Anar Məmmədov
Milli Məclisin deputatı
1988-ci ildə erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm iddiaları ilə başlayan Qarabağ münaqişəsi xalqımızın yaddaşına dərin yaralarla həkk olunmuşdu. On minlərlə günahsız insanın qətli, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, 1 milyondan çox həmvətənimizin 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşaması təkcə mənəvi deyil, ölkə iqtisadiyyatına və mədəni irsinə vurulmuş ağır zərbə idi. Düşmən işğal altında saxladığı torpaqlarımızda infrastrukturu tamamilə məhv edərək ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdu.
Lakin bu 30 illik həsrət dövründə dövlətimizin mütləq prioriteti və strateji hədəfi dəyişməz qaldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.
Bu müqəddəs amala çatmaq üçün illər ərzində məqsədyönlü və prinsipial siyasət yürüdüldü. Azərbaycan danışıqlar masasında qətiyyət nümayiş etdirməklə yanaşı, hərbi büdcəsini artıraraq modern, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələr formalaşdırdı. Bir ölkədən asılı olmamaq üçün müasir silah və texnikalar çoxsaylı mənbələrdən təmin edildi. Müdafiə sənayesi kompleksinin inkişafı sayəsində mindən çox hərbi təyinatlı məhsul — zirehli maşınlar, PUA-lar, atıcı silahlar istehsal olunmağa başladı. Eyni zamanda, Ermənistanın regional layihələrdən təcrid olunduğu bir dövrdə Azərbaycan transmilli nəqliyyat və enerji layihələri ilə regionun xəritəsini yenidən tərtib etdi, iqtisadi üstünlük və böyük beynəlxalq nüfuz qazandı. Çoxşaxəli xarici siyasət nəticəsində BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İƏT, Avropa Parlamenti və Türk Dövlətləri Təşkilatı səviyyəsində ərazi bütövlüyümüzü dəstəkləyən hüquqi baza yaradıldı.
Münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu isə 29 illik fəaliyyəti boyunca məsələni həll etmək əvəzinə dondurmağa çalışdı. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qaldı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanın “İrəli!” əmri ilə başlayan “Dəmir yumruq” əməliyyatı tarixi ədaləti bərpa etdi. 44 gün ərzində hər gün irəliləyən Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə, 286 kənd və strateji yüksəklikləri düşməndən təmizlədi. Şuşanın azad edilməsi ilə rəsmi İrəvan məğlubiyyətini etiraf edərək noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz təhvil verildi. Ordumuzda bir dənə də fərari olmadı. Hərbçilərimiz “Öldü var, döndü yoxdur!” şüarı ilə döyüşə atılarkən, düşmən ordusunda 10 mindən çox fərari qeydə alındı. Azərbaycan Ordusunun XXI əsrin müharibəsi kimi dəyərləndirilən döyüş taktikası bu gün ABŞ Hərbi Akademiyası, Pentaqon və aparıcı Qərb analitikləri tərəfindən öyrənilir.
Döyüş meydanındakı qələbə diplomatiya müstəvisində də davam etdirildi. Dövlət başçısının müharibə dövründə xarici mediyama verdiyi 30-dan çox müsahibə beynəlxalq ictimaiyyətin informasiya blokadasını yardı və münaqişəyə olan baxışı kökündən dəyişdi. Ölkə daxilində isə bütün siyasi partiyalar, müxtəlif etnik və dini mənsubiyyətli vətəndaşlar Ali Baş Komandanın ətrafında sıx birləşərək sarsılmaz xalq-ordu birliyi nümayiş etdirdilər.
Şanlı Zəfərdən sonra da dövlətimiz qətiyyətli addımlarını davam etdirdi. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüz tam təmin olundu. Həmin ilin 19 sentyabrında həyata keçirilən və 24 saatdan az çəkən lokal antiterror əməliyyatı nəticəsində separatçılığın kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Oktyabrın 15-də Xankəndinin mərkəzi meydanında dövlət bayrağımızın ucaldılması bu Zəfərin zirvəsi oldu. Prezidentin sərəncamları ilə 8 Noyabr — Zəfər Günü və 20 Sentyabr — Dövlət Suverenliyi Günü təsis edildi.
Qazanılmış tarixi nailiyyətlərin ardınca, Azərbaycan-Ermənistan normallaşma prosesində də tarixi nəticələr əldə olundu. Sülh sazişi layihəsinin paraflanması, Ermənistan ərazisindən keçən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” ilə Naxçıvana maneəsiz bağlantının nəzərdə tutulması və illərdir fəaliyyətsiz qalan ATƏT-in Minsk prosesinin rəsmən bağlanması Azərbaycanın sülh gündəliyinin növbəti qələbəsidir.
Tarixi qələbələrimiz Zəfər paradı, Hərbi Qənimətlər Parkı, Bakıda ucaldılan Zəfər Parkı, Memorial Kompleks və Zəfər Muzeyi ilə gələcək nəsillərə əmanət edildi. Zəfər Günü münasibətilə qəbul edilən geniş amnistiya aktı isə 17 mindən çox şəxsi əhatə edərək humaniq dəyərlərin təcəssümünə çevrildi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işləri aparılır. Dövlət büdcəsindən ayrılan milyardlarla manat vesait hesabına şəhərlər, kəndlər, aeroportlar, tunellər və sosial infrastrukturlar inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində artıq 10 şəhər, 3 qəsəbə və 34 kənd daxil olmaqla 47 yaşayış məntəqəsinə 40 mindən çox sakin qayıdıb, azad edilmiş torpaqlarda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. DOST və ASAN xidmətləri, Qarabağ Universiteti artıq bölgənin dirçəlişinə xidmət edir.
Eyni zamanda, şəhid ailələrinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir. Mənzil, avtomobil, sosial ödənişlər, məşğulluq proqramları və “YAŞAT” Fondunun xətti ilə həyata keçirilən tədbirlər dövlətimizin öz qəhrəman övladlarına olan sonsuz ehtiramının bariz nümunəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”. Azərbaycan bundan sonra yalnız inkişaf edəcək, qüdrətlənəcək və sülh şəraitində yeni uğurlara imza atacaqdır.