Elnur Allahverdiyev: “Bölgəmizdə sülh Fransanın da marağında olmalıdır”

“Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür. Hər iki dövlətin rəhbərləri bir-birilərinə göndərdikləri məktublarda həm ikitərəfli münasibətlərin hazırkı durumu, həm də gələcək əlaqələri necə gördüklərinə dair fikirlərini bölüşüblər. Ötən ilin sonunda onun təşəbbüsü ilə Brüsseldə Fransa, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli müzakirələri keçirildi. Daha sonra tərəflər arasında Avropa Birliyinin də iştirakı ilə onlayn formatda görüş baş tutdu. Rusiya-Ukrayna müharibəsinin ilk günlərində isə Fransa lideri Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. 44 günlük Vətən müharibəsinin gedişatında və sonra dövrlərdə Bakı-Paris münasibətlərindəki soyuqluğu nəzərə alsaq, son bir neçə ayda Emmanuel Makronun bu təşəbbüsləri maraq doğurur”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvü Elnur Allahverdiyev deyib. O qeyd edib ki, dünya dövlətləri 44 günlük müharibədən sonra formalaşmış reallığı qəbul etməlidirlər:

“Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda iqtisadi inkişaf və sülh üçün unikal şərait yaranıb. Söhbət tək Azərbaycanın mənafelərindən getmir. Bu reallıq həm region üzvləri, həm də bölgədə maraqları olan dövlətlər üçün əlverişlidir. Təbii ki, Fransa da istisna deyil. Bölgəmizdə sülh Fransanın da marağında olmalıdır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Fransanın bölgəmizdəki ən iri iqtisadi tərəfdaşıdır. Ancaq 2020-ci ildə baş vermiş müharibədən sonra bu əlaqələr demək olar ki, iki dəfə zəifləyib:

“Göstəricilər iki dəfə aşağı düşüb. Bu, bizim günahımız deyil. Müharibə günlərində və sonra rəsmi Parisin tutduğu mövqe, ardınca baş verən bir sıra hadisələr iqtisadi əlaqələrdən yan keçə bilməzdi. Güman edirəm ki, ikitərəfli münasibətlərdə bir dönüş yaranarsa, yaxud artıq yaranıbsa, yenidən həmin göstəricilərə çıxmaq üçün yetərincə potensial mövcuddur”.

Deputatı fikrincə, ikitərəfli münasibətlərdən danışarkən bir sıra mühüm məqamları diqqətə almaq lazımdır:

“Fransa prezidentliyə namizədlərdən ikisinin Ermənistana, onlardan birinin isə qanunsuz olaraq Azərbaycanın Xankəndi şəhərinə səfər etdiklərini, reallığı və tarixi əks etdirməyən açıqlamalar verdiklərini hamımız xatırlayırıq. Belə hallar dostluq münasibətlərinin ruhuna cavab vermir. Hesab edirəm ki, bu kimi hallar təkrar olunmamalıdır”.

E.Allahverdiyev qeyd edir ki, Xankəndidə qanunsuz olaraq fəaliyyət göstərən frankofoniya mərkəzi tarixə əsaslanan mənəvi bağlarla bir-birinə bağlı olan iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirir:

“Demokratik Cümhuriyyətin qurucuları, xalqımızın görkəmli simalarının bəzilərinin məzarları Fransadadır. Bu, bizim üçün çox önəmli məsələdir. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev seçkilərdən sonra ilk xarici səfərlərini bu ölkəyə ediblər. Lakin Xankəndidə fəaliyyət göstərən frankofoniya mərkəzi Azərbaycandan rəsmi icazə olmadan açılıb və fəaliyyət göstərir. Bu fakt bizim dostluğumuza xələl gətirir.

Yəni biz hər zaman xoş məramımızı, iradəmizi nümayiş etdirmişik və təbii ki, bunun eyni qarşılığını görmək istəyirik”.