Kamaləddin Qafarov: “Milli sərvətlərimiz Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir”

“Bakının eyni günlərdə iki mühüm tədbirə ev sahibliyi etməsi təsadüfi uyğunluqdan daha böyük məna daşıyır”

Azərbaycan Respublikası Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında belə deyib.

O, bildirib ki, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı ilə Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq konfransın bir məkanda keçirilməsi Azərbaycanın mənəvi dəyərlərə, tarixi irsə və sivilizasiyalararası dialoqa münasibətini nümayiş etdirir. “Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər də bu yanaşmanın məzmununu aydın şəkildə ortaya qoydu. Azərbaycanın çoxəsrlik tarixində elə şəxsiyyətlər yetişib ki, onların irsi yalnız milli sərvət deyil, bütövlükdə Şərq və İslam mədəniyyətinin mühüm hissəsidir. Nizami Gəncəvi, Nəsimi, Yəhya Bakuvi və Füzuli kimi dühaların irsi bu gün də aktuallığını qoruyur. Prezidentin Yəhya Bakuvinin irsini xatırlatması Azərbaycanın mənəvi xəzinəsinin müxtəlif xalqları və nəsilləri birləşdirən ümumbəşəri dəyərlərlə zəngin olduğunu göstərir.”

Millət vəkili qeyd edib ki, Türk dünyası ilə Qafqaz arasında tarixi bağlılığın vurğulanması xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan bu iki məkanın kəsişməsində yerləşən və hər iki istiqamətlə sıx münasibətlər quran ölkədir. Qədim Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi və bu gün Azərbaycanın TDT-dəki fəal mövqeyi ölkəmizin regional əlaqələndirici rolunun əsaslarını göstərir. Prezident İlham Əliyevin çıxışında sülh, əməkdaşlıq və həmrəyliyin xüsusi yer tutması Azərbaycanın İslam dünyasına münasibətində ardıcıllığı göstərir. Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirərək idmanı xalqları yaxınlaşdıran vasitəyə çevirib. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də ölkəmizə göstərilən etimadın ifadəsidir. Azərbaycanın müxtəlif platformalarda birləşdirici mövqe nümayiş etdirməsi bu etimadın mühüm səbəblərindəndir. Görüşdə dini liderlərin sülhün təşviqində məsuliyyətinə diqqət yönəldilməsi də mühüm mesajdır. Dini liderlərin barışıq və əmin-amanlıq çağırışları böyük təsir gücünə malikdir. İslam həmrəyliyinin yalnız sözlə deyil, əməli addımlarla möhkəmləndirilməsi Prezident İlham Əliyevin yanaşmasının əsas cəhətlərindəndir. Nümayəndə heyətinin Qarabağa səfəri görüşün mənəvi yükünü daha da artırır. Ağdam, Xankəndi, Xocalı və Şuşada həm işğalın ağır nəticələrini, həm də bu gün aparılan genişmiqyaslı quruculuğu görmək mümkün olacaq. Dağıdılmış yaşayış məntəqələri, məscidlər və mədəni irs nümunələri keçmişin acı həqiqətlərini göstərdiyi halda, yeni şəhərlər və qayıdan insanlar Azərbaycanın yaratdığı reallığı nümayiş etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpa olunması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi Azərbaycanın tarixi torpaqlarında normal həyat mühitini də bərpa etdiyini göstərir. Bakıda keçirilən tədbirlər Azərbaycanın öz tarixi-mədəni irsinə sahib çıxan, Türk dünyasını və İslam aləmini birləşdirən, Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsinə töhfə verən dövlət kimi mövqeyini daha aydın göstərir”.