Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin ailəsini ziyarət etdim. Sumqayıt şəhər, 6-cı mikrorayonda yaşayan şəhid ailəsi təmsil etdiyim seçki dairəsinin seçicilərindəndir.
Şəhidimizin ailəsi ilə görüşdə onların qayğıları, müraciətləri və gündəlik həyatlarında qarşılaşdıqları məsələlərlə maraqlandım. Söhbətimiz zamanı Şəhriyar Quliyevin Vətən qarşısındakı xidmətindən, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqdan danışdıq, şəhidimizin keçdiyi şərəfli yolu xatırladıq və əziz xatirəsini dərin ehtiramla yad etdik.
Bizi böyük qonaqpərvərliklə qarşılayan şəhidimizin həyat yoldaşı Pərvin xanıma təşəkkürümü bildirirəm. Belə görüşlər zamanı bir daha Azərbaycan qadınının necə böyük mənəvi gücə, dözümə, mərdliyə və ailəsinə bağlılığa malik olduğunun şahidi oluruq. Vətən müharibəsinin ağır sınaqlarında həyat yoldaşını Vətənə qurban verən qadınlarımızın öz ailəsini qoruyub yaşatması, övladını böyütməsi, şəhidimizin adını və xatirəsini yaşatması qarşısında böyük hörmət hissi keçirirəm. Azərbaycan qadını hər zaman ailənin dayağı, övladın tərbiyəçisi, milli dəyərlərimizin qoruyucusu olmaqla yanaşı, Vətənin ən ağır günlərində də öz iradəsi və mətinliyi ilə seçilib. Şəhid xanımlarımızın həyatında bu mənəvi gücün nümunələrini görürük. Onların hər birinin taleyində həm böyük bir itki, həm də Vətən qarşısında sonsuz sədaqət dayanır.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətimizin vacib istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən ardıcıl siyasət dövlətimizin öz qəhrəman övladlarının ailələrinə münasibətinin bariz ifadəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qadınlara və uşaqlara göstərdiyi diqqət və qayğı da bu dövlət siyasətinin əsas mənəvi dayaqlarındandır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı sosial və humanitar layihələr insanların həyatına toxunur, ailələrin və uşaqların gələcəyə inamını gücləndirir.
Şəhriyar Quliyev kimi qəhrəmanlarımızın bizə əmanət qoyduğu övladları isə Vətənimizin gələcəyidir. Şəhidimizin övladları bizim üçün də əzizdir. Onların sağlam, xoşbəxt və layiqli vətəndaşlar kimi böyüməsi, atasının adını və şərəfli yolunu gələcəyə daşıması hər birimizin mənəvi məsuliyyətidir.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə göstərilən diqqət və qayğının daim davam etdirilməsini vacib hesab edirəm. Şəhid ailəsinin qapısını döymək, halını soruşmaq, sevincinə və kədərinə şərik olmaq bizim üçün mənəvi borcdur. Şəhriyar Quliyev kimi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adı və əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Hicran Hüseynova
Milli Məclisin deputatı