Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Rusiyada yaşayan soydaşımız, həkim və yazıçı Sabit Əliyev 2026-cı il üzrə “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub. O, müsabiqəyə “Sevgi küləyi” əsərini təqdim edib.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Rusiya Xalq Birliyi Günü ərəfəsində Moskvadakı Mərkəzi Yazıçılar Evində keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, S.Əliyevə “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı diplomu təqdim olunub.

Mükafat istedadlı müəllifləri üzə çıxarmaq və onlara dəstək göstərmək məqsədilə Rusiya Yazıçılar İttifaqı tərəfindən təsis edilib. Müsabiqə beş nominasiya üzrə keçirilir: “Mənim Rusiyam”, “Sevgi haqqında hər şey”, “Canlı təbiət”, “Uşaqlıq dünyası” və “Gənclərə söz”.

S.Əliyev ixtisasca həkim-stomatoloqdur. O, tibbi fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur. 2018-ci ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür.

Onun əsərləri arasında “Tövbə”, “Son gün”, “Mənim evim Şuşa”, “Rəfiqələrin məktubları” və digər kitablar var.