Azərbaycan xalqının çoxəsrlik
dövlətçilik tarixində mühüm günlərdən biri də 8 Noyabr-Zəfər Günüdür. Bu elə
bir tarixdir ki, bu tarixin içində vandalizmə qarşı mübarizə, haqsızlıqların
dəf edilməsi, torpaq sevgisi, vətən sevdası yatır.
Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən və indiki şərtlərdə və indiki
geosiyasi vəziyyətdə cəmi 44 günə ərsəyə gələn Zəfərimiz sözün həqiqi mənasında
bizim haqqımız idi.
Bu Zəfərin arxasında xalq-iqtidar
birliyi, milli iradə, dövlət və dövlətçilik sevgisi dayanır.
Müasir hərb tarixinə XXI əsrin yeni nəsil müharibəsi kimi daxil
olan 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək
peşəkarlığını, texnoloji üstünlüyünü, sarsılmaz döyüş ruhunu nümayiş etdirdi.
Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet
istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən
Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı. Büdcədə hərbi xərclərin artması
Silahlı Qüvvələrimizi daha da gücləndirdi. Ordunun döyüş qabiliyyəti
möhkəmləndi, Silahlı Qüvvələrimiz müasir silah-sursat, texnika ilə təchiz
edildi. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi
qüdrətini artırdı.
Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi
sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,
pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda Azərbaycanda
mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq
sərgilərində hərbi məhsullarımız nümayiş olunur.
44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Dövlət
başçısı İlham Əliyev hər zaman çıxışlarında tarixi Zəfərimizdən bəhs edərkən bu
çağırışı da edir ki, ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun
rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, əgər böyük dövlətlər Ermənistana
onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa,
onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac
qalmazdı. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunasından,
müxtəlif mötəbər platformalardan bu çağırışı da edir ki, biz əraziləri işğal
altında olan ölkə, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi
yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak
edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə
hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində
təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik.
Noyabrın 8-də Şuşa şəhərinin unikal, sıldırım qayalara
dırmanmaqla əlbəyaxa döyüş taktikası ilə azad edilməsi Ermənistan ordusunun
hərbi müqavimətini tamamilə qırdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti
hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı
Qələbəsinin şahidi oldu.
Zəfərimizə gedən yolda canında keçən şəhidlərimizə Allahdan
rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirik.
Allah Ali Baş Komandan, cənab prezident İlham Əliyevi qorusun.
Onun həyata keçirdiyi siyasəti dəstəkləyir və bu siyasətin daha da geniş
arenada təbliği yolunda hər zaman əlimizdən gələni edirik.
Hacı Zaur Tarverdiyev
SAHİBKAR