27 may 2026-cı il tarixində Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı müqəddəs Qurban bayramı münasibətilə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən olan şəhid ailələri ilə görüş keçirib.
Millət vəkili Günay Ağamalı görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların göstərdiyi böyük fədakarlığın xalqımız və dövlətimiz üçün əvəzsiz olduğunu vurğulayıb. G.Ağamalı bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir.
Millət vəkili qeyd edib ki, Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması, mənzillə təmin olunması və problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Günay Ağamalı bildirib ki, şəhid ailələrinə göstərilən yüksək ehtiram xalqımızın milli birliyinin, dövlət-vətəndaş həmrəyliyinin və Vətən sevgisinin ən ali ifadəsidir.
Görüş zamanı deputat şəhid ailələrini Qurban bayramı münasibətilə təbrik etdi, bu müqəddəs bayramın birlik, mərhəmət, paylaşma və həmrəylik dəyərlərini özündə ehtiva etdiyini vurğuladı.
Görüş səmimi söhbət və bayram təbrikləri ilə davam edib.