Yəqin ki, dünyanın ikinci bir yeri yoxdur ki, orda "ölülər şəhəri” olsun. Ölülərlə canlılar eyni məkanda, hətta eyni evdə yan-yana qalsın. Məhz misirdə belə bir qədim şəhər var. Ölkəyə gələn hər turist bura baş çəkməyə ürək etmir. Bəziləri üçün bu məkan çox qorxuludur, dəhşətlidir, pis enerji mənbəyidir, amma maraq güc gələndə, əlbəttəki, qorxu arxa plana keçir. Əsasən ikiqatlı evlərdən ibarət ərazidə yan-yana xeyli məzarlar var. Daha doğrusu, üstü ev, altı məzar. Məhəllədəki tikililərin əksəriyyətinin çox qədim olduğu görünüşündən də aydın hiss olunur. Hətta bir neçə yerdə yarıuçuq vəziyyətdə qədim cami günbəzləri də var. "Ölülər şəhəri” əsasən dördbucaq məzarlardan ibarətdir. Bura hətta işıq, su xətləri də çəkilib. Məlumatlara görə, 60-cı illərdə insanlar süveyş ərazisindən bura köç etməyə başlayıblar və bununla da məzarlıq şəhərində yaşayanların sayı artıb. Ölüləri burda dəfn edilmiş əksər ailələr artıq burda yaşamırlar. Belə ki, onlar məzarlara baxılması üçün adamlar tuturlar. Məsələn, dalya möhiddin adlı bələdçimizin ailəsi babasının məzarlığına baxmaq üçün ayda təxminən 100 dollar ödəyir. Məzarlıqlara baxanlar əsasən kənd yerlərindən gələn kasıb insanlar olduqları üçün ailələri ilə birgə "ölülər şəhəri”ndə yaşayırlar. Burada qəbirlər adətən, evin içində qazılır. Ona görə də evlərə girəndə xoşagəlməz qoxunu hiss etmək olur. Təxminən, 1 milyon Misirlinin yaşadığı "ölülər şəhəri”-ndə nə xəstəxana var, nə də məktəb. Tarixi mənbələrə görə, "ölülər şəhəri" qədim məmlük məzarlığıdır. Elmi baxımdan isə ölülərin torpağa basdırılmamasının səbəbi yerin tamamilə qum süxurlarından ibarət olması ilə bağlıdır. Qum isə bir qayda olaraq hərəkətdədir, yəni sovurulur və ya çökür. Ona görə də insanlar məcburən iki qatdan ibarət məzar evlər inşa edərək ölülərini dəfn edirlər. Bu şəhərdə ölülər üçün məzarlar, adətən, evin alt qatında tikilir, üst qat - otaqlar isə boş qalır. Həmin qatda qahirənin kasıb sakinləri yaşayırlar. Əldə etdiyimiz məlumata görə, "ölülər şəhəri”-nin sökülüb, yerində müasir şəhərin salınması, məzarların isə Qahirə ətrafında salınacaq qəbiristanlığa köçürülməsi nəzərdə tutulub.