Zəngin, füsünkar təbiətə, müxtəlif coğrafi, iqlim xüsusiyyətlərinə malik Vətənimizin hər bir quşəsi, o cümlədən şəhər, rayon və kəndlərimiz bizim üçün, bütün Azərbaycan xalqı üçün canından belə əzizdir.
1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan Azərbaycan Respublikası artıq 35 ilə yaxın müddətdə davamlı olaraq inkişaf etməkdədir. Bu müddət ərzində ölkəmiz iqtisadi, sosial sahələr və beynəlxalq əlaqələrdə mühüm nailiyyətlərə imza atdı, hərtərəfli inkişafını təmin etdi.
Lakin, müstəqilliyimizin ilk illərində torpaqlarımıza göz dikmiş qəsbkar Ermənistan dövləti Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa hərbi təcavüz etdi. Təcavüz nəticəsində mədəniyyət incimiz Şuşa, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər və bir sıra digər şəhərlərimiz işğal altına düşdü, o dövrdə hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin əli ilə torpaqlarımızın bir hissəsi düşmənin nəzarətinə keçdi. Bu işğal 30 il müddətində Azərbaycan xalqının dinməz ağrısına çevrildi.
2020-ci ildə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini rəhbər tutan Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin Azərbaycanın müzəffər Ordusuna etdiyi əmr qəhərman xalqımızın igid övladları tərəfindən 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində ilk dəfə olaraq torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda regionlarımızın idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi.
Təsadüfi deyil ki, keçdiyimiz altı ildə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi Şərqi Zəngəzur və Qarabağ İqtisadi Zonalarını regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, xalqımızın rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçətanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir.
Bu günlərdə xalqımız Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Laçın şəhərinin işğaldan azad olunmasının ildönümünü qeyd edir. Birinci Qarabağ Müharibəsində böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib.
İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü;
Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Böyük Qayıdış çərçivəsində uzun fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə qayıdışı baş tutur. Azərbaycan Prezidentinin sakinlərlə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, ümumiyyətlə ölkə başçısının 2020-ci ildən Laçına 9 səfəri, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri nəinki diqqət mərkəzində olduğunu, eyni zamanda Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətini nümayiş etdirdiyini göstərir.
Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Sevindirici haldır ki, Laçına səfər edən qonaqlar Azərbaycan hökuməti tərəfinfən hayata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2025-ci ilin 13 iyun tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Laçının əvvəlki şöhrəti bərpa olunmaqdadır. Burada məskunlaşma siyasəti uğurla icra olunur. Belə ki, 31 ildən sonra, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.
Burada böyük nəqliyyat, sənaye, turizm infrastrukturu, həm də dədə-baba yurdlarına qayıdan soydaşlarımız üçün lazımi bütün şərait yaradılır. Təsadüfi deyil ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur.
Əlavə olaraq, Laçın şəhəri digər dost dövlətlərin şəhərləri ilə də qardaşlaşır. Keçdiyimiz günlərdə, 23 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında “Laçın şəhəri ilə Buxara şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” imzalanmışdır.
Eyni zamanda, dünyanın mötəbər tədbirlərinə ev sahibliyi edən Azərbaycan bu il sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platforma olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etdi.
Həmin tədbirdə ölkəmiz doğma Qarabağımızda həyata keçirilən müasir və yeni texnologiyalarla zəngin şəhərsalma qaydalarının, məskunlaşma siyasətinin vacib prosedurlarının, eyni zamanda tarixi irsin qorunması işininin milli konsepsiya olaraq tətbiq olunmasını bütün dünya ictimaiyyətinə böyük fəxarət hissi ilə təqdim etdi.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Regional məsələlər
komitəsinin üzvü