Pəncərədən gün işığı üzümə düşür.Gözlərimi
açıram.Başımın yanındakı elektron saata baxıram.Saat 07:56 dəqiqəni göstərir.Saatı
adətən 8 tamamda qururam.Düz 4 dəqiqədən sonra saat zəng çalmalı və mən yerimdən
qalxmalıyam.Əslində elə indi də yerimdən dura bilərəm.Amma yox qoy 4 dəqiqə də
uzanım.Gözlərimi yumuram...Dayan! Gözlərimi açıram.Mən sağam?Ürəyim şiddətlə
döyünür.İndi xatırladım. Mən heç evdə də deyiləm.Gecə yuxuda ikən öldürülməliydim.Özü
də bir xanım tərəfindən. Ona görə burdayam,otel nömrəsində.Sinəmdən 2-3 ve ya
başımdan bir güllə almalıydım. Ancaq hələ də sağam.Niyə?Bir dəqiqə,icazə verin
lap əvvəldən yadıma salım.
Mən varlı biznesmenəm.Pulumun,rəhbərlik etdiyim
şirkətlərin sayını deməyəcəm.Rəqiblərimin, düşmənlərimin sayını isə özüm dəqiq
bilmirəm.Yaxşısı budur dünən baş verənlərdən danışım. Mən təmtəraqla təşkil
olunmuş bir ziyafətə dəvət almışdım.Ora məndən başqa bir çox varlı iş adamları
da gəlmişdi.Hər şey adamın könlünü oxşayırdı.Gözəl xanımlar,içkilər,musiqi.Əsl
elit bir məkan.
Üzr istəyirəm ayaqyolunda olanda bir nəfərin içəri
girəndən sonra telefon danışığını eşitdim.Kiməsə ”o artıq burdadı,gəlib ona
yaxınlaşarsan” deyirdi. Sonra adımı çəkdi.İstər-istəməz səsi kəsdim.Ayaqüstəydim.Özümü
sıxıb dayandım.Qulaq asırdım.O adam "çalış onu özünə cəlb elə,içirt,otelə
gedin,sonra o yuxuda olanda bitir işini,nə bilim necə rahatdı sinəsinə
2-3,başına isə 1-i bəs edər,amma səsboğucuyla” deyib getdi.
Mən özümü təbii aparmağa çalışırdım.Kimin mənə
yaxınlaşacağını gözləyirdim.Budur qırmızı qısa donda,əsmər bir xanım gülümsəyərək
mənə tərəf gəlirdi.Elə bil Tia Karreradı.Sinəsi,ayaqları,yerişi onun uğrunda
ölməyi tələb edirdi.Zarafat eləyirəm bunu şairanə səslənməsi üçün dedim.Ölmək
fikrim yoxdur.Xanım mənə yaxınlaşdı,özünü təqdim etdi.Adını Ayuni dedi.Xeyr
yaponiyalı deyildi.Əsl adı Aynurmuş.Gözləri azca qıyıq olduğu üçün dostları onu
belə çağırırlar.Hə,sonra ordan-burdan danışdıq.Mənə içməyi təklif etdi.Düzü
eşitdiklərim yadımda idi.Bunun bir plan olduğunu anlayırdım.Mən də öz planımı
qurmuşdum.Planlarımızın ilkin mərhələləri tamamilə eyni idi.Tanış olmaq,içmək və
birlikdə otelə getmək.Saatı səhər 08:00-a qurmaq,qızın silahını gizlədib rahat
yatmaq.Bircə mənim planıma ölmək daxil deyildi.
Onu deyim ki Aynur xanım çox cəlbedici idi.Açığı
ehtiraslı baxışı və cazibəsi ilə silahsız da adam öldürə bilərdi.Ovsunlu
gülüşündən tez-tez istifadə edirdi.Beləliklə mən onunla 2 badə martini içib
otelə getdim.Burda da o ofisianta cürbəcür içkilər sifariş etdi.Çox içməməyə
çalışırdım..Ancaq daha 4-5 badə və mən bu gecə öldürüləcəyimi tamam
unutdum.Sonra bunlar yadıma gəlir ki,o mənim üçün ehtiraslı rəqs elədi.Biz
qucaqlaşdıq,səhv eləmirəmsə öpüşdük də,o soyundu.Mənim əynimdən köynəyimi də o
çıxartdı.Daha sonrası yadımda deyil. Bircə onu xatırlayıram ki, saatı əvvəlcədən
qurmuşdum,ancaq silahını tapıb gizlətməmiş içkinin təsirindən yuxulamışdım.
İndi isə oyanmışam.Bunları xatırlayıb sizə
danışdıqca daha 3 dəqiqə keçdi.Saat 07:59 dəqiqədir.Hərəkətsiz uzanmışam.Hələ də
çevrilməyə cəsarət eləmirəm.Bəlkə o məni indicə öldürəcək.1 dəqiqə vaxtı var hələ.Qalxacam.Elə
başımı qaldırmaq istəyirdim ki,arxamda tərpəniş hiss etdim.Soyuq bir şey kəlləmə
dirəndi.Yəqin ki bu tapançanın səsboğucu lüləyidir.Vəssalam,bu da axmaqlığımın
finalı.Nəfsimin uğursuz planı.Bəxtimin sunami yaxınlaşan limanı.Ölüm anında bu
poyeziyaya nə ehtiyac var,düşünə bilərsiz.Mən də sizlə razılaşaram.Cəld tərpənə
bilmərəm.Tətiyi o saat çəkə bilər.Ancaq biraz bəxtim gətirsə saat zəng
çalacaq.Bu zaman onun fikri yayına bilər və mən nəsə edə bilərəm.Gözüm saatın
saniyələrindədir.Artıq 30 saniyə.Susuram,tərpənmirəm...20 saniyə,19,18,17.Ay
Allah özü də bu gün ad günümdür..Yox qoy heç olmasa nəsə deyim.
-Sabahın xeyir,canım.
Görəsən xeyri olacaq.12 saniyə,11,10.
-Nə tez durmusan.Dünən yora bilməmişəm səni deyəsən.
Bu nə axmaq cümlə idi.Hələ 6 saniyə
qalıb...3,2,1.Zibil saat.Zəng çalmadı.
-Saatın zəngini söndürmüşəm.
Nəəə?İnanmazsız bunu deyən o deyildi.Nərminin səsi
idi.Bitdim mən.O burda neynir, Aynurun silahı da əlində.Nərmin mənim həyat
yoldaşımdır.2 ildir evlənmişik.
-Nərmin,əzizim sən burda neynirsən?D dd
dayan,sakit ol ,o silahı başımdan çək,izah eləyim sənə.
O dediyim kimi etdi.Mən tərəfdən çarpayının
altından şampan şüşəsinin diyirlənib çıxdığını görəndə,başıma dirənən silah
sandığım , soyuq bir şeyin əslində nə olduğunu anladım.Mən qalxıb oturdum.Nərmin
ayağa qalxıb dayanmışdı.
-Deməli belə,hə,dünən sənə zəng edəndə nə dedin
mənə?Dedin ki,əzizim,dostum ziyafətdə zəhərlənib onu xəstəxanaya aparıram,evə
gec gələcəm.Narahat olma canım mən yaxşıyam,heç nə yeməmişəm.Burdakı yeməklər sənin
bişirdiyin yeməklərin yanında heç nədir.Ona görə ağzıma bir tikə də
qoymamışam.Bunları mənə sən dedin.Bəs burda nə azzarın var hmm?
Sizcə ona özümə bəraət qazandırmaq üçün nə deyə
bilərdim.Bir fikirləşin.Bilirəm indi deyəcəksiz ki,nə deyəsən,hər şey göz
qabağındadır.Ən yaxşısı tutarlı izah fikirləşənə qədər ona sual verim.Mütləq
cavab verəcək.Çünki ürəyi dolu olanda,əvvəlcə ürəyini boşaldır,sonra mənə
danışmağa imkan yaradır.
-Sən burda neynirsən,hə?
-Mənim bacım,bu oteldə,işə düzəlib.Resepşn.Növbəsin
təhvil verib çıxanda siz gəlmisiz.Dərhal mənə zəng eləyib xəbər verdi.Əvvəl
inanmadım.Dedim ola bilməz.Gəldim ki öz gözlərimlə görüm.Nə gözünü bərəldib
baxırsan?Hə narahatsan o əsmər, uzun ayaq məstanın hardadır.Saçını yolub göndərdim.Heç
nə eşitmədin?Nə ölü kimi yatmışdın.Çox içirtmişdi səni hə?
Heç bilməzsiz,mən ürəyimdə canım Nərminə nə qədər
təşəkkür edirdim.O mənim həyatımı xilas eləyib.
Ayağa qalxıb geyinməyə başladım.
-Bağışla canım ,dedim.Əslində sən belə başa
düşmüsən.Ancaq bax mən sənə izah etsəm görəcəksən ki,görərsən ki,burda başqa
bir məsələ var.Mən ...
-Susss,yaxın gəlmə.
Onunla üzbəüz dayanmışdım.Günahımı dərk eləyirdim.Elə
bu vaxt saat zəng çaldı.08:06 dəqiqədə.
-Saatı bu vaxta sən qurmusan.08:06 -ya?
-Hə.8-i altıncı ay.Bu gün axı sənin ad günündü.
-Ay Allah.Unutmamısan.Çoxsağol ürəyim.
Mən saatın səsin almağa gedə-gedə zarafatca
soruşdum.
-Yəqin ki hədiyyəm də hazırdı.
Heç cürə saatın səsin ala bilmirdim.
-Zibil bunun səsi niyə alınmır.
-Çünki zəng çalan saat o deyil .
Elə Nərminə tərəf çevriləcəkdim ki, bu vaxt
başıma nəsə çırpıldı.
-Bu da sənin hədiyyən,heyvan.
Yerdə uzanmışam.Gözümün qabağında sınıq-sınıq
olmuş hədiyyəm.Ay nə gözəl, o ad günümə zəngli saat almışdı.