Hicran Hüseynovadan bələdiyyələrlə bağlı təklif

Yerli özünüidarəetmə  demokratik cəmiyyətin mühüm bir ictimai institutdur. İstənilən idarəçiliyin əsas məqsədlərindən biri qarşıya qoyulmuş hədəflərə daha səmərəli və effektiv vasitələrlə çatmaqdan ibarətdir. Bu mənada bələdiyyələrin xüsusi rolu vardır. Elə Hesabatdan da göründüyü kimi, ölkəmizdə bu institutun inkişafı diqqət mərkəzindədir. Qeyd etmək istəyirəm ki, Hesabat qısa, lakonik, eyni zamanda peşəkar səviyyədə hazırlanmışdır. Bələdiyyələrdə  gənclərlə iş və idman, gender bərabərliyi siyasəti və gender komissiyalarının yaradılması çox mühüm nəticədir. Bu fəaliyyətin daha da genişlənməsi üçün tövsiyələrin hazırlanması da müsbət haldır. 
  Bir çox ölkələrin təcrübəsinə əsaslanaraq, deyə bilərəm ki,  bələdiyyələr müvafiq komissiyalar yaratmaqla yerli səviyyədə bir çox problemlərin qarşısının alınmasına öz töhfələrini verirlər. Məsələn, Avropa ölkələrində, Türkiyədə, Orta Asiyada, Gürcüstanda yaxşı təcrübələr var. Ailə, qadın və uşaq məsələləri ilə bağlı həmin ölkələrin bələdiyyələrində xüsusi komissiyalar yaradılmışdır. Onlar davamlı olaraq maarifləndirmə və profilaktiki işlər aparır,  məişət zorakılığı qurbanları üçün sığınacaq yaradırlar. Türkiyədə isə bələdiyyələrdə qızların təhsildən yayınma, erkən nikah hallarının aradan qaldırılması üzrə xüsusi proqramlar var. Həmçinin yerlərdə ailədaxili münaqişələrin sayının azaldılması üçün “ailə psixoloqu” layihəsi həyata keçirilir və  vətəndaşlara pulsuz xidmət göstərilir.  Hesabatda Ankara şəhər bələdiyyəsi ilə aparılan təcrübə mübadiləsi haqqında məlumat verilir. Təklif edirəm ki, bu sahədə işlər daha da gücləndirilsin. Beynəlxalq Təşkilatlarla əməkdaşlıq daha da inkişaf etdirilsin. 
Qadınların yerli idarəetmə orqanlarında təmsilçiliyi artır, pozitiv dinamika var. Çox yaxşı haldır ki, İdarəçilik Akademiyasında fakültativ kurslarda iştirak etməklə, peşəkar səviyyələrini artırırlar.  Aydındır ki, yerli problemləri həmin ərazinin bələdiyyələrindən daha yaxşı kimsə bilə bilməz. Bu baxımdan bələdiyyələr yerli sosial müdafiə və sosial inkişaf proqramlarında daha aktiv iştirak edə bilərlər. Lakin əfsuslar olsun ki, onların səlahiyyətləri, insan və maddi-maliyyə resursları kifayət qədər deyil. Yaxşı olardı ki,  onların bu imkanları  daha da  gücləndirilsin.

Hicran Hüseynova
Milli Məclisin deputatı