İranla imzalanan Anlaşma Memorandumu iqtisadi suverenliyimizə güc qatacaq

Azərbaycanın inkişaf tempi, iqtisadi müstəqilliyinin tam bərqərar olması, bununla da siyasi suverenliyimizin güclənməsi, ən əsası isə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə göstərdi ki, Prezident İlham Əliyev özünün də dediyi kimi, nəyi nə zaman və necə edəcəyini gözəl bilir. Həqiqətən də mürəkkəb geosiyasi şəraitdə inkişafın kökündə bir tərəfdən dövlətimizin başçısının qətiyyəti dayanırsa, digər tərəfdən ölkəmizin iqtisadi inkişafının şaxələndirilməsidir. Yəni, Prezident İlham Əliyev bütün hallarda alternativlər taparaq Azərbaycanın kiminsə iradəsindən asılı olan deyil, alternativlər arasından seçim edən dövlətə çevirir. Belə olan halda, hər hansı layihə üzrə işləri dayandırmaq təhdidindən qurtulmaqla yanaşı, rəsmi Bakı layihəni kiminlə davam etdirəcəyi barədə müstəqil qərar verən diktəçəkən gücə çevrilir. Ötən gün Azərbaycanla İran arasında imzalanan yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu da bu baxımdan, sözün əsl mənasında, regionda Prezident İlham Əliyevin növbəti “ustad dərsi” oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmovun sözlərinə görə, bu layihə Qərbi Zəngəzurdan keçəcək dəhlizə etibarlı alternativ olsa da, Azərbaycanın Zəngəzur dəhlizindən vaz keçəcəyi demək deyil. Bölgədə diktə edən güc və qalib tərəf kimi diktə və seçim edən Azərbaycandır və heç bir dövlət, ələlxüsus da məğlub Ermənistan rəsmi Bakı qarşısında şərt qoyacaq güc və imkanda deyil. Bu mənada, İran ərazisindən keçəcək alternativ kommunikasiya bağlantılarına Azərbaycanın yeni seçimi yox, nəqliyyat-kommunikasiya imkanlarımızı genişləndirən və bizə alternativ imkan yaradan və iqtisadi suverenliyimizə güc qatan vacib və zəruri alternativlərdən biri kimi yanaşmalıyıq. Layihənin texniki tərəfləri aydındır, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərindən ibarət yeni kommunikasiya bağlantısı yaranır. Bu məqsədlə Araz çayı üzərində piyada keçidləri də nəzərə alınmaqla iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Anlaşma Memorandumunun əhəmiyyəti təbii ki, aydındır, lakin bəzi məqamların xüsusi qeyd edilməsinə ehtiyac var.

“Birincisi, Prezident İlham Əliyev bu sənədlə Azərbaycanın çevik və müstəqil siyasi qərarvermə imkanlarını ortaya qoydu. Təsəvvür edin, avtomobil yolu ilə bağlı layihə sənədləri bir ay, dəmir yoluna dair təkliflər isə cəmi 6 ay müddətinə hazırlanacaq.

İkincisi, Azərbaycan elə müstəqil və balanslaşdırılmış siyasi xətt yürüdür ki, qonşuları ilə ən ciddi layihələr üçün belə uzunmüddətli danışıqlara gərək qalmır. O cümlədən artıq İran Azərbaycanı güc, Prezident İlham Əliyevi milli maraqları rəhbər tutaraq təkstandartlı, açıq siyasət yürüdən, sabit və etibarlı siyasi tərəfdaş kimi qəbul edir, Bakıdan öz maraqları üçün təhdid görmür. Üstəlik, çoxsaylı sanksiyalara məruz qalan Tehran əvvəlki dövrdən fərqli olaraq bölgədə dalana dirənmiş Ermənistanla deyil, məhz Azərbaycanla daha sıx əməkdaşlığın faydalı olduğunun fərqindədir.

Üçüncüsü, Zəngəzur dəhlizi gündəmə gələrkən Qafqazın Şərqlə Qərb arasında tranzit habına çevriləcəyi artıq bəlli idi. Artıq İran ərazisindən dəhliz ideyası gündəmə gəlməklə isə Azərbaycan bu perspektivi daha da genişləndirmiş oldu. Daha dəqiq desək, Azərbaycanın Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirərək, nəqliyyat-kommunikasiya infrastrukturunun vacib həlqəsinə çevrilmiş oldu. Dövlətimizin başçısı İranla Anlaşma Memorandumunu imzalamaqla elə iqtisadi-siyasi konfiqurasiya formalaşdırdı ki, bu böyük enerji və nəqliyyat layihələrinin iştirakçısı olmaq istəyən hər bir beynəlxalq hüquq subyekti Bakının beynəlxalq hüququn prinsiplərini rəhbər tutan mövqeyi ilə hesablaşmalı olacaq”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputatın sözlərinə görə, nəhayət, Ermənistanın 44 günlük müharibədə rüsvayçı hərbi məğlubiyyətindən, habelə Soçi, Brüssel proseslərindəki diplomatik fiaskosundan sonra Prezident İlham Əliyev bu Anlaşma Memorandumu ilə rəsmi Yerevanı daha bir müstəvidə dalana dirədi. Ermənistan Zəngəzur dəhlizi üzərində mövcud olan kiçik təsir imkanından məhrum oldu, habelə ciddi tranzit və gömrük gəlirləri əldə etməsi perspektivi Azərbaycanın iradəsindən asılı vəziyyətə düşdü.