“Son 20 ilə yaxın dövrün iqtisadi mənzərəsinə diqqət yetirdikdə bu mühüm məqam özünü qabarıq şəkildə büruzə verir ki, enerji sektorundan asılılığın minimuma endirilməsi əsas hədəflərdəndir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində biri-birindən mühüm addımlar atılır. Qarşıya qoyulan hədəf regionların malik olduğu potensialdan səmərəli istifadəni bir zərurətə çevirdi. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələr arasında sağlam rəqabət gedir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarır ki, bu da Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərir. Belə ki, Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxıb. Ölkəmizin dayanıqlı iqtisadi inkişafını şərtləndirən amillər beynəlxalq maliyyə qurumlarının hesabatlarında xüsusi qeyd edilir. Hazırda Azərbaycanın bütün regionları inkişaf, tərəqqi dövrünü yaşayır. Paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülür. Təbii ki, hər bir bölgənin inkişafında yol infrastrukturu əhəmiyyətli rol oynayır. Beynəlxalq standartlara cavab verən yol-nəqliyyat sistemimiz mövcuddur. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyi düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində qazanıb. Azərbaycan yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili diqqəti iyulun 20-də dövlət başçısı İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanışlığa yönəldərək bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlayan zaman infrastruktur layihələrinin uğurlu icrası prioritet məsələ kimi öndə dayandı: “Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş ərazilərimizə, Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri zamanı Qarabağın tacı olan Şuşaya yeni avtomobil yolunun- Zəfər yolunun təməli qoyuldu. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Çox qısa zamanda, 2021-ci ilin 7 noyabr tarixində Zəfər yolunun tikintisi başa çatdırılaraq istifadəyə verildi. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb.”
Malik Həsənov vurğulayıb ki, Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və Sərəncamlar imzalanır: “İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub və olunur. Beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara cavab verir. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Digər bölgələrimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə də bərpa-quruculuq işləri çərçivəsində diqqət göstərilən əsas məsələlər sırasında yol-nəqliyyat infrastrukturu xüsusi yer tutur. Bircə faktı qeyd etmək kifayətdir ki, bu torpaqlarda 3 beynəlxalq əhəmiyyətli hava limanın inşası nəzərdə tutulub ki, onlardan ikisi artıq tikiliib istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə istifadəyə verildi. Qarabağın hava qapısının dünyaya açılması həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır.”
Millət vəkili dövlət başçısı İlham Əliyevin iyulun 20-də Cəlilabad rayonuna, həmçinin Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfərlərini də xüsusi qeyd edib: “Bu səfərlər bir daha təsdiqləyir ki, son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da, digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin bölgələrə səfərləri sistemli xarakter alıb. Hər səfər müəyyən yeniliklərlə, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Qeyd edək ki, son illərdə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, peşə təhsilinin yeni çağırışlara uyğunlaşdırılması, peşə təhsil müəssisələrinin rolunun və statusunun yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür.”
Malik Həsənov belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, hazırda işğaldan azad edilmiş ərazilərimizlə paralel olaraq digər bölgələrimiz də özünün yeni inkişaf mərhələsini yaşayır. Kompleks tədbirlər ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində əsasdır.