Laçınlıların yurd arzusu

 

Vətən müharibəsində şanlı Zəfərimizin nəticəsi olaraq Laçın rayonu da erməni işğalından azad olundu

 İşğal olunmuş rayonlarımızın ağrısını bütün xalqımız, dünya azərbaycanlıları çəkirdi. Amma etiraf olunmalıdır ki, həmin rayonların sakinləri mənəvi və maddi olaraq daha çox bu əzabı çəkirdilər. Çünki onlar birbaşa olaraq o faciəli günlərin şahidi olub, eləcə bu tarixi yaşamışdılar. Gündən-günə torpaq həsrəti onların içindən böyüyürdü...Və nəhayət, 30 ildən sonra, 2020-ci ildə 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz bu həsrətə son qoydu. Vətən müharibəsində şanlı Zəfərimizin nəticəsi olaraq Laçın rayonu da erməni işğalından azad olundu. 30 ilə yaxın Laçından kəndarda yaşasalar da, laçınlılar öz doğma dədə-baba torpaqlarını unutmayıblar. Bu illər ərzində laçınlılar arasında vətənpərvər nəslin yetişib. Artıq laçınlılar Laçının işğaldan azad olunan gününü-1 dekabrı böyük fəxr hissi ilə qeyd edirlər. Laçın rayonunun işğaldan azad olunması ilə bağlı rayon sakinləri tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunur. Xatırladaq ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. O zaman Ermənistan Qarabağı özlərinə birləşdirmək üçün bütün cəbhələrdə hücuma keçmişdi. Laçın – Şuşa yolunu öz nəzarətlərinə almaq üçün müxtəlif variantlar televiviziya ekranlarından səsləndirilirdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

1992-ci il mayın 18-də erməni işğalçılarının Laçının rayonunun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Belə ki,  217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Bütün bunlar Ermənistanın təzavüzkarlığının, qəsbkarlığının əyani sübtudur. Dünya artıq bunu görür. İşğaldan azad olunan rayonlara gələn əcnəbi jurnalistlər, diplomatik korpus nümayəndələri erməni vəhşiliklərini gördükcə, bir daha bu xalqın milli kimliyinə, etdiklərinə şahid olurlar. Ermənilər Laçında və işğaldan azad olunan digər rayonlarda etdikləri bu vandalizm əməlləri artıq tarixi sübtlardır. Eyni zamanda, erməni dağıntılarından ibarət olan yerlərin də tarixi sübut olaraq saxlanılması önəmlidir. Bu baxımdan işğaldan azad olunan rayonlarda İşğal və Zəfər muzeyləri kompleksinin tikilməsi mühüm əhəmiyyət daşıyır. Bu layihənin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Hər bir kompleks İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarətdir. Əsasən İşğal Muzeyi ermənilərin işğal zamanı vandallığının əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır.

Bu gün Azərbaycan dövləti Laçında böyük infrastruktur layihələrinə başlayıb. Laçın bərpa olunur. Laçının tarixi siması özündə saxlanılır. Bu bərpa işlərində Laçının coğrafi şəraitinə uyğun olaraq istehsalat, kənd təsərrüfatı potensialı nəzər alınır. Xüsusən Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.

Laçınlıların Laçına qayıtmaq ümidi üzülməmişdi. Onlar öz dövlətlərinə, Ali Baş Komandana inanaraq bu günün gələcəyini, Qarabağın, Laçının işğaldan azad olunması üçün tarixi zəminin yaranacağını gözləyirdilər. Artıq Laçın rayonu doğma sahiblərinə qayıdıb. Laçınlıların torpaq, yurd arzusu gerçəkləşib.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent