"Görülən işlər 2022-ci ilə daha böyük inamla qədəm qoymağa stimul verir"

Milli Məclisin deputatı Məşhur Məmmədov SİA-AZ-a müsahibə verib. SABAHİNFO.AZ msahibəni təqdim edir:

- Məşhur müəllim, iki il öncəyə qədər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər bir azərbaycanlının təbrikində bu arzu ifadə edilirdi ki, növbəti ildə ərazi bütövlüyümüz bərpa olunsun, üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalansın. Artıq 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə torpaqlarımıza qovuşduğumuz üçün qürurluyuq, 2020-ci ilin sonundan Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərə nail olmaq üçün addımlar atılır. Keçilən yola bir daha nəzər salmağınızı istərdik…

- Bu sevinci xalqımıza, bütün dünya azərbaycanlılarına yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitlərinə minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara rəhmət diləyirik. Dövlət başçısı İlham Əliyevin doğum günündə işğaldan azad edilmiş ərazilərimizə - Hadrut qəsəbəsinə, Qarabağın tacı, Azərbaycanın ürəyi, mədəniyyət paytaxtımız Şuşaya səfəri də özündə bütün çağırışları ehtiva edir. Şuşanın Cıdır düzündən xalqa həm təbriklərinə, həm də göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən cənab İlham Əliyev bir daha böyük qürur hissi ilə qeyd etmişdir ki, bu gün azad Qarabağda, Zəngəzurdayıq. Bu torpaqların sahibləri qayıtmış və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Xalqımız bir amal, müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.

44 günlük Vətən müharibəsinin ilk günlərindən Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Azərbaycan yalnız hərb meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də üstünlüyünü dünyaya nümayiş etdirdi. Azərbaycan ötən illər ərzində qalibiyyəti şərtləndirən bütün amillərin təmin olunmasına səy göstərdi. Son 18 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təməl üzərində Azərbaycanı daha yüksək zirvələrə doğru apardı. Dövlətin qətiyyəti, xalqın iradəsi, qüdrətli iqtisadiyyat, güclü ordunun mövcudluğu və xalqla birliyi, bir amal uğrunda həmrəylik, mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin qazanılmasında başlıca şərtdir. Haqqın, ədalətin bərpa edilməsi naminə başlanan 44 günlük Vətən müharibəsi xalq-iqtidar-ordu birliyinin qarşısıalınmaz, yenilməz güc olduğunu bütün dünyaya bəyan etdi. 44 günün hər gününü Azərbaycan tarixinə Qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı burada hərbi hissənin açılışındakı nitqində də həmin məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş, Azərbaycan Ordusu isə müzəffər ordudur!

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı. Ermənistan və ona 30 ilə yaxın dövrdə dəstək verib münaqişəsinin həllini uzadan dövlətlər, beynəlxalq təşkilatlar da artıq bu reallıqlarla barışır. 2021-ci ilin yanvarında Rusiya və Azərbaycan Prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabr ayında Soçi görüşləri, dekabr ayında isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü son bir ildə tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyinin aydın mənzərəsini təqdim edir. İşğalçı Ermənistanın ölkəmizin təklif etdiyi sülh müqaviləsini imzalamaqda maraqlı olması Azərbaycanın diktə edən tərəf kimi rolunu nümayiş etdirir. İqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması, bölgədə yeni əməkdaşlıq formatlarının yaradılması dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini vacib amil kimi öndə saxlamağı tələb edir. Hazırda dünya güclərinin bu məqsədə dəstəkləri özünü aydın şəkildə büruzə verir. Bütün bunlar Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin, uğurlu siyasətinin nəticəsidir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını məhz Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlara uyğun atdığı addımlar və qazanılan uğurlar fonunda qeyd edirik. Bunun üçün qürurluyuq.

- 2021-ci il, eyni zamanda, pandemiya ilə mübarizənin dərinləşdiyi dövr kimi də xarakterizə oluna bilər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq aləmdə necə qəbul olundu?

- Cari ildə görülən işləri dəyərləndirmək üçün koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə, irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinə diqqət yetirmək lazımdır. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

Belə gözlənilməz hadisələr hər bir ölkənin hazırlıq səviyyəsinin, malik olduğu imkanların təqdimatında mühüm rol oynayır. Azərbaycan hərtərəfli inkişafını təmin etmək üçün kompleks tədbirlər həyata keçirdiyini nümayiş etdirdi. Bu mübarizənin xəstəliklə bağlı olması bir çox məqamlara aydınlıq gətirdi. Bu baxımdan ki, dünyanın iri dövlətlərinin səhiyyəsi belə buna hazır olmadığını təsdiqlədi. Amma Azərbaycanın səhiyyə sistemi tez bir zamanda COVİD-19-la mübarizəyə səfərbər edildi. Ölkə Prezidenti insanların sağlamlığının təmin edilməsi ilə yanaşı, onların sosial müdafiəsinin gücləndirilməsi üçün iqtisadi islahatları dərinləşdirilməsini, sosial layihələrin təxirə salınmamasını qarşıya mühüm vəzifə kimi qoydu. Ümumdünya Səhiyyə Təşkilatının ilk gündən Azərbaycanla bağlı proqnozu belə oldu ki, koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxacaq.

Azərbaycanın beynəlxalq səviyyədə təşəbbüsləri də böyük dəstək qazandı. Qlobal problemə qarşı birgə mübarizənin vacibliyini önə çəkən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu təşəbbüslərə dəstək Azərbaycanla yanaşı, ölkə Prezidenti İlham Əliyevin nüfuzunun, ona olan inam və etimadın göstəricisidir.

Onu da qeyd edək ki, çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Azərbaycan 2021-ci ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına start verib. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərib. Bütün bu addımlar ölkəmizin humanizm prinsiplərinə, ədalətə verdiyi önəmin təqdimatıdır. Məqsəd bütün ölkələrin koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxmasına dəstək olmaqdır. Azərbaycanın ədalətin, beynəlxalq hüququn bərpası istiqamətində göstərdiyi səylər, həmçinin COVİD-19-la birgə mübarizəyə töhfələri Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizin quruma sədrlik dövrünün bir il uzadılması barədə qərarında da əhəmiyyətli rol oynadı.

- Məşhur müəllim, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri 2022-ci il üçün nəyi vəd edir? Soydaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirlər...

- Ərazilərimizin işğaldan azad olunmasından dərhal sonra genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib. Son bir ildə bu istiqamətdə görülən işlərə diqqət yetirsək onların miqyasının ölçüyəgəlməz dərəcədə geniş olduğunu görərik. Bir məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 30 ilə yaxın dövrdə ermənilər bu ərazilərdə bütün evləri, infrastrukturu, mədəni və dini abidələrimizi dağıdıblar. Onların bərpası, yaxud yenidən qurulması zaman tələb edir. Eyni zamanda, bu ərazilərdə bərpa və quruculuq işlərinin sürəti minaların təmizlənməsindən asılıdır. Bu proses də xeyli vaxt və maliyyə vəsaiti tələb edir. Hansı ərazilər minalardan təmizlənib orada bərpa və quruculuq işləri sürətlə aparılır. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu istifadəyə verildi. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının tikintisi nəzərdə tutulub. Biri istifadəyə verildi, digər ikisinin tikintisi davam edir. Üç hava limanının inşası, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü həyata keçirilib. Yeni iki - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Ölkə Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Nəzərdə tutulan dövr ərzində beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

İşğaldan azad olunmuş ərazilərdə icra olunan və olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. Yaxın vaxtlarda bu layihənin tam başa çatacağı gözlənilir. Ağalı kənd sakinlərinin Böyük Qayıdışı üçün bütün imkanlar yaradılır. Belə müasir layihələr bütün digər ərazilərdə də icra olunacaq. Bu ərazilərimizdə tarixi və dini abidələrimizin bərpası istiqamətində mühüm addımlar atılır. İşlərin kompleks həyata keçirilməsində yeni idarəçilik sistemi əsas rol oynayır.

Görülən işlər 2022-ci ilə daha böyük inamla, xoş əhval-ruhiyyə ilə qədəm qoymağa stimul verir. Birliyimiz, həmrəyliyimiz sayəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini də yüksək səviyyədə başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı təmin olunacaq. Bu ərazilərimizin iqtisadi potensialı ümumilikdə ölkə iqtisadiyyatına yönəldilməklə dayanıqlı inkişafa böyük töhfələr verəcək. Uğurlarımızın fonunda gələcəyə böyük nikbinliklə baxmalıyıq. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla malik olduğu imkanları, ən əsası həyata keçirdiyi siyasətin hədəflərini açıqladı. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda böyük uğurlar gözləyir.