə olunmasında Sovet Azərbaycanının və Azərbaycan xalqının qələbəyə vermiş olduğu töhfələri xüsusi qeyd edib.

Natiq çıxışında bu gün dünyada baş verən hadisələrdən öz dərin narahatçılığını bildirib və Avropanın mərkəzində, qardaş Ukraynada və bir sıra Baltikyanı dövlətlərdə faşizm elementlərinin geniş vüsət aldığını, Sovet İttifaqının milyonlarla itkilər hesabına  əldə etmiş olduğu qələbənin saxtalaşdırılmasına yönəlmiş cəhdlərin ədalətsiz olduğunu və belə cəhdlərin heç bir nəticə verməyəcəyini mitinq iştirakçılarının diqqətinə çatdırmışdır.  Azərbaycan kommunistlərinin lideri daha sonra qeyd edib ki, nədənsə   yaxın keçmişdə faşizm təhlükəsi ilə qarşılaşmış Avropa, bu gün bəzi dövlətlərdə tüğyan edən faşizm elementlərinə göz yumaraq bu ciddi  məsələyə ikili standartlarla yanaşır. Rauf Qurbanov beynəlxalq təşkilatları, dünya birliyi dövlətlərini bu cür xoşagəlməz hallara qarşı birgə səy göstərməyə və millətçi-faşizmin geniş vüsət almasına yol verməməyə çağırıb.

Tədbirdə KPİ-Sov.İKP SŞ-nın üzvü, AKP MK-nın sədri  R.Qurbanov BVM veteranlarını və partiya işində fərqlənən bir sıra fəal kommunistləri RFKP və BSZB-nin qələbənin 70 illik yubileyi münasibəti təsis etdikləri xatirə medalları ilə təltif edib. Daha sonra isə tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə Azərbaycan KP MK adından əklil və tər qərənfil  dəstələri qoyublar. Bununlada tədbir öz işini başa çatdırıb.