Ötən gün Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.
Sabahinfo.az-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tələbə təqaüdlərinin yeni qaydası ilə bağlı facebook səhifəsində şərh verib. Onun şərhinə əsasən, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq. Bir şərtlə ki, semestrin nəticələrinə görə tələbələrin akademik göstəriciləri yüksək olsun: "Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərəgörə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər.Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır".
C. Valehovun sözlərinə görə, ikinci mühüm məsələ məcburi köçkün,şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə,bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.