Aqil Abbas: Çiçəkləri ayaq altda atmayın!

Çiçəkləri ayaq altda atmayın,

günahdı!

And verirəm Allaha!

siz günaha batmayın

günahdı!

O çiçəkdə

sevənlərin gözü var,

ləçəyində

neçə həsrət izi var,

qönçəsində

dodaqların közü var…

o közü tapdayarsız

tapdamayın, günahdı!

Çiçəkləri ayaq altda atmayın

günahdı!

Ömürləri çiçək kimi

vaxtdan əvvəl solanların xətrinə,

qız görməmiş

sinəsindən yaralanıb,

səngərlərdə qalanların xətrinə…

oğullarçın, ərlərçin

saçlarını yolanların xətrinə…

Çiçəkləri ayaq altda atmayın

günahdı!

And verirəm Allaha!

siz günaha batmayın

günahdı!

O çiçəyi yığarsız,

insafınız yox,

yığmağınız cəhənnəm,

insafınız yox,

bazarlarda satarsız,

satmağınız cəhənnəm,

kədərdən doluxantək,

təklikdən soluxantək,

ayaq altda atarsız!

Çiçəkləri ayaq altda atmayın,

günahdı!

And verirəm Allaha!

Siz günaha batmayın,

günahdı!